Bu gün Qarabağ Blokunun toplantısı keçirilib. Lent.az-ın verdiyi məlumata görə, iclasda Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, Bakıda keçirilən “Azərbaycan-ABŞ: Gələcəyə baxış” forumu, “Human Rights Watch” təşkilatının Azərbaycanda siyasi fəalların həbsi ilə bağlı bəyanatı müzakirə olunub.
Toplantı iştirakçıları “Azərbaycan-ABŞ: Gələcəyə baxış” forumunun keçirilməsini isə təqdirəlayiq hesab ediblər. “Qarabağ” bloku Azərbaycan hökumətini Qərbə inteqrasiyanı sürətləndirməsini, bu istiqamətdə fəaliyyətini sadəcə bəyanatlarla deyil, əməli işlərlə göstərməsini zəruri sayır.
Qarabağ Blokunun toplantısında Azərbaycanda ictimai-siyasi vəziyyətlə bağlı bəyanat qəbul edilib. Bəyanatda bildirilir ki, 95 il bundan öncə Şərqdə ilk Cümhuriyyəti quran xalqımız, bu gün yenidən dövlətçiliyin itirilməsi təhlükəsi ilə üz-üzədir. Cənubi Qafqaz uğrunda gedən yeni geosiyasi mübarizə, Azərbaycan xalqından aydın və birmənalı mövqe bildirməyi və bu istiqamətdə ardıcıl siyasət yürütməyi tələb edir: “Qarabağ Bloku hesab edir ki, dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü və demokratikləşməsi uğrunda mücadilə aparan bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları və gənclər hərəkatı üzərlərinə düşən tarixi məsuliyyətlərini doğru-dürüst müəyyənləşdirərək, dövlətçiliyimizin təhlükəsizliyi, suverenliyi və demokratikləşməsi naminə, xarici qüvvələrin təsir dairəsinə düşmədən, qarşıdan gələn prezident seçkilərində, bir araya gələrək xalqımızın milli iradəsinə və maraqlarına uyğun siyasət sərgiləməlidir. Qarabağ Bloku Azərbaycan Respublikasının dünya birliyindəki layiqli yerini Avroatlantik məkana inteqrasiyada görür”
Qarabağ Bloku Azərbaycanın Avropa Birliyinə və NATO-ya üzvlüyü üçün rəsmən müraciət olunmasını, hakimiyyətin Avropa Birliyinə inteqrasiya istiqamətdə üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməsini təklif edib.