Tural Abbaslı: “Müsavatdakı vəzifəmdən istefa vermək fikrim yoxdur”
30 avqust 2014 15:13 (UTC +04:00)

Tural Abbaslı: “Müsavatdakı vəzifəmdən istefa vermək fikrim yoxdur”

“Mən kimlərinsə verdiyi təkliflərlə deyil, özümün doğru bildiyim qərarlara əsasən addım atıram. Başqanlığa namizəd olmaq üçün partiyadakı vəzifəmdən istefa vermək mənim üçün prinsipial əhəmiyyət kəsb etmir”.

Bunu lent.az- a açıqlamasında Müsavat Partiyası Divanının üzvü, partiya başqanlığına namizəd Tural Abbaslı partiyadakı vəzifəsindən istefa verməsi ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirərkən deyib.

Xatırladaq ki, Müsavat başqanının müşaviri Səxavət Əlisoy və Divan üzvü Qubad İbadoğlu partiya başqanlığına namizəd olmaq üçün vəzifələrindən istefa veriblər. Onlar belə bir addımı “namizədlərin bərabər statusa malik olması” üçün atdıqlarını bəyan ediblər və namizəd olacaq digər şəxsləri də vəzifələrindən istefa verməyə çağırıblar.

T. Abbaslı isə deyib ki, partiyadakı vəzifəsindən istefa verənlərin fikrinə hörmətlə yanaşsa da, başqanlığa namizədlərin istefası ilə bağlı təklifləri qəbul etmir. Onun sözlərinə görə, partiyadakı vəzifəsindən asılı olmayaraq, kimsə sui-istifadə hallarına yol verib, başqanlığa namizəd kimi seçki qaydalarını pozsa, həmin şəxslərin cəzalandırılmasını tələb edəcək: “Amma düşünmürəm ki, partiyadakı vəzifədə qalmağım başqanlığa namizəd kimi mənə üstünlük gətirəcək. Ona görə də partiyadakı vəzifəmdən istefa vermək fikrim yoxdur”.

Qeyd edək ki, Müsavat Partiyası mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da vəzifəsindən istefa verməyin hələlik qeyri-mümkün olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710
avatar

Oxşar yazılar