Müsavat Partiyası Milli Şuradakı fəaliyyətini daha bir həftə davam etdirmək qərarı verib.
Bu barədə partiyadan Lent.az-a daxil olan məlumata görə, Müsavat Divanının bugünkü iclasında qərara alınıb ki, qarşıdakı bir həftə ərzində Açıq Cəmiyyət Partiyasından başqa, Milli Şurada təmsil olunan digər partiya və təşkilatlarla ayrı-ayrılıqda görüşlər keçirilsin və bundan sonra MŞ-in fəaliyyətində iştirakla bağlı yekun qərar verilsin.
Partiya Divanının iclasında qərara alınıb ki, növbəti iclasa qədər MŞ-də təmsil olunan tərəflərlə ayrılıqda görüşülsün və qurumun bundan sonrakı fəaliyyəti ilə bağlı ətraflı müzakirələr aparılsın.
Bu qərarın alınmasında, həmçinin, Milli Şuranın dekabrın 15-ə təyin etdiyi mitinqi də əhəmiyyətli təsir göstərib. Divan üzvləri bu qərara gəliblər ki, Müsavatın Milli Şura ilə bağlı indiki anda qərar qəbul etməsi, qurumun mitinqinə də zərbə vurmuş olar.
Məlumatda o vurğulanır ki, Müsavat Partiyası Milli Şuradakı gələcək fəaliyyəti ilə bağlı yekun qərarını Divanın növbəti iclasında, gələn həftənin bazar ertəsi günü müəyyənləşdirəcək.