“Azərbaycanlıların nə istədiyini başa düşmək çox çətindir. Xüsusilə özlərini lider adlandıranların. Müxalifətdə olanlar özlərinin fədakarlığını sözün əsl mənasında aşıqlar kimi tərənnüm edirlər”.
Lent.az-ın məlumatına görə, bu sözləri keçmiş spiker Rəsul Quliyev özünün “facebook” səhifəsində yazıb. R.Quliyev Ukraynada baş verən etiraz mitinqlərini dünən Bakıdakı keçirilən aksiya ilə müqayisə edərkən belə deyib.
Keçmiş Milli Məclis sədrinin fikrincə, Milli Şura heç bir analiz aparmadan mitinq keçirmək qərarına gəlib və çox güman, mitinq üçün istədikləri yerə icazə verilməyəcəyinə ümid ediblər: “Hökumət onların axırına çıxmaq üçün istədikləri yerdə mitinq keçirməyə icazə verdi və 500-600 nəfərlə başlanan mitinq 30 dəqiqədən sonra 300 adama kimi azaldı. Ona görə tələm tələsik yekunlaşdırdılar”.
R.Quliyev deyib ki, indi belə bir uğursuzluqdan sonra bu insanlar özlərinə “nə üçün belə alındı?” sualını verməyəcəklər xeyir: “Onlar təqribən “belə havada bu qədər adam gəlmişdisə, deməli hamı hökumətdən narazıdır” deyəcək. Bu ''liderlərə'' necə başa salmaq olar ki, insanlar onlara inanmadıqlarına görə mitinqə gəlmirlər? Mitinqi təşkil edən partiyaların hər biri onların Bakıda azı 10 min üzvü olduğunu iddia edir. Yəni üst üstə 30 min adam. Soruşmaq lazımdır, hanı o üzvlər, onların heç olmasa 10 faizi gəlsəydi, 3 min olardı. Bir sözlə Azərbaycan cəmiyyəti sözün əsl mənasında ağır vəziyyətdədir. Bu vəziyyətin yaranmasında ikinci skripkada həmin bu liderlər oynayır”.
Keçmiş parlament rəhbərinin sözlərinə görə, bu gün azərbaycanlıların başının altına yastıq qoyan, xalqın azadlığı uğrunda mübariz apardığını gözə soxmaq istəyən bugünkü müxalifət liderləridir: “Onlardan xilas olub yeni qurumlar yaratmaq çox vacibdir”.