Lent.az-ın “Sən haradasan” rubrikasının bu dəfəki qonağı “Bu gün” qəzetinin keçmiş redaktoru Nəsib İsmayılovdur. Onu ən çox baş redaktor kimi xatırlayırıq. Düzdür, bir ara deputatlığa da namizədliyini vermişdi, amma siyasi sahədə mediadakı qədər müvəffəqiyyət qazanmadı. Maraqlıdır, həmsöhbətimiz özünü nə jurnalist, nə də siyasətçi hesab edir. Deyir, işim media meneceridir. Lakin Nəsib İsmayılovu çoxdandır ki, ortalarda görmürdük. Bu günlərdə xəbər aldıq ki, yenidən mediaya qayıdır. Necə?
- 2002-ci ildən mediadan kənarlaşmışam. Bu müddət ərzində bir çox işlərlə məşğul oldum. İndi isə qayıtmaq bərədə fikirləşirəm. Bir layihəmiz var. Artıq sistem işlənib-hazırlanıb. Əslində dekabrda işə başlamalıydıq. Lakin ortaya planlaşdırılmamış başqa işlər çıxdı. Bu isə istehsal sektoruna aiddir.
- Layihəniz nədir ki?
- Rus dilində internet qəzet hazırlayırıq. Başlama tarixini isə yeni ildən sonra dəqiqləşdirəcəyik.
- Siz ən çox “Bu gün” qəzeti ilə tanındınız. O layihəni uğurla işə başladınız, amma sonra da sakitcə çıxıb getdiniz...
- “Bu gün”ü tabloid kimi nəzərdə tutmuşdum. Bu qəzetlər adətən kütləvi auditoriya üçün nəzərdə tutulur. Bu gün dönüb arxaya baxanda həmin zaman böyük uğur qazanan tabloidin ciddi qüsurlarının olduğunu görürəm. Tabloid buraxırsansa, qəzet növü kimi bunun qayda-qanunlarına əməl etməlisən. Məsələn, Rusiyanın “Komsomolskaya pravda” qəzeti bu tiplidir. Avropanın bir çox ölkələrində tabloidlər çıxır. MDB, Avropa ölkələrinin çap mediası sahəsindəki tendensiyaları diqqətlə izləyirəm. Tabloidlər çox böyük, fantastik tirajla çıxırlar. Polşada bu tipli “Fakt” qəzeti gündəlik 500-600 min tirajla çıxır. Serbiya kimi kiçik ölkədə 200 min tirajla çıxan tabloidlər var. “Bu gün”ü buraxan zaman mən tabloidlərin əsaslarını hazırkı qədər bilmirdim. Müvəffəqiyyət qazanmağımızda isə təəccüblü heç nə yoxdur. Sadəcə, konsepsiyaya əməl etmək lazımdır.
- O zaman da, elə indinin özündə də çoxları deyir ki, qəzetin arxasında ciddi maliyyə mənbəyi dayanmasa, özünü doğrulda bilməyəcək. Sizin o vaxtkı uğurunuzun arxasında kimsə var idi?
- Heç kim yox idi. Azərbaycanda birinci və sonuncu dəfə yalnız biz gedib Türkiyənin “Milliyyət” qəzetindən mətbəə alıb gətirdik. Media bir sənayedir. Arası kəsilməyən istehsal müəssisəsidir. Bütün istehsal sahələrində olduğu kimi, bunun da debiti və krediti var. Əgər balansda mənfi yaranırsa demək bu müəssisə özünü doğrultmur. Bizim vaxtlarda artıq media bir sektor kimi formalaşmağa başlayırdı. Hazırda iş o yerə gəlib çatıb ki, çap mediası rentabelliyin kandarından çox uzaqdır. Yəni bugünkü qiymətlər səviyyəsində özünü doğrulda bilməz. Kağızın, çapın, dozaklın qiymətinə diqqət etmək kifayət edir. Bugünkü şərtlərdən baxanda, hələ bizdə çap mediası tamamilə perspektivsiz görünür.
- Neçə ildir jurnalistikadasınız?
- Mən həmişə dostlarla da söhbətdə deyirəm ki, heç vaxt özümü jurnalist hesab etməmişəm. Mənim media aləmində yerimi təsnif edəndə daha çox media meneceri ifadəsi yerinə düşərdi. Bir çox jurnalist dostlarım hərdən söhbət əsasında bildirilər ki, çoxdandır yazmıram, yazmaqdan ötəri darıxmışam... Mən heç vaxt bu hissləri keçirməmişəm. Əksinə, heç vaxt yazmaqdan zövq almamışam. Mən mediada, sadəcə, prosesin özündən ləzzət alıram.
- Belə deyək, ən böyük əsəriniz “Bu gün” idi. Ondan ötəri də darıxmadınız?
- Ümumiyyətlə, mediadan ötəri darıxıram. Mən natura etibarı ilə tacir deyiləm, istehsalçıyam. Yəni çox böyük müvəffəqiyyətlə başqa bir şey də istehsal edə bilərəm. İstehsal prosesinin özü də yaradıcılıq tələb edir və bu, mənə ləzzət verir. Onu da etiraf edim ki, ən çox media istehsalından zövq alıram. O baxımdan, “Bu gün” mənim üçün xüsusən qiymətlidir.
- Bəs uğurlu bir işin sonunda qəzetin bağlanmasına nələr səbəb oldu?
- 1997-ci ildə işə başladıq. Təxminən 1999-cu ildən sonra Azərbaycanda siyasi proseslər intensivlik qazandı. Gündəmdə siyasi mövzular ağırlaşmağa başladı. Daha açıq desək, istehlakçı sırf müxalifət mövqeyində duran, aqressiv tonda çıxan qəzetləri istəyirdi. O vaxt iki variant var idi - ya döyüş əhval-ruhiyyəsi ilə çıxmalıydıq, ya da getməliydik. Mən konsepsiyaya sadiq qaldım. Siyasi ağırlıqlı qəzetlərə ehtiyac yarandıqca biz bazardakı yerimizi itirdik.
- Amma bu proses də uzun çəkmədi. O vaxt onminlərlə tirajı olan siyasi qəzetlər indi 7-8 min çıxanda sevinirlər...
- Belə deyək, 1998-ci ildən başlayaraq, 2003, hətta 2005-ci ilə qədər də ölkədə bir çoxları müxalifətin dəyişiklik edəcəyinə, hakimiyyətə gələcəyinə inanırdı. Yüksək tirajlı qəzetlər xalqa bu cür materiallar verirdi. İndi xalq bu materialı qəbul etmir. Üstəgəl, başqa problem var. 1999-cu ilin sonundan etibarən yayım strukturu dağılmağa başladı. Bir çox qəzet köşkləri yığışdırıldı, əl yayımında əngəllər ortaya çıxdı. İnfrastruktur dağıldı. Yəni qəzetlərin hazırkı vəziyyətə düşməsi tək yox, kompleks səbəblərlə bağlıdır. Əslində 8 milyonluq əhalisi olan bir ölkə üçün bu tirajlar çox təəccüblü görünür. Bizdə son dərəcə bərbad vəziyyətdir. Çap mediası ildən-ilə yalnız geriyə gedir.
- Yeni layihəniz barədə nə danışa bilərsiniz? Bu işə mediadan ötəri darıxdığınıza görə baş vurursunuz?
- Çap sahəsindəki vəziyyət bəllidir. Bu durumda internet qəzet üzərində dayandıq. Çünki internet qəzetin məsrəfləri çap mediası ilə müqayisə edilməz dərəcədə azdır. Amma bu işin də problemləri var. Birincisi, bizdə internet istifadəçilərinin sayı azdır, internet xidmətləri bahadır, internetdə qəzet oxumaq Azərbaycan üçün yeni bir şeydir, bu mədəniyyət hələ oturuşmayıb. Bizdə hələ internet mobil telefon və televizor kimi məişətin ayrılmaz bir elementinə çevrilməyib. Bununla belə, mən yalnız internet qəzetə üstünlük verirəm.
- Bu iş ölkədə yeni yaransa da ciddi rəqibləriniz olacaq...
- Əslində bu seqment bizdə hələ boşdur. Rus sektorunda 1 və ya 2 internet qəzet adı çəkmək olar. Azərbaycan sektorunda isə Lent.az-dan başqa demək olar ki, internet qəzet yoxdur. O biriləri yalnız həvəskar səviyyədədir. Yəni söhbət sırf internet qəzet standartlarına cavab verməkdən gedir. Azərbaycanda çox vaxt portalla elektron qəzeti qarışdırırlar. Bizdə çox vaxt bir işlə məşğul olanda onu həftəbecərə çevirməyi sevirlər. Bizi Qazetta.az adlı internet qəzet hazırlayacağıq. Bu, sırf rusdilli internet qəzet olacaq.
- Niyə məhz rus dilində?
- Məsələ ondadır ki, Azərbaycanda bu günün özündə də biznes strukturlarında orta və yuxarı menecmentin əksəriyyəti rusca oxuyur. Mən də internetdə rusca oxuyuram. Biz keyfiyyətli internet qəzeti fikirləşirik. Yəni sensasiya arxasınca qaçmayan, maqazinçilikdən uzaq, ciddi qəzet olsun. Biz qəzeti ən azı orta səviyyədə yaşayan, orta və yuxarı menecmentə xitab etmək istəyirik. Bu auditoriyanın qəzeti olandan sonra reklam verənlər üçün də cəlbedici olacağıq. Mən rusdilli deyiləm. Orta məktəbi Azərbaycan dilində bitirmişəm. Evimdə də azərbaycanca danışıram. Peşə etibarilə isə rus dili filoloquyam, hazırkı Slavyan Universitetini bitirmişəm.
- Bizdə internet qəzetlərə reklam vermək vərdişi azdır. Sizcə, çətin olmayacaq ki?
- Təbii ki, çətin olacaq. Mənim dostum Vüsalə Mahirqızı həmişə deyir ki, bizim reklamverənlər reklamlarını görmək, ona əlləri ilə toxunmaq istəyirlər. Yəni pul vermişəm və buna əl vurub hiss etməliyəm. İnternet virtual məkandır. Amma bununla bərabər, internet reklamın da üstünlükləri var. Məsələn, şirkət reklamını əsasən ofis işçiləri üçün nəzərdə tutubsa, bunu saat 9-dan 5-ə qədər vermək istəyir. Ofisdə işləyib, internetə girmək imkanı olan insanların alıcılıq qabiliyyəti daha yüksəkdir. Belə bir zamanda reklamı potensial alıcıya xitab edirsən, amma çap mediasında bu imkan yoxdur. Bundan başqa, internet məkanında coğrafi hədəflər də var. Əslində, reklamın dəqiq hədəfə düşməsi üçün internetdən daha ideal məkan yoxdur və bunu artıq başa düşürlər.
Onu da deyim ki, mən əslində Qazetta.az-ın böyük biznes strukturuna çevrilməsini gözləmirəm. Mediaya dair böyük planlarım Azərbaycanla bağlı deyil. Azərbaycan mediasının gələcəyi ilə bağlı çox optimist deyiləm.
- Bəs bu planlarınız hara ilə bağlıdır?
- MDB-də üç yerdə media yaxşı inkişaf edir – Rusiya, Ukrayna, Qazaxıstan. Rusiya bazarı çox böyükdür və bura yeni iştirakçı kimi girmək çox çətindir. Bunun üçün çox nəhəng pullar tələb olunur. Ukrayna, Qazaxıstanda və ən aşağısı Moldova barəsində fikirləşmək olar. Moldovada həftəlik qəzetlərin tirajı 25-35 min civarındadır.
- Qəzet redaktoru olduğunuz vaxt siyasi düşərgələrdən hansısa sizi yanına çəkmək istəyibmi?
- Heç kimə sirr deyil ki, mənim Xalq Cəbhəsi partiyası ilə yaxınlığım olub. Bir zamanlar başıma vurmuşdu ki, siyasətçi olum. Allah zamanında məni başa saldı ki, səndən siyasətçi olmaz.
- Allahın sizə yazığı gəldi...
- (Gülür) Allahın Azərbaycan xalqına yazığı gəldi. Həm də zamanımı boş yerə xərcləmədim.
- Siyasətə gəlib prezident olmaq istəyirdiniz?
- Yox, mən həmişə yuxarı həddimi bilmişəm. Azadlığı həddən artıq yüksək qiymətləndirirəm. 2000-ci ildə deputatlığa namizədliyimi vermişdim. Amma sabah məni parlamentə dəvət etsələr, razı olmaram. İndi mənim üçün hər gün parlamentə getmək darıxdırıcı və bezdirici bir iş olardı. Parlamentdə xüsusi bir yaradıcılıq atmosferi görmürəm. Siyasətin mənim yerim olmadığını tez başa düşdüm. Allah bəndəni yaradanda onun üçün mütləq bir təyinat fikirləşir. Sadəcə, həmin yeri tapmaq lazımdır.
- 38 yaşınız var. Qərbdə, ümumiyyətlə, inkişaf etmiş ölkələrin bir çoxunda insanların əksəriyyəti artıq 35 yaşlarına qədər daimi yerlərini tapırlar. Bizdə isə belə deyil sizcə bunun səbəbi nədir? Məsələn, Siz bu yaşa qədər qarşınıza qoyduğunuz bəzi məqsədlərə çata bildiniz?
- Çatmamışam. Mənə Allaha inananam. Taleyə də inanıram. Allah hər kəs üçün bir tale yazır. Əgər vəziyyət belədirsə, demək, belə yazılıb. Sonuncu müqəddəs kitabda da bu məsələlər çox aydın şəkildə yazılıb. Sadəcə olaraq, biz nə yazıldığını bilmirik. Azərbaycan şəraitində də o qədər gənc yaşlarında ikən uğur qazanan insanlar var ki... Təbii ki, bizdə sistem başqadır. Məsələn, Avropada bank sistemində işləməklə bizdəki eyni deyil. Orada bu ixtisas üzrə yüksək səviyyəli universiteti bitirən şəxs ən aşağı işlə başlayır və demək olar ki, hansı yaşda hansı yerdə olacağını da bilir. Orada bank sistemində orta menecmentdə işləmək çox böyük uğur deməkdir. Onların hətta ailəsinin istirahətinə qədər hər şey təmin olunur. Biz hələ bu yolu çox uzun getməliyik. Amerikada hər il jurnalda yaşı 18-ə çatmamış milyonçuların siyahısı dərc olunur. Bizdə isə belə milyonçu tapmaq mümkün deyil. Məsələn, həmin milyonçulardan biri sərvətinə internet-mağaza ilə çata bilib. İşə də 13 yaşında ikən başlayıb.
- Mediadan uzaq olduğunuz illərdə nəsə cəlbedici hadisə baş verdimi?
- Mən romantik deyiləm. Baxıram ki, bir çox dostlarım müsahibələrində çox maraqlı hadisələri xatırlayır, həyatla bağlı dərin fəlsəfi fikirlər söyləyir, insanları duyğulandıra bilirlər. Mən isə bundan tamamilə uzağam.
- Romantik olmamağınız yaxınlığınızda olan bəzi insanların probleminə çevrilmir ki?
- Yox. Mən başa düşürəm nə deyirsiniz... Amma burda vəziyyət fərqlidir. Bəzi jurnalistlər həyatlarından çox gözəl əhvalatlar danışa bilərlər ki, bu da onların haqqında xeyli məlumat verər. Görünür, jurnalistlər arasında təsadüfi adamam. Mənim danışacaq hansısa maraqlı əhvalatım yoxdur. Romantika deyəndə mən həm də haradasa şer yazmağı da nəzərdə tuturam.
- Heç şer yazmamısız?
- Cavan vaxtı olub.
- Görürsünüz, axtarsaq, bəzi şeyləri tapa bilərik. Mənə elə gəldi ki, siz özünüzü duyğusal aləmdən bir az da qəsdən ayırmaq istəyirsiniz...
- ...
- Nə mövzuda şer yazırdınız?
- Cavan vaxtı hamı məhəbbətdən yazır. Amma heç vaxt bu işə ciddi yanaşmamışam. Məsələn, mən nasir ola bilərdim. Amma bu iş mənim üçün cəlbedici deyil. Heç yaddaqalan yazım da yoxdur.
Səbinə Əvəzqızı
Nəsib İsmayılov: “Başıma vurmuşdu ki, siyasətçi olum” - MÜSAHİBƏ
2321