Dekabrın 10-da daxili işlər naziri Ramil Usubov Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempeli qəbul edib. DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ramil Usubov Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın həm ikitərəfli formatda, həm də Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini səfirin nəzərinə çatdırıb. Nazir birgə işbirliyinin daha da inkişaf etdirilməsində rəhbərlik etdiyi qurumun maraqlı olduğunu bildirib.
Səfirə DİN-in əsas funksiyaları və vəzifələri, eləcə də kriminogen durum barədə ətraflı məlumat verilib. Daxili işlər naziri cinayətkarlıqla mübarizədə qazanılmış uğurlardan danışıb, sabitliyin, əmin-amanlığın nümunəvi təmininin ölkə vətəndaşları ilə bərabər, əcnəbilərin də təhlükəsizlik şəraitdə yaşayıb işləmələrinə, ölkəmizin iqtisadiyyatına külli miqdarda xarici kapital qoyulmasına əlverişli şərait yaratdığını vurğulayıb.
Qəbula və ətraflı məlumata görə minnətdarlıq edən xanım Haydrun Tempel görüşün Beynəlxalq İnsan Hüquqları gününə təsadüf etdiyini xatırladaraq, istənilən ölkə üçün daxili sabitliyin, təhlükəsizliyin təmin olunmasının əsas vəzifələrdən biri olduğunu, bu istiqamətdə Azərbaycanın daxili işlər orqanlarının böyük işlər gördüyünü diqqətə çatdırmış, müasir dövrdə insan hüquqlarına və qanunların aliliyinə riayət edilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.