“Milli Şuranın növbəti sessiyası təəssüf hissindən başqa hiss yaratmadı. Sessiya bir neçə heç kimin fikir vermədiyi konstruktiv çıxışdan başqa, yadda 20 ildir söylənilən əkiz çıxışlar, real tətbiqi fantaziya olan şüarlardan ibarət oldu. Bundan başqa qaragüruhçu elementlərin baş qaldırması, abırlarını saxlayan intellektualların səslərini çıxarmaması Milli Şuranın gələcəyinin necə formalaşacağından xəbər verir”.
Lent.az-ın məlumatına görə, bu sözləri Milli Şuranın üzvü, eks-spiker Rəsul Quliyev deyib.
R.Quliyev bildirib ki, MŞ-nın tutduğu yol “heç bir yerə aparmayan yoldur”. Onun sözlərinə görə, Milli Şuranın dünənki sessiyasında çıxış edən adamların sözlərindən belə başa düşüb ki, bu adamların heç birinin prezident İlham Əliyevin nə sonuncu çıxışlarından xəbərləri var, nə də 2014-cü il büdcə layihəsinə diqqət yetiriblər: “Onlar bu günə qədər anlamayıblar ki, İlham Əliyev siyasi kursunu artıq qismən dəyişmək barədə qərar qəbul edib və görüləcək işlər Milli Şuranın tamamilə axırına çıxacaq. Onlar hələ də anlamayıblar ki, bu gün parlamentdə olan partiyaları gücləndirib müxalifət standartlarına yaxınlaşdırmaq planı mövcuddur. Əsas məsələ, daxildə rüşvətlə real mübarizə başlayacağından xəbərsizdirlər”.
Sabiq spiker bildirib ki, əgər növbəti sessiyada MŞ-də konkret azad seçkilər uğrunda mübarizə aparacaq və bir ay müddətində plan və proqramını xalqın müzakirəsinə verəcək qərarını müzakirə etməsə, o, bu qurumdan çıxacaq: “İş elə gətirib ki, həyatım boyu heç kim heç vaxt məni işdən azad etməyib. Ancaq siz bu günə qədər bir nəfəri də işdən çıxarmaq səlahiyyətinə malik olmayan bir adam, məni işdən çıxarmaqla hədələdiniz, alqışlar. Milli Şurada məni kifayət qədər dəstəkləyənlər var, istəsəm sizin məni çıxarmanıza problem yarada bilərəm. Sizinlə birlikdə 2015 və 2018-ci illərdə bəyanat vermək xatirinə bu işi görmərəm. Öz şəxsi ambisiyalarını xalqın marağından üstün görənlərlə necə bir komandada olmaq olar”.
Anar GƏRAYLI