“Hakimiyyət mənə hər hansı bir vəzifə təklif etsə, bu təklifi qəbul edib, heç bir vəzifəyə getməyəcəyəm. Belə bir fikrim yoxdur”.
Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, oktyabrın 9-da baş tutan prezident seçkilərində prezidentliyə namizəd olan Araz Əlizadə deyib.
A.Əlizadənin sözlərinə görə, 20 illik siyasi karyerası ərzində hər zaman müxalifətdə olub və bundan sonra da müxalifətdə qalmaq fikrindədir: “Mən bundan sonrakı siyasi karyeramı da həm iqtidarla, həm də müxalifətlə mübarizəyə həsr edəcəm”.
Partiya sədri prezident seçkilərindən sonrakı siyasi fəaliyyətini necə davam etdirəcəyi barədə suala da cavab verib. O bildirib ki, seçkilərdə məğlub olduğu üçün ASDP sədrliyindən istefa vermək və ya siyasətdən getmək kimi bir niyyəti yoxdur: “Mən siyasi fəaliyyətimi bir seçki üzərində qurmamışam. Bu günə qədər seçicilərlə ünsiyyət imkanlarım çox az olub. Arxada qalan seçkilərdə də bu imkandan yararlandım. Seçkidə məğlub olsam da, ən azından seçicilər mənim varlığımdan xəbərdar oldular”.