Müsavat Gənclər Təşkilatının sədri postuna seçkilər noyabrın 16-da keçiriləcək. Bu barədə Lent.az-a Müsavat GT-yə seçkilərin təşkilat komitəsinin üzvü Vasif Sadıqbəyli məlumat verib. O bildirib ki, yaxın 3 gün ərzində Müsavat GT-nin sədrliyinə namizədliyini irəli sürəcək şəxslər rəsmi şəkildə müəyyənləşəcək: “Biz artıq bu gün keçirilən iclasda üzvlərə bu barədə tövsiyə etdik ki, kim namizəd olacaqsa, 3 gün ərzində təşkilat komitəsinə müraciət etsin. Çalışırıq ki, növbəti seçkilərdə namizəd tərəflər arasında heç bir narazılıq yaranmasın”.
Lent.az-ın əldə etdiyi məlumata görə, Müsavat GT sədrliyinə namizəd olacaq şəxslər müəyyənləşib. Məlumata görə, nəticələri ləğv olunan sonuncu seçkidə namizəd kimi iştirak edən Müsavat GT üzvləri Rauf Məmmədli və Cavid Hacıbəyli budəfəki seçkilərdə namizəd olmayacaqlar.
Gələn ay keçiriləcək seçkidə isə Müsavat GT-nin üzvləri Rüfət Hacıbəyli və Əhliman Abbasovun namizəd olacağı bildirilir.
Xatırladaq ki, Müsavat GT-yə keçirilən sonuncu seçkilərdə C.Hacıbəylinin qalib olduğu açıqlanmış, lakin sonradan seçkidə iştirak digər namizəd R.Məmmədlinin partiyanın Divanına verdiyi şikayətə əsasən, seçkilərin nəticələri ləğv edilmiş və yeni seçkilərin keçirilməsi qərarlaşdırılmışdı.
Müsavat GT-nin son sədri Tural Abbaslı olub. O, yaş məhdudiyyətinə görə, GT sədrliyindən ayrılıb.