Müsavat Partiyası AXCP-yə müqavilə təklif edir
13 dekabr 2013 12:28 (UTC +04:00)

Müsavat Partiyası AXCP-yə müqavilə təklif edir

“Müsavat Partiyası Divanının verdiyi son qərar yalnız Milli Şura və burada təmsil olunan siyasi qüvvələrlə əməkdaşlığa aid deyil. Bu, həm də Azərbaycanda olan müxalifət mövqeli siyasi partiyaların, ictimai birliklərin, gənclər təşkilatlarının, hətta ayrı-ayrı şəxslərin ölkədə demokratiyanın inkişafı istiqamətində birgə fəaliyyətinin perspektivlərini araşdırmaq barədə qərar qəbul etmişik. Bu istiqamətdə ilk görüşümüzü də bu gün saat 15:00-da Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə bu partiyanın qərargahında keçirəcəyik”.

 

Bu sözləri Lent.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

 

O bildirib ki, Müsavat Partiyası müxalifət partiyalarının daha dərin ölçüdə əməkdaşlığının yaradılmasının, münasibətlərin bütün dünyada qəbul olunmuş sivil metodlarla, yalnız kiminsə mülahizələri ilə deyil, müqavilələrlə tənzimlənməsinin tərəfdarıdır: “Azərbaycanda hər zaman müxtəlif müxalifət birlikləri yaranıb və bu birliklərdə təmsil olunan qüvvələrin öz münasibətlərini tənzimləməklə bağlı müxtəlif təşəbbüslər irəli sürülüb. Bu məsələlər bir qayda olaraq, seçkilər ərəfəsində seytnot vəziyyətində həll edilirdi. Biz də yaxın zamanda Azərbaycanda ciddi seçkilərin keçirilməyəcəyini nəzərə alaraq, bu münasibətlərin tənzimlənməsi istiqamətində hərtərəfli müzakirə aparmaq və qarşıda bizi gözləyən mübarizədə öz tərəfdaşlarımızı müəyyənləşdirmək istəyirik”.

 

A.Hacılı deyib ki, AXCP rəhbərliyi ilə görüşə bir sıra konkret təkliflərlə gedirlər. Müsavat rəsmisinin sözlərinə görə, görüşdə Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri olması məsələsi ilə bağlı da fikir mübadiləsi aparıla bilər: “Bu mövzu ətrafında danışa bilərik. Ancaq müzakirələrin əsas mövzusu Müsavat Partiyasının digər siyasi qurumlarla müttəfiqlik münasibətlərinin perspektivi ətrafında olacaq”.

 

Son zamanlar Milli Şurada təmsil olunan bir sıra qüvvələrin Müsavat Partiyasını bu qurumdan çıxmağa təhrik etməsi ilə bağlı faktların olduğunu qeyd edən Müsavat Mərkəzi İcra Aparatının rəhbəri bəyan edib ki, bugünkü görüşdə bu məsələlər ətrafında da müzakirə aparılıb, bunun səbəblərini öyrənməyə çalışacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535
avatar

Anar Gəraylı

Oxşar yazılar