Ukraynanın Milli Qəhrəmanı Heydər Əliyevlə bağlı xatirələrini danışdı
12 dekabr 2013 14:33 (UTC +04:00)

Ukraynanın Milli Qəhrəmanı Heydər Əliyevlə bağlı xatirələrini danışdı

Dünyanın 6 qitəsindən dördünə, o cümlədən ən yüksək texniki tərəqqiyə malik Amerika, İngiltərə, Almaniya, Rusiya, İtaliya, həmçinin Argentina, Kuba, Çin, Bolqarıstan, Polşa, Türkiyə, Misir, Hindistan və Pakistan kimi ölkələrə çoxtonnajlı neft və kimya avadanlığı ixrac edən Ukraynanın "Sumı Elmi-İstehsalat Birliyi" ASC-nin daimi sifarişçiləri sırasında Azərbaycan da var.  

 

Bir neçə il əvvəl Ukraynanın bu qocaman müəssisəsinin - neft və kimya sənayesi üçün istehsal etdiyi, yüksək keyfiyyətə və məhsuldarlığa malik unikal avadanlıqlarla bütün dünyada tanınan bu məşhur müəssisənin 110 illik yubileyi təntənəsinə Azərbaycanın neft-kimya sənayesinin nümayəndələri də dəvət edilmişdilər. Belə bir tədbirə dəvət, əlbəttə ki, heç də təsadüfi deyildi - respublikamızın neft-kimya müəssisələrində  hər il aparılan təmir işləri zamanı istifadə olunan ehtiyat hissələrinin və dəyişdirilən avadanlıqların təxminən 60-70 faizə qədəri məhz həmin Birlik tərəfindən istehsal edilir.

 

Maraqlıdır ki, dünyanın müxtəlif ölkələrindən təbrikə gəlmiş qonaqları yubiley tədbirindən əvvəl akademik Vladimir Lukyanenko şəxsən özü qəbul edirdi. O, hər bir nümayəndə heyətini ayaqüstü – cəmi 3-4 dəqiqə dinləsə də, Azərbaycandan gəlmiş qonaqları nədənsə xüsusi səmimiyyətlə, xoş əhvalla və gülərüz qarşılayaraq, yarım saatdan artıq söhbət etmişdi. Sən demə, bunun əsas səbəbi heç də Azərbaycanla genişlənməkdə olan partnyor əlaqələri yox, xalqımızın dahi rəhbəri Heydər Əliyevə onun xüsusi ehtiramı, böyük məhəbbəti imiş. Belə ki, Vladimir Matveyeviç ilk növbədə Azərbaycandakı vəziyyətlə, sənaye  müəssisələrinin fəaliyyəti ilə maraqlanmış və aldığı xoş məlumatdan razı qalaraq, birdən söhbətin səmtini dəyişərək, onun üçün əsas olan mövzuya - ulu öndərimiz H.Əliyevlə bağlı söhbətə keçmişdi. Və nümayəndə heyətimiz üçün yubiley tədbirində daha çox və ən xoş təəssüratla yadda qalan məhz bu nəhəng maşınqayırma müəssisəsinin rəhbəri, bir zamanlar keçmiş SSRİ-nin Kimya və Neft Maşınqayırması Sənayesi naziri vəzifəsində çalışmış akademik V.Lukyanenkonun ulu öndər haqqında söylədikləri ürək sözləri, yüksək fikirlər, dahi rəhbərlə görüşləri ilə bağlı xoş və işıqlı xatirələr olmuşdur.

 

Qısa tanışlıq.

 

O, 1937-ci ildə dünyaya gəlib. 1961-ci ildə ali məktəbi bitirdikdən sonra M.Frunze adına Sumı Elmi-İstehsalat Birliyində usta köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Bütün əmək bioqrafiyası məhz bu müəssisə  ilə bağlı olub -  baş usta, sex rəisi, baş mühəndis və baş direktor vəzifələrində çalışıb. 1994-cü ildən həmin Birliyin bazasında yaradılmış ASC-nin idarə heyətinin sədridir. 1986-1989-cu illərdə - Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə SSRİ  Kimya və Neft Maşınqayırması Sənayesi naziri vəzifəsində çalışıb. Texnika elmləri doktoru, Ukraynanın Mühəndis elmləri Akademiyasının və Kibernetika elmləri Akademiyasının akademikidir. Sosialist Əməyi Qəhrəmanı və Ukraynanın Milli Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatıdır. Neft və kimya maşınqayırması sənayesinin inkişafındakı böyük xidmətlərinə görə (onun bu sahədə 50 ildən artıq zəngin təcrübəsi vardır) SSRİ-nin və Ukraynanın ən yüksək orden və medallarına layiq görülüb.

 

Akademik V.M.Lukyanenkonun xatirələrindən: 

 

- 1986-cı ildə mən SSRİ-nin Neft və Kimya Maşınqayırması Sənayesi naziri təyin olunmuşdum. Və mənim üçün olduqca xoş idi ki, bu sahəyə SSRİ  Nazirlər Soveti sədrinin birinci müavini kimi məhz Heydər Əliyev rəhbərlik edirdi.

 

Çox prinsipial, qətiyyətli və işgüzar bir rəhbər olması, yüksək daxili enerjiyə, iti zəkaya və düşüncəyə malik geniş intellektli bir adam olduğu haqqında müəyyən məlumatım olsa da, hələ  görüşməmişdik. Bir gün məni yanına dəvət elədi. Gülərüzlə qarşıladı və rəhbərlik etdiyim nazirliyin işi, problemləri ilə maraqlandı. Dedi ki, siz SSRİ-nin maşınqayırma sənayesinin ən vacib sahələrindən birinə rəhbərlik edirsiniz, orada isə hələ istifadə olunmamış böyük potensiallar var. Və o, bizim nazirliyin fəaliyyətində elə ciddi sahələrə və məqamlara toxundu ki, düzü, onlar barədə  ancaq bu sahənin yüksək ixtisaslı və səlahiyyətli rəhbərləri  bu cür dəqiqliyi və təfərrüatı ilə söhbət apara bilərdilər.  Mən həqiqətən hiss etdim ki, qarşımdakı şəxs  heç də Siyasi Büronun  qabaqcadan hazırlanmış  yazılı çıxışlar üzrə danışan,  mövzunun qoyulmuş çərçivəsindən kənara çıxanda çaşıb qalan üzvlərindən olmayıb,  geniş təfəkkürə, çevik düşüncəyə, möhkəm özüllü dərin və hərtərəfli biliyə, savada malik, məlumatlı bir rəhbərdir. Onun hər bir sözü, cümləsi konkret fikirlə yüklənmişdi, onlar mənə hər bir vaqonu, hər bir çəni qiymətli məhsulla dolu olan ağır yüklü qatarı xatırladırdı.

 

Nazirliyə dair bəzi təklif və mülahizələrini bildirdikdən sonra dedi:

 

- Vladimir Matveyeviç, bilirsiniz ki, mən neçə illər Azərbaycana rəhbərlik etmişəm, respublikanın iqtisadiyyatının qaldırılması üçün geniş miqyaslı, səmərəli tədbirlər həyata keçirilib. Ancaq mənə belə gəlir ki, respublikanın maşınqayırma sənayesində istifadə olunmamış xeyli potensial imkanlar var, ancaq orada maşın-dəzgah parkı bu günün tələblərinə uyğun deyildir. Sizdən xahiş edirəm, vaxt tapıb, Azərbaycana gedəsiniz, respublikanın maşınqayırma  kompleksinin vəziyyəti və fəaliyyəti ilə daha yaxından, bilavasitə tanış olub, öz fikir və təkliflərinizi mənə bildirəsiniz.  Bu, son dərəcə vacibdir, çünki Bakı və Sumqayıtda neft və kimya sənayesi sürətlə inkişaf edir, maşınqayırma sənayesi də ona uyğun, paralel olaraq inkişaf etməlidir.

 

- Baş üstə, Heydər Əliyeviç! - dedim, lakin həmin anda fikrimə  hakim kəsilən onun əsl insanlıq göstəricisi olan sadəliyi, səmimiliyi idi.

 

Axı, elə böyük bir dövlət vəzifəsində çalışan adam “xahiş edirəm” demədən də öz rəsmi göstərişini verə bilərdi və işin tam yerinə yetirilməsi üçün bu, kifayət idi. Ancaq yəqin ki, yüksək, elitar mədəniyyəti, sadəliyi və səmimiyyəti onu amiranə tərzdə danışmağa qoymazdı.

 

Heç şübhəsiz ki, mən Heydər Əliyevin təklifinə əməl edərək, bir müddət sonra Bakıya gəldim. Azərbaycan mənim nazir kimi işgüzar səfərə çıxdığım ilk İttifaq respublikası idi. O zaman Azərbaycanın Nazirlər Soveti sədrinin birinci müavini işləyən Artur Rəsizadə və respublikanın maşınqayırma kompleksinin rəhbəri Əli Qaraxanovla görüşərək, H.Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifə barədə məlumat verdim. Onlarla birgə Bakının maşınqayırma zavodlarını bir-bir gəzərək, hər bir müəssisənin texniki-iqtisadi göstəriciləri, istehsalat potensialı, maşın-dəzgah parkının vəziyyəti və s. ilə yaxından tanış oldum. Gördüklərim, şahidi olduqlarım məni xeyli təəccübləndirdi və təəssüfləndirdi. İlk növbədə ona görə ki, bu müəssisələrdə güclü mütəxəssis potensialı olsa da, texniki tərəqqi və yeniləşmə sanki Böyük Qafqaz dağlarına “ilişərək” qalmış, bura gəlib çatmamışdı. Həm də ona təəccübləndim ki, Bakı müəssisələri bu cür mənəvi və fiziki cəhətdən köhnəlmiş texnoloji avadanlıqlarda neft sənayesi üçün kifayət qədər böyük həcmdə və keyfiyyətli neftçıxarma avadanlıqları istehsal edə bilrdilər. Ancaq bunu başa düşmək çətin deyildi ki, 1950-1960-cı illərin artıq sıradan çıxmaqda olan dəzgah parkı və texnoloji xətlərdə yüksək keyfiyyətli məhsul əldə etmək hansı əziyyətlər, çətinliklər bahasına başa gəlir.

 

Düzü, gördüklərimdən Moskvaya pərişan halda qayıtmalı oldum. Səhərisi günü nazirlik aparatı üzrə geniş müşavirə keçirdim. Maşınqayırma müəssisələrinin  yenidən qurulmasına, dəzgah parkının təzələnməsinə, texniki tərəqqiyə cavabdeh olan baş idarələrin rəhbərlərini ciddi tənbeh edərək, Azərbaycanın maşınqayırma sənayesinə olan belə laqeyd münasibətin səbəblərini araşdırmağa çalışdım. Təəssüf ki, belə xoşagəlməz fikirlər səsləndi ki (açığını deyəcəm – bir erməni işçimiz tərəfindən), Bakıda işlərimiz artıq çoxdan zəif gedir, guya həmin müəssisələrdə texniki tərəqqiyə o qədər də meyl yoxdur, hətta guya onların bəziləri perspektivsizdir və s.  Mən təəssüflə bildirdim ki, siz çox böyük səhvə yol verirsiniz və soruşdum ki, axı, hansı zəiflikdən, perspektivsizlikdən söhbət gedə bilər ki, Azərbaycan müəssisələri SSRİ-nin neft avadanlıqlarının təxminən 70 faizə qədərini verir. Siz hara baxırsınız? Müşavirə iştirakçılarına göstərilən səbəblərin və gətirilən dəlillərin özünümüdafiədən başqa bir şey olmadığını bildirərək, Azərbaycanın neft və kimya maşınqayırmasının potensial gücünü artırmaq, texniki tərəqqinin daha geniş tətbiqinə nail olmaq, zavodların maşın-dəzgah parkının təzələnməsi, modernləşdiril­məsi üçün onların qarşısında qəti tələblər qoyaraq, təxirə salmadan ciddi işə başlamaq barədə müvafiq tapşırıqlar verdikdən sonra Heydər Əliyevin görüşünə getdim.

 

 Heydər Əliyeviç məni kabinetində çox mehribanlıqla qarşıladı və səbrlə, lakin hiss olunacaq dərəcədə intizarla Bakıya səfərimin nəticələrini, fikir və təkliflərimi dinlədi. O,  Bakı müəssisələrinin texniki səviyyəsinin həqiqətən aşağı və zəif olmasından açıq-aşkar təəssüf hissi keçirərək, çox məyus oldu. Lakin vəziyyəti dəyişmək, Bakının maşınqayırma müəssisələrinin ən son və mütərəqqi texnologiya əsasında yenidən qurulması məqsədilə mənim nəzərdə tutduğum tədbirlər onda bir qədər nikbinlik yaratdı. Buna baxmayaraq, yenə də fikirli halda dedi:

 

- Vladimir  Matveyeviç, mən sizdən xahiş edirəm, Bakıdakı vəziyyəti, zavodların rekonstruksiyası, avadanlıqlarının təzələnməsi işlərini öz şəxsi nəzarətiniz altına götürün. Sizə hansı kömək lazımdırsa, eləyəəəyəm, təki Azərbaycanın maşınqayırma kompleksi müasir tələblər səviyyəsində yenidən qurulsun. Və hər rübdə Bakıya gedib, bütün işlərin gedişinə şəxsən özünüz rəhbərlik eləyin.

 

Şübhəsiz ki, məndə özünə və Azərbaycan xalqına qarşı xüsusi ehtiram və rəğbət hissi oyatmış belə bir görkəmli şəxsiyyətin göstərişini yüksək səviyyədə yerinə yetirməyə çalışırdım. Bir-neçə ay ərzində Bakının əksər maşınqayırma zavodlarını həm SSRİ, həm də xarici ölkə müəssisələrinin istehsalı olan ən mütərəqqi texnologiyaya malik dəzgah və avadanlıqlarla təmin etmək üçün nazirliyimizin bütün qüvvələrini səfərbərliyə aldım. Və biz qısa bir müddətdə Bakı müəssisələrini o qədər həcmdə avadanlıqla təmin etmişdik ki, məndə olan son məlumata görə, hətta SSRİ dağıdıldıqdan xeyli sonra da həmin avadanlıqların göndərildiyi konteynerlərin bir çoxu zavodların həyətində, açılmamış vəziyyətdə qalmışdı. Onu da deyim ki, bütün İttifaq üzrə işimin çoxluğuna və gərginliyinə baxmayaraq, hər 3-4 aydan bir nazirliyin bir-neçə mütəxəssisi ilə birgə Azərbaycana gedib, maşın və dəzgah parklarının yeniləşdirilməsi, rekonstruksiya işləri ilə yerindəcə tanış olurdum. Maşınqayırma zavodlarının texniki cəhətdən yenidən qurulduğunu gördükcə sevinir və bu barədə hər dəfə Heydər Əliyevə məlumat verirdim. Hiss edirdim ki, o, istəyinin yerinə yetməsindən nə dərəcədə böyük fərəh duyur. Hiss edirdim ki, o, öz doğma xalqını, Azərbaycanı necə böyük məhəbbətlə, kövrək duyğularla sevir, vətəninin hər bir uğuruna qəlbən sevinir.

 

Və mən deyərdim ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun dahilər zirvəsində duran Heydər Əliyev kimi görkəmli övladı olub. Heydər Əliyev də xoşbəxt idi ki, onun bu cür qədirbilən, onu ürəkdən sevən, qəlbində yaşadan böyük bir xalqı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1594
avatar

Rəhman ORXAN

Oxşar yazılar