Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun həbsdə olan sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə şahid Rəşad Şirinin məhkəməyə göndərdiyi məktub elan olunub. R. Şirin məktubunda Hollandiyada olduğu üçün məhkəməyə gələ bilmədiyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib. Məhkəmədə R. Şirinin istintaq zamanı verdiyi ifadəsi elan edilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkilləri cinayət işində olan sənədlərlə bağlı xarici ölkələrin birində keçirdikləri alternativ ekspertizanın rəyini məhkəməyə təqdim ediblər. Vəkillər R. Cəfərov barəsində ev dustaqlığı həbs qətimkan tədbirinin seçilməsi, məhkəməyə əlavə şahidlərin çağırılması barədə vəsatətlər veriblər. Lakin məhkəmə vəsatətləri təmin etməyib.
Proses aprelin 9-da davam etdiriləcək.
Qeyd edək ki, R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq dövründə R. Cəfərova qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə əlavə ittiham da elan olunub.