Azərbaycanın xarici siyasətində başlıca istiqamətlərdən birini Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması təşkil edir. Bəs nə üçün Asiya qitəsi ölkələri ilə əməkdaşlığın qurulması Azərbaycan Respublikası üçün önəmlidir?
1) Ərazi və əhali cəhətdən dünyanın ən böyük qitəsi olan Asiyada “böyük yeddilər”dən olan iki dövlət ( Çin və Yaponiya ) yerləşir;
2) Asiya ən zəngin təbii ehtiyatlara malik qitələrdən biridir;
3) Dünyanın iqtisadi cəhətdən güclü olan ölkələri Yaponiya, Tayvan, Çin, Hindistan və s burada yerləşir;
4) Bu gün Asiya qitəsi ölkələri dünya siyasətinə ciddi təsir gücünə malikdir;
5) Geosiyasi, geostrateji baxımdan mühüm əhəmiyyətə malik olan bu qitə texnoloji inkişafın yüksək pilləsinə qalxmışdır.
Bu və digər amillər müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının bu ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələr yaratmasına səbəb olmuşdur. Bu münasibətlər öz başlanğıcını 1991-ci ildən götürür və bu gün də uğurla davam etdirilir.
Həmçinin Asiyanın inkişaf etmiş dövlətləri də Azərbaycanın yerləşdiyi mövqe, xüsusən də Xəzər hövzəsinə maraq göstərir. Məhz buna görə də Azərbaycanla əlaqələrə xüsusi önəm verirlər.
Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam və Çinə səfərləri və keçirilən görüşlər ölkəmizin regionla siyasi, iqtisadi, humanitar əlaqələrinin inkişafına əlavə imkanlar yaratmışdır.
Bu gün Çin və Vyetnam regionda və dünyada gedən proseslərə yanaşmada eyni mövqedən çıxış edir. Bu baxımdan, Çinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycana dəstək verməsi xüsusi önəm daşıyır. Qeyd edək ki, Çin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Həmçinin Azərbaycan Respublikası da Tayvan, Tibet və "Şərqi Türküstan" məsələlərinə münasibətdə obyektiv mövqe nümayiş etdirir.
Ləman Xəlilova
“Azerbaijan Realities”