Oktyabrın 9-da keçirilən prezident seçkilərində prezidentliyə müstəqil namizəd olmuş deputat Zahid Oruc siyasi partiya və ya təşkilat yaratmaq fikrində deyil.
Bu barədə Lent.az-a açıqlamasında o özü məlumat verib. Z.Oruc deyib ki, hazırda hansısa siyasi partiya, hərəkat və ya beyin mərkəzi yaratmaq niyyəti yoxdur və belə bir fəaliyyət içərisində deyil: “İndi və yaxın gələcəkdə heç bir siyasi beyin mərkəzi və ya qurum yaratmaq niyyətim yoxdur və istiqamətdə heç bir iş görmürəm”.
Z.Oruc Milli Məclisin bugünkü iclasında prezidentliyə namizəd olana qədər üzvü olduğu Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə bir yerdə əyləşməməsi məsələsinə də toxunub. O deyib ki, F.Ağamalı ilə aralarında bu günə qədər yaşanan münasibətlər hər kəsə aydındır və bu səbəbdən də AVP sədri ilə yanaşı oturmamasında qaranlıq məqam olmamalıdır: “Bununla belə, mən keçmiş partiyadaşımla bağlı hər hansı neqativ bir şey söyləmək fikrində olmadığımı bir daha bəyan etmək istəyirəm”.
F.Ağamalı ilə küsülü olub-olmadığını barədə suala da cavab verən Z.Oruc deyib ki, bu bir qədər şəxsi məsələ olduğu üçün buna aydınlıq gətirmək fikrindən uzaqdır.