Prezidentdən regionların inkişafı ilə bağlı mühüm <span style="color:red;">TAPŞIRIQLAR
05 fevral 2014 17:30 (UTC +04:00)

Prezidentdən regionların inkişafı ilə bağlı mühüm TAPŞIRIQLAR

Heydər Əliyev Mərkəzində regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfrans-sərgi keçirilib. Lent.az-ın AzTV-yə istinadən verdiyi məlumata görə, tədbirdə prezident İlham Əliyev iştirak edib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan sərgidə 2003-2013-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın  sənaye, infrastruktur, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya, sahibkarlıq və digər sahələrinin inkişafını əks etdirən göstəricilərə geniş yer verilib.

 Ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı dövlət proqramları mühüm rol oynayıb. Qeyd edilib ki, məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür. 

Prezident İlham Əliyev konfrans-sərgidə çıxış edib. 2-ci dövlət proqramının artıq başa çatdığını deyən dövlət başçısı bildirib ki, 2004-cü ildə 1-ci proqramın qəbul edilməsi regionların  inkişafında xüsusi rol oynayıb.

“2009-2013-cü illəri əhatə edən 2-ci proqramın da regionların inkişafında, ümumiyyətlə ölkəmizin iqtisadi potensialının gücləndirilməsində rolu böyük olub. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. Bunun əsas səbəbi isə iqtisadi müstəqillik və siyasi iradədir. Son 10 ildə Azərbaycan çox  sürətlə inkişaf edib. İqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb.  Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi nəticəsində ölkəyə xeyli  gəlir gətirib. Təbii sərvətlərdən əldə olunan gəlirlər  infrastruktura layihələrinə uğurla istiqamətləndirilib”.

 Azərbaycanın iqtisadi potensialından danışan prezident İlham Əliyev gələcək illərdə də xarici borcun aşağı səviyyədə saxlanılacağını bildirib. Qeyd edib ki, ötən il Azərbaycan iqtisadiyyatına qoyulan sərmayə rekord həddə çatıb və 28 milyard dollar təşkil edib, daxili sərmayələr xarici sərmayələri üstələyir. Bu dövr ərzində Azərbaycan xarici iş adamları üçün cəlbedici ölkə olaraq qalır.

Sahibkarlığa geniş meydan  verilməsinin  daim diqqət mərkəzində saxlandığını vurğulayan dövlət başçısı İlham Əliyev  ölkə iqtisadiyyatına ən çox lazım olan sahələri inkişaf etdirmək üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli  kreditlər verilməsinin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb . Son 10 il ərzində 1200-dən çox obyektin açılışında şəxsən iştirak etdiyini deyən dövlət başçısı sahibkarlığa dəstəyin davamlı olacağını  deyib.  “Ötən  10 ildə infrastruktur layihələrinin icrası prioritet məsələ olub. 17 elektrik stansiyası tikilib, ölkəmizin 90%-ə yaxın ərazisində qazlaşma aparılıb, yolların tikintisi üzrə geniş layihələr icra edilir”.

Sosial infrastruktur layihələrindən danışan prezident İlham Əliyev içməli su və kanalizasiya layihələrinin də uğurla icra edildiyini söyləyib və növbəti 5 il ərzində  bu prosesin sürətlənəcəyini bildirib. Dövlət başçısı  qeyd edib ki, 10 il ərzində 2 min 700 məktəb tikilib, 500-dən çox tibb müəssisə inşa edilib, yaxud təmir olunub, 41 olimpiya idman kompleksi istifadəyə verilib, çoxlu sayda mədəniyyət ocağı tikilib və ya bərpa edilib. Prezident İlham Əliyev növbəti 5 il üçün bu yaxınlarda qəbul ediləcək 3-cü dövlət proqramının da ölkə iqtisadiyyatının möhkəmlənməsində mühüm əhəmiyyətə malik olacağını vurğulayıb.  

 

Sonra İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Azərenerji ASC-nin prezidenti Etibar Pirverdiyev, Asərsu ASC-nin sədri Qorxmaz Hüseynov çıxış ediblər.

Konfrans-sərgiyə yekun vuran Prezident İlham Əliyev son 10 ildə əldə edilmiş uğurların növbəti illərdə də davam etdiriləcəyini , makro-iqtisadi vəziyyətin sabit qalacağını qeyd edib. O bunun üçün  heç bir maliyyə probleminin  olmadığını,  əsas xərclərin sosial və infrastruktur layihələrinə yönəldiləcəyini bildirib. Dövlət başçısı aparılan islahatların qarşıdakı  5 il ərzində növbəti proqramın icrası üçün kifayət qədər resursların olduğunu söyləyib və bütün layihələrin uğurla icra ediləcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev su, kanalizasiya, meliorasiya layihələri, kənd təsərrüfatının inkişafında ən müasir metodların tətbiqi, məhsuldarlığın artırılması, fermerlərin elektron qeydiyyat sisteminin yaradılması, bölgələr üzrə ixtisaslaşmanın aparılması, torpaqların elektron uçot sisteminin yaradılması, subsidiyaların verilməsində tam şəffaflığın təmin edilməsi, ərzağın keyfiyyətinin qorunması, aqro parkların, loqistika mərkəzlərinin yaradılması, bankların iqtisadiyyatın real sektoruna kredit şəklində daha böyük vəsait ayırmaları , korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin davam etdirilməsinin vacibliyindən və digər məsələlərdən də danışıb.

Dövlət başçısı ötən  10 ildə qarşıya qoyulan vəzifələrin  hamısının tamamilə icra edildiyini deyərək, əminliklə vurğulayıb ki, qəbul ediləcək 3-cü dövlət proqramı ölkənin inkişafına yeni töhfələr verəcək .        

 

# 3749
avatar

Oxşar yazılar