Prezident İlham Əliyev iyulun 8-də NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini Ceyms Appaturayı qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, NATO ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirən Alyansın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay uğurlu əməkdaşlığa, xüsusilə Azərbaycan sülhməramlılarının Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Dövlət başçısı NATO baş qərargahına son səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, Azərbaycan ilə NATO arasında əlaqələrin razılıq doğurduğunu bildirib, əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib.
Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.