Paris və Əskişəhərdə Xocalı faciəsi ilə bağlı aksiyalar keçirilib
25 fevral 2013 11:56 (UTC +04:00)

Paris və Əskişəhərdə Xocalı faciəsi ilə bağlı aksiyalar keçirilib

Xocalının dinc sakinlərinə qarşı erməni silahlı qüvvələrinin törətdiyi vəhşilikləri pisləyən şüarlar səsləndirilib

 

Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Azərbaycan Evi fevralın 23-də Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar paytaxtın məşhur Monmart təpəsi yaxınlığındakı meydanda aksiya təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, meydana toplaşan yüzlərlə soydaşımız əllərində Azərbaycan və Fransa bayraqlarını, erməni qəddarlığını pisləyən plakatlar tutub, Xocalının dinc sakinlərinə qarşı erməni silahlı qüvvələrinin törətdiyi vəhşilikləri pisləyən şüarlar səsləndiriblər.

 

Aksiyada Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Fransa rəsmlərinə və şəhər ictimaiyyətinə ünvanlanan müraciət oxuyub. Müraciətdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Sovet ordusunun 336-cı motoatıcı diviziyasının köməyi ilə Xocalıya hücum edən erməni silahlı birləşmələrinin dinc əhaliyə vəhşicəsinə divan tutduqları, çox sayda qadın, uşaq və ahıl insanı qətlə yetirdikləri, minlərlə azərbaycanlının əsir götürüldüyü, “Humun Rights Watch“ insan haqları üzrə beynəlxalq təşkilatın bu faciəni münaqişənin ən böyük soyqırımı adlandırdığı öz əksini tapıb. Aksiya zamanı parislilərə və qonaqlara Xocalı soyqırımından bəhs edən broşürlar və vərəqələr paylanıb, balaca soydaşlarımız tərəfindən müdhiş gecədə ermənilər tərəfindən amansızlıqla qətlə yetirilən uşaqların adları yazılan şarlar havaya buraxılıb. Tədbir keçirilən meydanda “Xocalı uşaqların gözü ilə” rəsm əsərləri, eləcə də, dünya mətbuatında Xocalı soyqırımı haqqında dərc olunmuş materiallar sərgilənib. Aksiya iki saat davam edib.

 

Fevralın 24-də isə Türkiyənin Əskişəhər vilayətində Əskişəhər Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə qətliama həsr olunmuş fotosərgi açılıb. Daha sonra dərnəyin təşkil etdiyi etiraz yürüşü və anma proqramına Əskişəhərdə yaşayan azərbaycanlılar, qeyri-hökumət təşkilatlarının və yerli xalqın nümayəndələri qatılıb. Yedilər Parkı önünə toplaşan iştirakçılar Xocalı və Qarabağ şüarları səsləndirərək yürüşü Hamamyolu Caddəsində mətbuat üçün açıqlama ilə yekunlaşdırıb. Açıqlamada qeyd edilib ki, tarixin ən böyük və ən qanlı insanlıq cinayətlərindən biri olan Xocalı soyqırımının unudulmasına icazə verilməməlidir. Bu insanlıq cinayəti soyqırım olaraq tanınmalı, günahkarlar cəzalandırılmalı və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir. Yürüşdən sonra Əskişəhər Elm Sənət Mərkəzində keçirilən konfrans baş tutub. Konfransda Xocalı həqiqətlərini göstərən film nümayişinin ardından soyqırım haqqında iştirakçılara ətraflı məlumat verilib. Əskişəhərdə Xocalı Soyqırım Abidəsinin qoyulmasını təklif edən Türk Ocaqları Əskişəhər şöbəsinin müdiri, professor Ridvan Karluk Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən, 1 milyon insanın qaçqın düşməsindən danışıb: “Avropa və Amerikada güclü diaspora yaradaraq azərbaycanlılara qarşı edilən soyqırımı tanıtmaq və qəbul etdirməliyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842
avatar

Oxşar yazılar