Yaponiyada əhalinin uzunömürlü olmasının əsas səbəblərindən biri Yaponiya səhiyyəsinin yüksək səviyyəsidir”
Yaponiyanın Azərbaycandakı səfiri Suquo Takahaşinin APA-ya müsahibəsi
- Hörmətli səfir, Azərbaycan və Yaponiya arasında münasibətlərin mövcud inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
- 2012-ci ildə biz Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin 20-ci ildönümünü qeyd etdik. Bütün bu illər ərzində bizim münasibətlərimiz kifayət qədər uğurla inkişaf edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra Yaponiya ölkənizin inkişafına müxtəlif formada dəstək göstərir. İqtisadi əməkdaşlıq sahəsində yapon şirkətləri enerji hasilatı ilə bağlı layihələrdə iştirak edir. Son illər Yaponiya işgüzar dairələri qeyri-enerji sektorunda əməkdaşlığın inkişafına da böyük maraq göstərir. Mən düşünürəm ki, ölkələrimiz arasında əməkdaşlığın sonrakı inkişafı üçün böyük potensial var. Mədəniyyət və humanitar sahələrdə də ikitərəfli əlaqələr inkişaf etməkdədir. Azərbaycanda yapon dili üzrə mütəxəssislərin sayının tədricən artmasından şad olduğumu qeyd etmək istəyirəm. Ötən ilin noyabrında Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri arasında dostluq və mədəni mübadilə haqqında saziş imzalanıb.
- Yaponiyanın Azərbaycandakı keçmiş səfiri Şusuki Vatanabe yapon iş adamlarının Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda maraqlı olduqlarını bildirmişdi. Yapon iş adamları üçün hansı sahələr daha cəlbedicidir?
- İndiyə qədər Yaponiya şirkətləri əsasən enerji layihələrində iştirak ediblər, lakin son illərdə, məndən əvvəlki səfirin qeyd etdiyi kimi, bir çox yapon şirkətləri neft-kimya, neft-qaz emalı, tibbi, yüksək texnologiyalar və kosmik sənaye kimi sahələrdə əməkdaşlıq imkanları ilə maraqlanır. Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun bu yaxınlarda Yaponiyaya etdiyi səfər yeni sahələrdə əməkdaşlığın inkişafına kömək edəcək.
- Ötən il ilk dəfə Yaponiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib və tərəflər bu sahədə əməkdaşlıq sazişi imzalamaq barədə razılığa gəliblər. Saziş imzalanmaq üçün nə vaxt hazır olacaq və tərəflər üçün hansı imkanlar açacaq?
- Yaponiya müdafiə nazirinin müavini Masahisu Satonun Azərbaycana səfəri uğurlu olub və onda yaxşı təəssürat oyadıb. Müdafiə sahəsində əməkdaşlığa gəlincə, qeyd etmək istərdim ki, Yaponiyanın bu sahədə hansısa ölkə ilə əməkdaşlıq etməsi Konstitusiya ilə məhdudlaşdırılıb. Yaponiya Konstitusiyası ölkənin özünümüdafiə qüvvələrinin xaricdə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb, xüsusən silah ixracı qəti şəkildə qadağandır. Lakin BMT xətti ilə ölkə xaricində humanitar və sülhməramlı fəaliyyət həyata keçirmək olar. Yaponiya sülhməramlı qüvvələri BMT-nin Kamboca, İraq, Somali, Sudan kimi ölkələrdə həyata keçirdiyi sülhməramlı əməliyyatlarda iştirak ediblər. Əlavə etmək istərdim ki, Yaponiya hökuməti təbii fəlakətlərin nəticələrinin ləğvi, eləcə də dünya birliyi ilə bərabər sülhün dəstəklənməsinə fəal töhfə vermək niyyətindədir. Yəqin ki, bu sahədə Azərbaycanla da əməkdaşlıq imkanı olacaq.
- İki ölkə arasında iqtisadi əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? Ticarət dövriyyəsinin həcminə dair son rəqəmlər necədir?
- Yaponiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr uğurla inkişaf edir. Təəssüf ki, ticarət dövriyyəsinin bugünkü həcmi o qədər də yüksək deyil. 2012-ci ildə ümumi ticarət həcmi 172 milyon ABŞ dolları təşkil edib. Yaponiyanın digər tərəfdaşları ilə müqayisədə bu, çox kiçik göstəricidir. Məsələn, Yaponiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 275 milyard dollar, ABŞ-la 160 milyard dollar, Rusiya ilə 31 milyard dollardır. Ona görə də qeyd etmək olar ki, bizim ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensial mövcuddur. Rəsmi məlumatlara əsasən Yaponiya Azərbaycandan neft və neft məhsulları, əlvan metallar idxal edir, Azərbaycan isə Yaponiyadan elektron məişət texnikası, avtomobil, qara metallar alır.
- Hazırda Azərbaycanda neçə yapon şirkəti fəaliyyət göstərir?
- Hazırda Bakıda azsaylı yapon şirkətlərinin ofisləri var. Lakin çoxlu sayda yapon iş adamı Bakıya ezamiyyətə gəlir. Onlar təkcə enerji deyil, digər sahələrdə də Azərbaycanla əməkdaşlığın inkişafına böyük maraq göstərir.
- Azərbaycan və Yaponiya texnologiyaların istehsalı sahəsində əməkdaşlıq planlaşdırırdı. Bu sahədə hansısa layihə həyata keçirilibmi?
- Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlığının əsasını ənənəvi olaraq enerji sektoru tutur, lakin hələlik emal sənayesində nəticələr azdır. Mən belə başa düşürəm ki, Azərbaycan hökuməti son zamanlar qeyri-enerji sektorunun inkişafına xüsusi əhəmiyyət verir. Yüksək texnologiyaların istehsalı sahəsində əməkdaşlığın inkişafı üçün böyük imkanlar var.
- Yaponiya Azərbaycanda kosmik proqramların həyata keçirilməsində maraqlıdır. Bu istiqamətdə işlər necə gedir?
- Bəli, kosmik sənaye həqiqətən də iki ölkə arasında əməkdaşlığın sonrakı inkişafında perspektiv sahələrdən biridir. Ötən ilin fevralında yapon tərəfinin təşəbbüsü ilə Bakıda kosmik sektorla bağlı master-klass keçirilib. Hesab edirəm ki, bu tədbir və Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Yaponiyaya səfəri əməkdaşlığın inkişafı üçün çox böyük əhəmiyyətə malikdir.
- Sonuncu dəfə Yaponiyadan Azərbaycana yüksək səviyyəli səfər 15 il əvvəl baş tutub və xarici işlər naziri Azərbaycana səfər edib. Uzun illər boyu bu cür səfərlər niyə müşahidə olunmur və yaxın vaxtlarda belə səfərlərin təşkili mümkündürmü?
- Yaponiya hökuməti geosiyasi baxımdan vacib mövqedə yerləşən və dinamik inkişaf edən Azərbaycanla münasibətlərin möhkəmlənməsinə böyük önəm verir. Yaponiyanın baş naziri Abe Sindzo tez-tez xarici ölkələrə səfər edərək əlaqələrin “fəal sülh diplomatiyası” vasitəsilə möhkəmlənməsinə, bütün dünyada regional sülh və sabitliyə töhfə verməyə çalışır. Bu nöqteyi-nəzərdən mən ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycana da yüksək səviyyəli səfər gerçəkləşəcək.
- Sizin bildiyiniz kimi, Azərbaycanın daxili və xarici siyasətinin əsas məsələsi Dağlıq Qarabağ münaqişəsinin həllidir. Tokionun bu məsələdə rəsmi mövqeyi nədən ibarətdir?
- Yaponiya hökumətinin mövqeyi bundan ibarətdir ki, bu münaqişəni indiyə qədər əldə olunmuş razılaşmalar, qəbul olunmuş qətnamələr və beynəlxalq hüquq çərçivəsində, sülh və qarşılıqlı anlaşma ilə həll etmək lazımdır. Yaponiya ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərini dəstəkləyir. Mən Azərbaycanda çalışan diplomat kimi yaxşı anlayıram ki, Dağlıq Qarabağ münaqişəsi nəinki Azərbaycanın, ümumilikdə Cənubi Qafqaz bölgəsinin inkişafına əngəldir. Səmimi qəlbdən bu problemin tezliklə həllinə ümid edirəm.
- Yaponiya əhalinin uzunömürlülüyü baxımından dünyada yüksək göstəricilərə malik ölkələrdən biridir. Bunun sirri nədədir?
- 2012-ci il olan məlumatlara əsasən Yaponiyada kişilərin orta ömür müddəti 79,94-ə çatır. Bu, dünyada 5-ci göstəricidir. Qadınların orta ömrü isə 86,41-dir və bu göstəriciyə görə dünyada birinciyik. Bunun səbəblərindən biri Yaponiya səhiyyəsinin yüksək səviyyəsidir. Yaponiya yeni doğulan körpələrin ölümü ilə bağlı ən aşağı göstəriciyə malik ölkədir – 1000 körpəyə 1 ölüm faktı düşür. Bundan başqa, Yaponiyada ümumi məcburi səhiyyə sistemi tətbiq edilib, bunun sayəsində hər vətəndaş yüksək səviyyəli səhiyyə xidməti ilə təmin olunub. Ola bilər ki, yaponların uzunömürlü olmasına qida da təsir edir. Yaponların əsas qidası düyü və tərəvəzdir. Biz balıq ətinə də üstünlük veririk. Yaponlar digər ölkələrlə müqayisədə daha az yağlı qidalardan istifadə edir.
- Yaponiya yeganə ölkədir ki, ona qarşı nüvə silahından istifadə edilib. Yapon xalqı bu zərbənin təsirlərini hələ də hiss edirmi?
- 1945-ci il avqustun 6-da Xirosimada atom bombası partladılıb, avqustun 9-da isə zərbə Naqasaki şəhərində təkrarlanıb. Hər iki şəhər bir an içində xarabalığa çevrilib, ölkə çox böyük sayda qurbanlar verib. Xirosimanın 420 min nəfərlik əhalisindən 350 mini radioaktiv şüalanmaya məruz qalıb, 1945-ci ilin sonuna qədər 140 min adam ölüb. Naqasakinin 240 min əhalisindən 148 mini şüalanmaya məruz qalıb və ilin sonuna qədər 70 mindən çoxu ölüb. Bu gün Yaponiyada 200 min nəfər şüalanmanın nəticələrindən əziyyət çəkməyə davam edir. Hazırda hər iki şəhər bərpa olunub. Xirosimanın təxminən 1 milyon, Naqasakinin isə 400 min əhalisi var. Dünyada nüvə bombardmanına məruz qalmış yeganə dövlət olan Yaponiya nüvə tərksilahı məsələsində 3 əsas prinsipə əsaslanır: sahib olmamaq, istehsal etməmək, gətirməmək.