Uydurma soyqırımı: mif və həqiqətlər
22 aprel 2017 16:54 (UTC +04:00)

Uydurma soyqırımı: mif və həqiqətlər

Tarixdə müxtəlif soyqırım hadisələri baş verib. Bu soyqırım hadisələri "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın təsnifatına, əhatə dairəsi və həyata keçirilmə formasına görə bütün dünya ölkələri tərəfindən qəbul olunur. Bəşəriyyət bir millətin məhz etnik mənsubiyyəti səbəbindən nifrət əsasında tamamilə yer üzündən silinməsi kimi faktlara hər zaman kəskin etirazını bildirir. Lakin bəzi hallarda həqiqi soyqırımı xarakteri daşımayan, yalnız siyasi-geostrateji maraqlara söykənən hadisələri də genosid adı altında təqdim etmək cəhdlərinə rast gəlinir. Uydurma erməni soyqırımı kimi.

Hər il dünya erməniliyi 24 aprel tarixində bütün sivil cəmiyyətlərin diqqətini 1915-ci ildə Osmanlı imperiyası ərazisində baş verən proseslərə yönəltməyə və Türkiyənin əleyhinə olan qüvvələrə satqıncasına xidmət göstərən erməni təşkilatlarının bağlanması faktlarını genosid kimi təqdim etməyə səy göstərir. Bu gün bir çox dövlətlər siyasi-iqtisadi maraqlar prizmasından  çıxış edərək qanunverici orqanlar səviyyəsində erməni soyqırımını tanıdıqlarını bəyan edirlər. Ancaq istər tarixi arxivlər, istərsə də bugünkü proseslər erməni tərəfinin iddialarının əsassız olduğunu sübuta yetirir.

 

24 aprel-tarix və gerçəklik

 

Erməni ideoloqları hər il 24 apreli türklər tərəfindən soyqırımına məruz qaldıqları gün kimi dünya ölkələrinin parlamentlərinin gündəminə gətirməyə çalışır. Tarix isə onların iddialarını təkzib edir. Araşdırmalar təsdiq edir ki, Osmanlı dövlətinin öz təhlükəsizliyi naminə erməni üsyanları və türklərə qarşı törədilən qırğınların qarşısını almaq üçün atdığı addımlar müdafiə xarakteri daşıyıb.

Beləki 1915-ci il aprelin 24-də erməni komitələri və partiyalarının fəaliyyətinə son verilib, İstanbulda 2345 nəfər erməni terrorçusu həbs edilib. Burada əsla ölüm və cinayətdən söhbət gedə bilməz. Erməni ekstremistləri sadəcə, komitə üzvlərinin həbs edildiyi 24 aprel tarixini soyqırımı günü elan ediblər. Osmanlılar tərəfindən ermənilərin köçürülməsini nəzərdə tutan "Təhcir” (Köç) qanunu 1915-ci il mayın 27-də qəbul edilib. Bu isə o deməkdir ki, 24 aprel mənfur düşmənin iddia etdiyi kimi, soyqırıma səbəb olan köçürmə deyil, "Daşnaksütyun”, "Hnçak”, "Ramqavar” kimi terrorçu komitə üzvlərinin həbs olunma tarixidir. Digər tərəfdən, 1915-ci ildə qəbul edilən "Təhcir Qanunu” sadəcə ermənilərə deyil, Osmanlı dövlətinə qarşı üsyan qaldıran və düşmənlərlə əməkdaşlıq edənlərə qarşı tətbiq olunub. Qanun mətnində "erməni” ifadəsinə rast gəlinmir.

Türk tarixçiləri bildirirlər ki, etnik azlıqlarla münasibətlərini müasir dövlətlərdən də üstün səviyyədə quran Osmanlı dövlətinin XX əsrdə belə bir cinayətə baş vura biləcəyini düşünmək belə yanlışdır. Əgər milli baxımdan sırf ermənilər hədəf alınsaydı, o zaman Osmanlı dövründə onların paşa, nazir, millət vəkilləri titullarını əldə etməsi mümkünsüz olardı. Mənbələr göstərir ki, ermənilər dil və din azadlığına sahib olub, hərbi xidmətə çağırılmayıb, ticarət haqqı əldə edib, dövlətin üst səviyyəli postlarında yer tutublar. Bu faktlar Osmanlının ermənilərə soyqırımı tətbiq etdiyi ilə bağlı irəli sürülən iddiaların əsassız olduğunu təsdiq edir. Müqayisəli təhlillər göstərir ki, 1,5 milyon erməninin soyqırımına uğradığı şəklində ortaya atılan iddialar da heç bir reallığı əks etdirmir. Osmanlı dövlətinin ermənilərin düşmənlərlə əməkdaşlıq çərçivəsində üsyan və qırğın hərəkətlərinin artması fonunda gördüyü tədbirlər və bu tədbirlərin tətbiqi əsnasında müxtəlif səbəblərdən meydana gələn itkilər ermənilər tərəfindən dünya dövlətlərinin diqqətini çəkmək üçün təbliğat silahı olaraq istifadə edilir. Əsas məqsəd qondarma erməni soyqırımını bütün dünya və beynəlxalq təşkilatların müzakirəsinə çıxararaq tanıtdırmaq, sonrakı mərhələlərdə bunu Türkiyəyə də qəbul etdirərək təzminat və torpaq tələblərini qanuniləşdirməkdir.

 

Uydurma genosidi tanıtma prosesi

 

Bu gün beynəlxalq münasibətlər sistemində baş verən proseslər, qloballaşma, siyasi antoqonizm, dini qarşıdurmalar erməni genosidi uydurmasını ortaya atan erməni lobbisinin iştahasını artırır. Məsələnin siyasi mahiyyətini dərk edən maraqlı tərəflər geostrateji amaclarına çatmaq üçün artıq ciddi təsir alətinəçevrilən ikili standartlardan faydalanmağa çalışır. Nəhəng dövlətlərin hədəfində duran Türkiyəyə qarşı riyakar siyasət erməni şovinizmi ilə culğalaşır. Bu üzdən saxta genosidi tanıtma cəhdlərinin qarşısını almaq xeyli mürəkkəbləşir. Məsələn, Fransa kimi bir dövlət Türkiyədən Avropa Birliyinə daxil olması üçün birinci vacib şərt olaraq soyqırımı hadisələrinəə görə üzr istəməsini tələb edir. ABŞ da rəsmi dövlət səviyyəsində məsələyə oxşar prizmadan yanaşaraq 1915-ci ildə baş vermiş hadisələrdən və ermənilərin öldürülməsindən türklərin məsuliyyət daşıdıqlarını qeyd edir, lakin "soyqırımı” ifadəsini işlətmir. Bu üzdən hər il aprelin 24-də Vaşinqtondan dünyaya "genosid” deyil, "Mets Yegern”, yəni böyük fəlakət mesajı verilir. Səbəb kimi Birləşmiş Ştatların Türkiyədə strateji mənfəətlərinin olması göstərilir. Rusiya, Amaniya və digər dövlətlərin qanunverici orqanlarının uydurma soyqırımına dəstək ifadə etməsinin də özəl səbəbləri var.

Ümumiyyətlə, ermənilərin və erməni lobbisinin hədəfi "4 T" adlanan tələblərinin yerinə yetirilməsidir:

-"Soyqırım"ın dünyada tanınması;

-Türkiyənin "soyqırım"ı tanıması;

-Türkiyənin "soyqırım"a uğramış adamların varislərinə təzminat ödəməsi;

-Türkiyənin şərqində ermənilərə torpaq verilməsi.

Qeyd edək ki, erməni soyqırımı iddiaları 1965-ci ildən gündəmə gəlib. Qriqorian kilsəsinin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrildi. Ermənilər ilk "soyqırım" qərarının qəbuluna Uruqvayda nail oldular. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli "Erməni soyqırımını anma günü" kimi tanıdı. Bundan 17 il sonra, 1982-ci il aprelin 29-da Kiprin yunan icması analoji qərar qəbul etdi. "Erməni soyqırımı"nı  Argentina, Rusiya, Yunanıstan, Kanada, Livan, Belçika, Vatikan, İtaliya, Fransa, İsveçrə, Slovakiya, Hollandiya, Slovakiya, Polşa, Almaniya, Venesuela, Litva, Çili, Boliviya, Braziliya, Lüksemburq, Bolqarıstan, Avstriya və Suriya parlamentləri də tanıyıblar.

Türkiyəli mütəxəssislər hesab edirlər ki, dünya ölkələrinin "soyqırım" qərarlarını qəbul etməsində 5 amil rol oynayır:

-həmin ölkələrdəki erməni azlığının təsiri;

-Türkiyəyə düşmən münasibət;

-Türkiyəni Avropa Birliyində görməmək istəyi;

-özlərinin törətdiyi soyqırımı aktlarına suç ortağı axtarmaq cəhdi;

-din.

Uruqvay, Argentina, Rusiya, Kanada, Livan, Fransa, İsveçrə, İtaliya və Venesuelanın qərarları birinci səbəblə – yəni bu ölkələrdəki erməni azlığının təsiri ilə, Yunanıstan və Yunan Kiprinin qərarları Türkiyəyə qarşı düşmən münasibətlə, Vatikanın qərarı din faktoru ilə izah edilir. Fransa və İtaliyanın qərarlarının arxasında Türkiyənin Avropa Birliyinə üzv olmasının qarşısını almaq niyyətinin dayandığı bəllidir. Hollandiya, Belçika, Almaniya, İsveçrə və Polşanın qərarları da oxşar motivdən qaynaqlanır. Almaniya, Slovakiya və Latviya isə tarixən qətliamlar törətmiş ölkələr kimi özlərinə ortaq axtarırlar.

 

Soyqırımı manipulyasiyası

 

Hələ 2005-ci ilin aprel ayında Türkiyənin o vaxtkı baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanın sabiq prezidenti Robert Koçaryana müraciətlə qondarma "erməni soyqırımı” iddialarının araşdırılması üçün müştərək komissiyanın yaradılmasını, bu məsələ ilə bağlı bütün sənədlərin arxivlərdən üzə çıxarılmasını təklif etmişdi. Bu təklifə indiyədək cavab verməyən ermənilərin real faktlara əsaslanmadığı, bu qondarma iddiadan ideoloji və siyasi məqsədlərlə yararlandığı dünya ictimaiyyətinə də yaxşı bəllidir.

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində "Diplomatik münasibətlərin təsis olunması protokolu” və "İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”nu imzaladılar. İkinci protokola əsasən,erməni, türk, İsveçrə və digər beynəlxalq ekspertlərin iştirakı ilə alt komissiya yaradılması nəzərdə tutulurdu. Komissiya iki xalq arasında qarşılıqlı etimadın bərpa edilməsinə yönəlmiş, o cümlədən tarixi sənədlərin və arxivlərin qərəzsiz elmi tədqiqi yolu ilə problemlərin həlli üçün tövsiyələr hazırlamalı idi. Ermənistanın bu protokola imza atmasını bir sıra erməni ekspertləri və Qərbin bəzi KİV-ləri "soyqırım” iddiasını rəsmi İrəvanın özünün şübhə altında qoyması kimi şərh etdilər.

2015-ci il fevralın 16-da Ermənistan prezidenti Serj Sarkisyan parlamentin sədrinə müraciətində Türkiyə tərəfinin "erməni soyqırımı”nı tanımaqdan imtina etməsini bəhanə gətirərək Sürix protokolunun parlamentdən geri çəkilməsini istədiyini bildirdi. Lakin bu bəyanatın növbəti siyasi spekulyasiya olduğunu hamı bilir. Çünki Sürix protokolunun təsdiqi "soyqırım” iddiasının araşdırılması üçün ikitərəfli komissiyanın yaradılmasına "hə” demək olacaqdı. Belə bir komissiyanın yaradılması isə məsələni hüquqi-tarixi deyil, siyasi müstəvidə həll etməyə çalışan erməni lobbisinin maraqlarına cavab vermirdi.

Bütün bunlar göstərir ki, xristian dünyasında qondarma "erməni soyqırımı” ilə bağlı başlanmış kampaniyanın kökündə Türkiyə və Azərbaycana təsir göstərmək, hər iki strateji müttəfiq ölkəni prinsipial mövqeyindən çəkindirmək niyyəti dayanır:

-Əvvəla, bu qondarma təbliğat yolu ilə hər il xristian dünyası ermənilərin XX əsrin əvvəllərində və sonlarında Anadolu və Azərbaycan türklərinə qarşı apardıqları etnik təmizləmə siyasətini və soyqırımını pərdələməyə çalışır.

-İkincisi, erməni daşnakları Azərbaycan türklərinə qarşı soyqırımını davam etdirmək niyyətində olduqlarını numayiş etdirirlər.

-Üçüncüsü, uydurma soyqırımını dünya birliyinə tanıtdırmaqla Türkiyədən təzminat almaq, torpaq qoparmaq iddiasından əl çəkmək fikrində olmadıqlarını açıq şəkildə bəyan edirlər.

Erməni lobbisinin təsiri altında indiki İrəvan hakimiyyəti saxta soyqırımı və Qarabağın işğalı kimi məsələlərdə özünü sığortalamaq üçün zaman-zaman Türkiyə və Azərbaycan əleyhinə beynəlxalq tribunalardan iftiralar səsləndirir. Belə təxribatlardan biri kimi 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçıları səviyyəsində təşkil olunan "Şərq tərəfdaşlığı" proqramının sammitində Serj Sarkisyanın davranışını göstərmək olar. Ermənistan prezidenti zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma "erməni soyqırımı" ilə bağlı mülahizələrə həsr etdi. Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edərək o, bir tərəfdən rəsmi Ankaranı qondarma "soyqırımı" ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham etdi və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu söylədi.

Sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bu məqama xüsusi toxundu və bildirdi ki, Ermənistan prezidenti fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. "Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deyən dövlət başçısı Türkiyə-Ermənistan əlaqələri barədə bunları bildirdi: "Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Mən bilirəm ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyil. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir”.

Əlbəttə, bu kimi hadisələr dünyanın müxtəlif nöqtələrinə səpələnmiş türk və Azərbaycan diaspor nümayəndələrinin vahid mövqedən çıxış etməsini şərtləndirir. Son illər birgə əməkdaşlıq istiqamətində bir sıra addımlar atılıb və təbliğat sahəsində kifayət qədər uğurlar əldə edilib. Lakin bu azdır, erməni faşistlərinin 1918-ci ildə Bakıda və 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktlarının dünyada tanıdılması üçün birgə fəaliyyət davam etdirilməli və genişləndirilməlidir. 

 

Qondarma soyqırımın siyasi motivləri

 

2015-ci il aprelin 24-də qondarma "erməni soyqırımı”nın 100 illiyi ilə bağlı İrəvanda təşkil edilən tədbirdən sonra genosid iftirası ətrafında qurulan təbliğat prosesi bir qədər səngidi. Belə ki, 100 il öncə baş verən hadisələrin əsl mahiyyəti barədə kampaniyalar aparılmır, yeni dövlətlər qanunverici orqanlar səviyyəsində soyqırımı mövzusunu müzakirəyə çıxarmaqdan imtina edir. Hətta Fransa parlamenti uydurma soyqırımını qəbul etməyənlərə cəzanın tətbiqi haqqında qanun layihəsini rədd etdi. Lakin istənilən halda, məsələsinin harada və necə müzakirə edilməsinə baxmayaraq, ümumilikdə bu, həm Türkiyəyə, həm də Azərbaycana qarşı yönəldilmiş bir mövzudur. Bu iddialar həqiqətdən uzaq olmaqla yanaşı, erməni lobbisinin, Ermənistan dövlətinin və onlara havadarlıq edən bəzi dünya güclərinin siyasi ambisiyalarına xidmət edir. Siyasətçilərin tarixə müdaxilə etməsi isə saxtakarlıqla müşayiət olunur.

Bəli, bu gün "erməni məsələsi” ABŞ-da prezident seckilərində namizədlər üçün səs toplamaq vasitəsinə, senatorlar, konqresmenlər, qubernatorlar üçün isə varlı erməni diasporlarından və beynəlxalq təşkilatlardan pul qoparmaq məsələsində bir oyuna çevrilib. Hər il aprel ayının 24-də dünyanın aparıcı ölkələrində əlləri yüz minlərlə türkün qanına boyanan, qatı şovinistliyi ilə tanınan, türk düşmənçiliyini dövlət siyasətinə çevirən erməni-daşnak faşistləri uydurma "erməni soyqırımı” yalanını təmtəraqlı şəkildə qeyd edirlər. Onlar erməni millətini "məzlum”, "əzabkeş” qismində dünya birliyinə təqdim etməyə çalışırlar. 

Bu cür addımlar atan dövlətlərin əksəriyyətinin Avropa İttifaqının üzvü olması təsadüfi deyil. Siyasi müşahidəçilərin fikrincə, həmin dövlətlər belə süni maneələrlə müsəlman ölkəsi olan Türkiyənin təşkilata gedən yoluna sipər çəkməyə, Avropa İttifaqını "xristian klubu” kimi qoruyub saxlamağa çalışırlar. Hələ 1987-ci ildə Fransanın xüsusi səyləri ilə qondarma "erməni soyqırımı”nı tanıyan Avropa Parlamenti 2005-ci ildə həmin ədalətsiz qərarını yeniləmiş, üstəlik Türkiyə hökuməti qarşısında Ermənistanla sərhədləri açmaq tələbini irəli sürmüşdü. Həmin qərarda Türkiyənin 1915-ci ildə baş verənləri "soyqırım” kimi tanıması Avropa İttifaqına üzvlüyün əsas şərtlərindən biri olaraq göstərildi. Doğrudur, Avropa Parlamentinin qərarları Türkiyə üçün tövsiyə xarakteri daşıyır. Amma son mərhələdə Türkiyənin təşkilata tamhüquqlu üzvlüyünə səs verəcək qurum məhz Avropa Parlamenti olmalıdır. Avropa qurumlarının yalançı soyqırımı təbliğatına bu qədər həssaslıq nümayiş etdirməsi rəsmi Bakıda da ciddi etirazlarla qarşılanır. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vaxtilə bəzi Qərb təşkilatlarında saxta genosidin tanıdılması ətrafında gedən polemikalara toxunaraq bildirir ki, tarixi reallığı təhrif edərək, heç bir fakta istinad etmədən, o dövrün arxiv materiallarını araşdırmadan bir qrup siyasətçinin, deputatın ötən əsrin əvvəlində baş verən hadisələri qiymətləndirməsi tamamilə yanlışdır və "erməni soyqırımı” haqqında iddialar subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, anti-müsəlman və anti-türk meyillərin güclənməsinin təzahürüdür. Bu, həm də müasir dünyada, xüsusən, Qərbdə hökm sürən ikili standartların nəticəsidir. Təbii ki, Qərbin ayrı-ayrı dairələrinin tarixi təhrif etmək və müsəlman dünyası haqqında yanlış təsəvvür formalaşdırmaq cəhdləri pislənilməli, bütün iddialar konkret faktlar əsasında cavablandırılmalıdır. Şübhəsiz, tərəqqipərvər bəşəriyyət belə bir hadisənin olmadığını və bu kimi qərarların yalnız ayrı-ayrı dairələrin öz maraqlarını təmin etmək cəhdlərinin nəticəsi olaraq meydana çıxdığını dərk edir. Ancaq bu kimi təşəbbüslər Türkiyə və Azərbaycanın ədalətli mövqeyinə qarşı istiqamətləndiyindən onlarla mübarizə labüdləşir.

 

Nə etməli?

 

Analitiklər bu məsələdən həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində bir vasitə kimi istifadə edildiyini xüsusi vurğulayırlar. Qarabağ münaqişəsindən keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməməsi, danışıqlar prosesində yeni tələblərin irəli sürülməsi, status-kvonun dəyişdirilməsi mesajını verən vasitəçi dövlətlərin münaqişə tərəflərini sülhə dəvət edərək təcavüzkara hər hansı təzyiq etməməsi sözügedən siyasi maraqların məntiqi nəticəsidir. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, qurumun fəaliyyəti bu günə qədər sülh prosesində arzuolunan nəticəni vermir.

Bu mənada "qondarma erməni soyqırımı” iddialarına qarşı mübarizə aparmaq və Qarabağ probleminin həlli istiqamətində səy göstərmək istər Türkiyə, istərsə də Azərbaycan üçün prioritet məsələdir. Çünki məkrli düşmən hələ də iddialarından geri çəkilmir, beynəlxalq münasibətlər sistemində hüquqi nihilizmin baş alıb getdiyi indiki mərhələdə isə maraqlı qüvvələr bu və ya digər şəkildə erməni şovinistlərinin təcavüzkar planlarına dəstək ifadə edir. Bu baxımdan birgə səylər hesabına dünya ictimaiyyətinin rəyini dəyişmək üçün təbliğat işinin gücləndirilməsi və bununla da tarixi həqiqətin bərpası qaçılmaz zərurətə çevrilir.

 

Günel Səfərova

"Gənc Vətəndaş" İctimai Birliyinin icraçı direktoru

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Günel Səfərova

Oxşar yazılar