Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) partiyanın Suraxanı rayon təşkilatı barədə verilən şikayətə baxıb.
MNTK sədri Sevinc Hüseynova APA-ya açıqlamasında bildirib ki, Suraxanı təşkilatının Şura üzvü Fəzli Mehdiyev və digər iki nəfərin şikayətinə əsasən təşkilatın martın 27-də keçirilən Şura iclasının qərarları ləğv edilib. O deyib ki, rayon təşkilatının sədri Rövşən Dəmirli dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq MNTK-nın iclasına qatılmayıb.
Qeyd edək ki, sözügedən Şura üzvləri iclasa dəvət edilmədiklərini əsas gətirərək Şuranın qərarlarından MNTK-ya şikayət veriblər.
Xatırladaq ki, martın 27-də Müsavat Partiyasının Suraxanı rayon təşkilatının Şura iclasında rayon ərazisindəki 3 seçki dairəsindən 3 nəfərin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edilib. Qərara əsasən 30 saylı seçki dairəsindən Vurğun Əyyubun, 31 saylı dairədən Fəxrəddin Əhmədin, 32 saylı dairədən isə Xatirə Allahverdiyevanın namizədlikləri irəli sürülüb.