Müsavat Partiyası Milli Şuradan çıxmağa hazırlaşır. Lent.az-ın məlumatına görə, partiya yaxın günlərdə bu məsələ ilə bağlı konkret qərar verəcək.
Qeyd edək ki, Müsavat Milli Şuranın təsisçi qurumlarından biridir və qurumda ən çox üzvlə təmsil olunan 3 orqandan biridir.
Partiyanın Milli Şurada fəaliyyətini dayandırmaq niyyətinə isə Milli Şuranın dünənki sessiyasında yaşananlar səbəb olub.
Belə ki, dünən keçirilən sessiyada AXCP sədri Əli Kərimlinin təklifi və digər Milli Şura üzvlərinin dəstəyi ilə MŞ-in sabiq sədri Rüstəm İbrahimbəyov qurumun fəxri sədri seçildi. Mətbuatdan isə məlumdur ki, Müsavat Partiyası rəhbərliyi Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri postunda qalmasına tərəfdar deyildi. MŞ-in həmsədrlik institutuna keçməsi məsələsinin müzakirəsi zamanı Müsavat təmsilçiləri buna kəskin münasibət bildirmiş və kinodramaturqun sədrlik imtina etməsində israr etmişdi. Məlumdur ki, yekunda da məhz bu cür oldu. Bununla belə, Müsavat Partiyası məqsədinə tam nail ola bilmədi və İbrahimbəyov həmsədr kimi olmasa da, fəxri sədr kimi Milli Şurada təmsil olundu.
MŞ-in dünənki sessiyasında Müsavat başqanı İsa Qəmbərin bu məsələ ilə bağlı mövqeyi isə çox sərt və konkret olub. İ.Qəmbər sessiyada çıxışını zamanı deyib ki, başqa bir dövlətin vətəndaşının sədr olduğu təşkilatın üzvü olmaq Müsavat Partiyası üçün məqbul deyil.
R.İbrahimbəyovun MŞ-ə fəxr sədr seçilməsi səsə qoyulmazdan əvvəl çıxış edən Müsavat başqanı bildirib ki, əgər əksəriyyət kinodramaturqun fəxri sədrliyinə səs verəcəksə, Müsavat Milli Şurada təmsil olunan dostlarla vəziyyəti bir daha ciddi qiymətləndirməli olacaq.
İ.Qəmbərin bu açıq mesajından sonra keçirilən səsvermədə isə R.İbrahimbəyov MŞ-in fəxri sədri seçildi.
Müsavat başqanı ilə eyni mövqedən partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı da çıxış edib. O, sessiyadan sonra APA-ya verdiyi açıqlamada deyib ki, Müsavat Milli Şurada fəaliyyəti ilə bağlı məsələni müzakirə edib, yekun qərar verəcək.
Partiyanın iki əsas simasının bu açıqlamaları onu deməyə əsas verir ki, yaxın günlərdə Müsavatın Milli Şuradakı fəaliyyətini dayandırdığı ilə bağlı yekun qərar verilə bilər.