DİN Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirov artıq 2 aya yaxındır ki, Qobustan həbsxanasından Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasına köçürülüb. Onun DIN Baş Cinayət Axtarış İdarəsinin sabiq əməliyyat müvəkkili Hacı Məmmədovun ifadələrinə əsasən dindiriləcəyi bildirilmişdi.
Lakin sabiq polis generalının vəkili Adil İsmayılov Lent.az-a bildirdi ki, iki aya yaxın müddətdə müdafiə etdiyi şəxsi dindirməyiblər. Vəkil, onun nədən bu qədər vaxtda istintaqa cəlb edilməməsinin səbəbini bilmir. Qeyd edək ki, məhkəmə qərarına əsasən, yeni istintaq hərəkətləri həyata keçirmək üçün Nəsirov 2 ay müddətində Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında qalmalıdır.
Vəkil bildirir ki, Zakir Nəsirovu artıq bu hərəkətsizliklə bağlı istintaq orqanına şikayət edib. Ancaq xeyli vaxt keçməsinə baxmayaraq, şikayətə heç bir cavab verilməyib. Vəkil özü isə yuxarı instansiyalara şikayət etmək fikrində deyil: “Şikayət etməyin mənasını görmürəm. Onsuz da bundan əvvəlki şikayətlərimiz də cavabsız qalıb. Məsələn, Zakir Nəsirovun öz müraciəti cavabsız qalır”.
Hazırda Zakir Nəsirovla eyni təcridxanada Hacı Məmmədov da saxlanılır. Onun yeni ifadələrinə əsasən saxlanıldığı bildirilir. Bundan başqa, H.Məmmədov mərhum jurnalist Elmar Hüseynovun cinayət işini araşdıran istintaq tərəfindən də dindirilir.
Bəs iki aylıq müddət bitdikdən sonra Nəsirov Qobustan həbsxanasına qaytarılacaqmı? Bu sualın da cavabı hələ ki, yoxdur. Məhkəmə qərarı ilə vaxt yenidən uzadıla bilər.
Xatırladaq ki, sabiq polis generalı rəisi olduğu idarədə baş əməliyyat müvəkkili kimi çalışan Hacı Məmmədovun cinayət işləri (adam oğurluğu, silsilə qətllər, qanunsuz dəstə, silah saxlama və s.) ilə əlaqədar həbs edilərək, ömürlük azadlıqdan məhrum olunub.
Səbinə Əvəzqızı
Zakir Nəsirov istintaqdan şikayət edib
3826