Multikulturalizm siyasəti və vətəndaş cəmiyyəti
02 oktyabr 2014 13:32 (UTC +04:00)

Multikulturalizm siyasəti və vətəndaş cəmiyyəti

Multikulturalizm – bu “mədəni müxtəliflik” bütün ölkələri düşündürən siyasətə çevrilib. Bu yanaşmadan Qərb alimi S.Hantinqton multikulturalizmə belə tərif verib: “Dünyada insanlar arasındakı ən mühüm fərqlər nə siyasi, nə iqtisadi, nə də ideoloji fərqlərdir. Bunlar mədəni fərqlər və müxtəlifliklərdir. İnsanlar ən sadə suala cavab istəyirlər. “Biz kimik?” sualını din, dil, tarix, dəyərlər, adət-ənənələr - yəni mədəniyyət anlayışı ilə cavablandırırlar. Yalnız “kim” olduğunu biləndən, müəyyənləşdirəndən sonra hər bir xalq yaşayış siyasətini müəyyənləşdirməyə başlayır. Müstəqil, demokratik prinsiplərə söykənən hüquqi dövlət və  vətəndaş cəmiyyətinin təşəkkül prosesində mədəniyyətdə  mədəni-milli identiklik, mədəni özünəməxsusluq və multikulturalizm arasında qarşılıqlı təsir dinamikası qüvvətlənir”.

 

Akademik R.Mehdiyevin fikrincə, “Siyasi sistemin optimal inkişaf amili kimi siyasi mədəniyyətin uzun tarixi müddət ərzində formalaşması da qəbul edilmiş fikirdir. Müasir dövrdə “vətəndaş mədəniyyəti”nin sinonimi kimi işlədilsə də, siyasi mədəniyyət özündə hər bir dövlətin yüksəlişində siyasi imkanların bütün spektrini, səfərbərliyini, siyasi davranışın və münasibətlərin hakim stereotiplərini ehtiva edir”.

 

Müasir bəşəriyyət baş verən mədəni universallaşma və unifikasiya proseslərinə əks olaraq mədəni müxtəliflik göstəricisi olan fenomenlərin əsasən də (dil, irq, din, adət-ənənə  və s.) qorunması və qayğısını dünya mədəniyyətində balanslaşdırmanın özülü kimi qəbul edirlər. Bu baxımdan laqeydlik, biganəlik, getdikcə yerli-lokal, immiqrant mədəniyyətlərinə münasibətdə beynəlxalq miqyasda diqqət yönəlməsinə səbəb olub.

 

Dövlətçilik ənənələri olan ölkələrdə, məsələn Avropa ölkələrində, ABŞ-da və s.  “milli” anlayışı bəzən məhz ikinci mənada işlənir və “ümumxalq”, “ümumdövlət” anlayışlarını özündə əks etdirir.

 

Qərbdə mədəniyyət texniki, yəni texnoloji istiqamətdə inkişaf edərək dünyaya yayılıb texnosivilizasiyalaşma kimi təşəkkül tapır, klassik  mədəniyyətin “məhvi”, “sonu”, “qürubu”, “süqutu” tək müəyyən konsepsiyaların yaranmasına şərait yaradır. M. Linq də “multikulturalizm”i ideologiya kimi xarakterizə edərək yazır ki, “Amerika millətlərin milləti, milli mədəniyyətlərin və federasiyaların ümumi hakimiyyətidir.” Belə ki, vahid dövlətin geosiyasi məkanında mövcud olan multikulturalizm siyasəti kimi müasir “vətəndaş milləti” (“civic nation”) konsepsiyasında onun formalaşmasının tarixi modelindən törəyir. Fərdlərin mədəni-müxtəlifliyinin vahid siyasi-mədəni icmaya məxsusluğunun ümumi ortaq məxrəci və ya “qızıl ortası” kimi onların əsil mədəniyyəti, həm də vətəndaşlığı vətəndaş millətinin müəyyənləşdirici meyar göstəricisidir. Bu tip modeldə “millət”, “mədəni müxtəlifləşmə” ilk əsasda etnik mənşə, etnik mədəniyyət yox, vətəndaşlıq və bu vətəndaşlığın mədəni göstəriciləri deməkdir. Qərbdə ABŞ, Fransa, İsveçrə, Böyük Britaniya, Belçika həmin mədəni müxtəlifliyi əks etdirən vətəndaş milləti konsepsiyasını əks etdirən gerçəklikdir.  Burada vurğulayaq ki, müasir gənc müstəqillik qazanan dövlətlərin əksəri həm “vətəndaş milləti” , həm “vətəndaşlıq”, həm də “etnik mədəni müxtəlif millət” elementlərini özündə birləşdirən subyektdir. Bu elementlərin  qarşılıqlı nisbəti həm dövlətdən dövlətə, həm də tarixi zaman kontekstində belə fərqləndiricidir.

 

Bu baxımdan İ. Məmmədzadə mənşə etibarilə Amerikan mədəniyyətinin elə bu günkü qlobal mədəniyyət olduğunu qeyd edərək yazır: “Amerikanizmin qlobal mədəniyyət kimi meydana gəlməsinin səbəblərindən biri kimi ABŞ-ın öz mədəniyyətlərini multikultural mədəniyyət kimi qəbul etdiklərini göstərir.” Multikulturalizm siyasəti ideyasında hər bir müasir millət həm etnik, həm də siyasi-hüquqi vətəndaş icması rolunda çıxış edir. Bu konsepsiya, yəni vətəndaş  (vətəndaş-ərazi) milləti konsepsiyasının müxtəlif cəhətləri E.Smit, Q.Kon, R.Brubaker, K.Briant, V.Kimlicka kimi Qərb nəzəriyyəçilərinin konsepsiyalarında izah edilmişdir. Bu yanaşmadan J.Linz və F.Stepan öz araşdırmalarında göstərir ki, “Vətəndaş millətinin formalaşması, ictimai inteqrasiyanın dərinləşməsi demokratikləşmə prosesi ilə çox bağlıdır.” Siyasət elmində belə bir fikir çoxdan təsdiqini tapıb ki, eyni mənşəli-etnik homogen cəmiyyətlərdə demokrartik konsentrasiyası-təmərküzləşməsinin uğur qazanmaq ehtimalı daha çox olur. Əksinə, əhalinin tərkibi etnik, mədəni, dil, dini aspektdən nə qədər müxtəlif olursa, fundamental demokratik dəyərlər baxımından həmrəyliyin əldə edilməsi və dövlətin siyasi icmasının formalaşdırılması siyasəti bir o qədər də mürəkkəb olur. Nəzərə yetirək ki, belə mədəni-müxtəliflik demokratikləşmənin uğurlu inkişafı qarşısında keçilməz sədd və ya mane deyildir. Belə ki, nəinki Avropa və Amerika reallığında, bu həm də Azərbaycan geosiyasi ərazisində də mövcuddur. Azərbaycan məkanında müxtəlif etno-mədəni və dini icmaların əsrlər boyu yanaşı yaşaması,bir-birinə dözümlülüyü həm də siyasi sferada da aşkar tolerantlıq ənənələrinin sübutudur.  

 

Nəzərə yetirək ki, demokratiya tranziti “zamanı multimədənilik özü də mürəkkəb vəziyyətlər törədə bilər.” Multikulturalizmlə bağlı siyasət və bu və ya digər nəzəri modelin seçilməsini nəzərdə tutmalıdır ki, yalnız bu zaman mədəni müxtəlifliklə əlaqəli vətəndaş cəmiyyətindən bəhs etmək olar. Belə ki qloballaşma dövründə milli mədəniyyət, mədəni müxtəliflik,çox mədəniyyətlilik özü vətəndaş cəmiyyəti bu problemə həssas yanaşmalıdır. Çünki qloballaşmanı qəbul etməyən kulturlar üçün qloballaşma daha dağıdıcı, mədəni rəngarəngliyin şərti ola bilər. Multikulturalizm müxtəlif  elmlər qovşağında və yaxud konkret bir elm kontekstində araşdırıla bilər. Şübhəsiz ki, fenomen ideologiya və siyasətdir. Burada ümummilli dəyərlər irqi və etnik kulturlara qarşı dövlət siyasətində müqavimətlə yox, əksinə mülayimlik və ya dözümlülük göstərməyi tələb edir. Multikulturalizm demək siyasət elminin də obyektidir. Bu politoloji yanaşmada Dövlət-hakimiyyət siyasətində vətəndaş cəmiyyətinin tərəfdaş kimi problemin çözülməsində yaxın iştirakını da məqbul edir. İctimai iştirakçılıqla siyasi proseslərin tənzimlənməsi də rəngarəng mədəniyyətlərin siyasiləşməməsi, yalnız mədəni konturlarla nizamlanmasına da kömək etməlidir. Demək bu fenomen sosiumun vacib elementi kimi qorunmalıdır ki, siyasiləşib müxtəlif fəsadlar törətməsin. Bu da bəllidir ki, mədəni birlik və mədəni qurumlar mədəniyyətin sosial həyatının bütün tərəflərini əhatə etməklə bahəm, bəzən siyasi proseslərə də təsir göstərir.

 

Mədəniyyətin etnik, milli və bəşəri tərəflərinin formalaşmasında mədəni xüsusiyyət və amillərin eyniyyəti mühüm rol oynayır. Prezident İlham Əliyevin dediyi kimi: “Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Hər bir insan- həm ölkənin vətəndaşı, həm ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara , o ənənələrə hörmətlə yanaşmalıdır.”  Bu baxımdan, görən belə olduqda cəmiyyət çox böyük, müxtəlif mədəniyyətli insanlar toplusunu əhatə etdikcə, onun inkişaf amili yüksəlir, yoxsa enir? Yaxud artır və ya azalır? Hər hansı mədəni qrupun öz müəyyən bacarıq və imkanları olur.

 

Mədəniyyətin differensiyasında  dil, irq, din,  sənət, siyasi-mədəni qurumlar və s. kimi oxşar nümunələrindən biri, sistem quran səbəb kimi, konkret etnik birliyi digərinə münasibətdə təşkilatlandıran güc olaraq meydana çıxır. Məsələn, N.Vısotskaya görə “multikulturalizm və ya mədəni müxtəliflik” çoxsaylı mədəni qrupların, fərqli milli mənsubiyyətlərin, dinlərin və s. göstərən cəmiyyətin təyinidir”. Məhz bu nöqteyi nəzərdənsə paralellik aparsaq, digər tədqiqatçı S. Xəlilovun münasibəti də diqqət çəkir. Belə ki, S.Xəlilova görə “Biz Avropadan elmi-texniki inkişaf səviyyəsini, rasional düşüncə üslubunu, siyasi təfəkkür mədəniyyətini, fəlsəfi təfəkkürün hüquq müstəvisinə köçürülməsinimi götürmək istəyirik? Yoxsa onların özünün xilas olmağa çalışdığı və məmnuniyyətlə xaricə ixrac etdiyi “kütləvi mədəniyyətimi” nəzərdə tuturuq?”  Hər bir insan istənilən hər hansı bir mühitdə müəyyən milli-mənəvi dəyərlər sistemi çərçivəsində formalaşır. Lakin başqa bir şəraitə düşəndə, həmin şərait-mühitlə bu insan arasında ziddiyyətlər meydana çıxır. Məhz belə insanın digər ona yabançı olan mədəni-mənəvi mühitə uyğunlaşması onun ənənəvi, milli-mənəvi kökündən uzaqlaşması ilə formalaşır.

Burada müəyyən faktorun rolu və əhəmiyyəti əsasən nisbi xarakterlidir. Müxtəliflik və fərqliliyin əsas göstəricisi etnik mədəniyyətin hansı bir xüsusiyyətinin digər mədəniyyətdə olmamasıdır. Tarixdə bu fərqli xüsusiyyət mədəniyyətlərin təbii mahiyyət əlaməti kimi deyil, onları ayıran konflikt, qarşıdurma, özgəlik, yad və s. kimi qəbul edilir.

Azərbaycan reallığına nəzər yetirəndə müsbət tendensiyalar diqqət çəkir. Qeyd edək ki, vətəndaş cəmiyyətinin formalaşması ötən XX əsrdə elmi-texniki inqilabla yanaşı, həm də ondan sonra ikinci, yəni sosial inqilab kimi zarakterizə olunur. Müstəqilliyin ikinci dəfə bərpasından sonra Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü və formalaşması kimi ictimai hadisənin baş verməsi, dövlətçiliyin demokratik institutsional əsaslarını şərtləndirən strujtur dəyişiklikləri, cəmiyyəti təşkil edən müxtəlif sosial tip və stereotiplərin bir-birini əvəzləməsi gedişatı kimi çətin bir proses başladı. Belə dönəmlərdə siyasəti və siyasətçiləri, onların məqam və missiyalarını insanlara çatdırmaq üçün bu kimi ideyalarının trayektoriyasını davam etdirtmək, geniş kütlələrə düzgün təhlil, maarifləndirmə və məlumatlandırmanı ötürmək missiyasını vətəndaş cəmiyyəti institutları həyata keçirməyə cəhd edir. Təbii ki, burada  vətəndaş cəmiyyəti nümayəndələri xalq, geniş əhali üçün anlaşıqlı və düzgün məlumat “paketi” ilə xalq-dövlət arasında olan problemlərin çözülməsi üçün körpü, vasitəçi, bəlkə də qarşılıqlı əlaqələndirici kimi çıxış edir. Müstəqil Azərbaycan mədəniyyətinə nəzər yetirəndə, aydın olur ki, problemin siyasi-mədəni təhlili iki paralellikdə aparılmalıdır. Dünya mədəniyyəti və Azərbaycan. Nəzərə çatdıraq ki, Azərbaycanda çoxçalarlı mədəniyyətlər və onun  da müxtəlif tipləri mövcuddur.  Dünya  müasir mədəniyyətləri kimi, Azərbaycan mədəniyyəti də vətəndaş cəmiyyətinin təşəkkülü prosesində  multikultural xarakter kəsb edir. Milli mədəniyyətlə paralel multikulturalizm də buraya daxil olaraq, keçmişə, mədəni, mənəvi irsə, tarixə yeni kontekstdən nəzər salınmasını şərtləndirir. Kütləvi baxışda özünəməxsusluq hələ də ənənəviliklə, müasirlik isə qərbləşmə (amerikalaşma) ilə əlaqələndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “XXI əsr: ümidlər və çağırışlar”  devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumda söyləmişdir ki, “Nəinki Azərbaycanda, bir çox ölkələrdə və qonşu ölkələrdə multikulturalizmin böyük ənənələri vardır. Ona görə də, bu gün multikulturalizmi şübhə altında qoymaq, yaxud onun iflası haqqında danışmaq hesab edirəm ki, həm yersizdir, həm zərərlidir. Çünki multikulturalizmin alternativi yoxdur”. Qloballaşma, modernləşmə və demokratik proseslər multikulturalizmin ümumi xarakter daşımasına səbəb olur. Təhlillərdən aydın olur ki, Avropada multikulturalizm ünsürləri nisbətən gec təşəkkül tapdı. ABŞ-da artıq multikulturalizmin inkişafında əhəmiyyəti qəbul edildi.

 

Belə ki, millətlərin və milli etniklərin  bərabər hüquq əldə etdiyi multikulturalizmin inkişaf etdiyi Azərbaycanda bu mədəniyyətlər arasında qarşılıqlı Dialoq azadlığı vardır. Azərbaycanda müxtəlif milli-mənəvi və konfessional birliklər öz xüsusiyyətlərini hərtərəfli şəkildə inkişaf etdirmək imkanına malik olaraq həm də, başqa mədəniyyətdən də yararlanaraq, istifadə etmək imkanına malikdir. Ölkədə multikulturalizmin yaranması  və inkişafında modernləşmə və Azərbaycançılıq ideologiyası da əsas amildir. Bu ideologiyanın əsasını millilik, dünyəvilik, sosial ədalət, demokratiya, milli tərəqqi insan hüquq və azadlığına riayət təşkil edir. Bu ideologiya Azərbaycanı özünə vətən qəbul etmiş, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların vəhdət şəklində, dostluq, hətta qohumluq, qonşuluq, əmin-amanlıq şəraitində yaşadığı mədəniyyətlərinin inkişaf etdiyi ümumi talelərini əks etdirən, multikulturalizm göstəricisi olan mənəvi fenomendir. Digər bir aspekt isə ondan ibarətdir ki, Azərbaycançılıq ideologiyası yalnız ölkə ərazisində yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanların göstəricisi yox, o həm də geosiyasi sərhədə və məkanların ayırdığı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bir ideya-fəlsəfi, mədəni məkanda tamlaşdıran, bütövləşdirən gücdür.  Azərbaycançılıq - cəmiyyətin sosial-mədəni, siyasi və hüquqi nizamlanmasının, insanları mənən  səfərbər edən  və vəhdətinin əsas faktorudur.  Azərbaycanın vətəndaş cəmiyyətinin yekcins olmamasına diqqət yetirildikdə etnik və dini dəyərlər ideoloji sxemdə tolerantlıqla qarşılanır. Eyni zamanda birləşdirici faktor kimi milli dövlət, ümumxalq ideyası olaraq azərbaycançılıq universallaşır. Təbii ki, burada məcburiyyət yoxdur. Amma elə məqsəd, elə prioritetlər var ki, onlar milli ideya olaraq müəyyənləşir. Belə məqamdasa vətəndaşların dini, etnik, və sosial mənsubiyyətindən (həmçinin siyasi əqidəsini də buraya aid etmək olar.) asılı olmadan , bu kimi ideyalar geniş dəstək qazanır. Bu ideologiya məhz azərbaycançılıqdır. Bu isə Azərbaycan vətənpərvərliyi, dövlət müstəqilliyi, milli təhlükəsizliyin qorunması, demokratik və iqtisadi islahatlarla ölkənin modernləşdirilməsidir. Burada “qızıl ortada” xətt kimi ən əsas isə Qarabağ probleminin həllidir.

 

Hər bir inkişaf edən sosiumda ideologiya olmadan cəmiyyət “ideya boşluğuna” yuvarlana, nəticədə, tənəzzülə uğraya bilər. İdeologiya isə elə ümumi, ruhi-mənəvi bir təməldir ki, onsuz  mədəniyyət və sivilizasiyanın formalaşması qeyri real görünür. Azərbaycançılıq ideologiyasının qayəsi və dəyəri onun ətrafında ölkədə yaşayan bütün xalqlar, milli-etnik qrup və azlıqların birləşməsi, ümumilikdə  özlərini “azərbaycanlı” adlanmasıdır. Azərbaycan ta qədimdən ən müxtəlif xalqlar və mədəniyyətlərin mövcud olduğu diyarı kimi tanınır. Azərbaycanda multikulturalizmin inkişaf dinamikası xalqın özünün tolerantlığı, demokratikliyi, açıqlığı ilə bağlı amildir. Belə ki xalqın tarixi kökləri bütün dünyaya yayılan ümumtürk etnosuna gedib çatır. Bununla  bahəm, coğrafi və geosiyasi müstəvidən həmişə bütün dünyaya ölkəmiz açıq olmuş, çoxlu müxtəlif mədəniyyətlər arasında isə sintez-qovşaq missiyasını ifa etmişdir.

 

Qeyd olunan bu aspektlər Azərbaycanı çoxmillətli, çoxdilli, multikultural, demokratik vətəndaş cəmiyyəti quruculuqlu ölkə kimi tanıtmışdır. Azərbaycanın multikultural stereotipləri qlobal tədbirlərdə də təsdiq olunur.  Bu yanaşmadan 2011-ci il Bakı Forumunda iştirak edən Y.Jdanovun multikulturalizmin inkişafı barədə söylədikləri  ümumi təsəvvürləri göstərir: “Planetdə başqa elə bir bölgə yoxdur ki, buradakı kimi onlarla xalq çox uzun müddətə və birlikdə yaşamış olsun. Bu füsunkar çoxçalarlılıq bütün bəşəriyyətin dəyərli xəzinəsi hesab oluna bilər. Yəqin buna görədir ki, bu ölkənin ictimai-elmi fikri millətlərarası münasibətlər, əməkdaşlıq və qarşılıqlı anlaşma probleminə dünyanın diqqətini bu qədər cəmləşdirməyə çalışır. Azərbaycanın tarixi təcrübəsi bu baxımdan dəyərli və intəhasızdır”. Məhz bu kimi baxışlar ölkədə multikulturalizmin inkişafını göstərən reallıqdır.  Bu reallıqda bir dəlil multikulturalizmə həsr edilmiş “Bakı Beynəlxalq Humanitar Forumu”, orada iştirak edən müxtəlif ölkələrin ölkəmizin multikultural siyasətini təqdir etməsidir. İkincisi isə demokratik, tolerant, multikultural dövlət  kimi Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi faktıdır.

 

Qeyd etdik ki, ölkəmizdə yaşayan eyni  bir doğma  ailə kimi tarixi gerçəklik, genetik-etnik yaddaş və qarşılıqlı münasibətlərin ötürücüsü olan müxtəlif xalqlar: talış, ləzgi, avar, kürd, tatar, udin, tat və başqaları da özünü azərbaycanlı adlandırır. Müstəqil Azərbaycan konstitusiyasında ölkə əhalisinin əksəriyyətini təşkil edən əhali Azərbaycan türkləri kimi verilməyib. Belə ki vətəndaş milləti, multikulturalizm siyasəti konseptində konstitusiyada vətəndaşların cəmindən ibarət əhali “Azərbaycan xalqı” kimi təsbit olunubdur. Ali Qanunun I fəsli “Xalq hakimiyyət ” adlanır və I maddədə deyilir ki, “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.” Maddə 1-in II bölməsində isə yazılıb ki, “Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir”. Konstitusiyada xüsusi olaraq “Xalqın vahidliyi” haqqında olan 5-ci maddədə göstərilir: “I. Azərbaycan xalqı vahiddir. II. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün  Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.” Daha sonra isə 44-cü maddədə “Milli mənsubiyyət hüququ”nda deyilir: “I. Hər kəsin  milli mənsubiyyətini qoruyub saxlamaq hüququ ardır. II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.”  45-ci maddədə isə yazılıb ki, “Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır.” Bu müddəalar təsdiq edir ki, Azərbaycanda yaşayan etnik və dil müxtəlifliyini etiraf edən, həm də onu müdafiə edən Dövlət bunlara baxmayaraq Azərbaycan xalqının təmsilçisi olaraq əhalinin vətəndaş birliyi, vahidliyidir.

 

Azərbaycanda yaşayan müxtəlif  xalqların mənəvi yaddaşı tarixi inkişaf mərhələsində zərdüştlükdən üzübəri dünyanın bütün əsas dinlərinin ən ülvi, bəşəri dəyərləri ilə zənginləşərək, mədəniyyət və mənəviyyatın çoxsaylı cəhətlərini özündə miras saxlamışdır. Azərbaycanda multikulturalizm göstəricisi özünün rəngarəng tərkibi  ilə fərqlənən və bu müxtəlifliyin etnik-milli mənbələrini qorumuş, burada yaşayan etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti, folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyən edən obyektivlikdir. Azərbaycan tarixən də polietnik və müxtəlif dinli ölkə olmuşdur. Əhalisinin əksəriyyəti azərbaycanlı olan respublikada ta qədimdən İran, Qafqaz (gürcü, erməni, osetin və s.) etnosları, eləcə də yəhudi, rus, ukrayna, tatar, belorus və s. də yaşamışdır. Mövcud etnik, dini,dil qeyri-cinsliyi deyil, dövlətin məhz bugünkü anlamda desək “multikulturalizm” siyasətinin mədəni müxtəlifliyi də ideoloji modellərinin sivil yaşam tərzidir.

 

Multikulturalizm siyasətində vətəndaş cəmiyyətinin formalaşdırılması əhalinin azərbaycanlı kimi özünü adekvat olaraq identikləşdirməsi, yəni eyniləşdirməsidir. Bu isə həm də ölkə vətəndaşının etnik mənşəyindən asılı olmadan, özünü “azərbaycanlı” adlandırmalı, belə saymalıdır. Bu  əhalisinin əksəriyyəti azərbaycanlı olanların türksoylu olmasına qarşı deyil, əksinə ölkədəki etnik fərqlərin bir vahiddə ifadəsi, belə desək “multikulturalizm siyasəti” və vətəndaş cəmiyyəti millətinin formalaşmasıdır. Hər insanın etnik kökünün onun vətəndaşlığına aidiyyəti yoxdur. Azərbaycanda anadan olan, valideynlərindən biri Azərbaycan vətəndaşı olan hər bir kəs Qanuna əsasən azərbaycanlıdır. Multikulturalizm siyasətində vətəndaş millətinin formalaşması prosesində Dövlət dili də mühüm əhəmiyyət daşıyır. Belə ki bütün Azərbaycan vətəndaşlarının Dövlət dilini-azərbaycan dilini mənimsəməsi də əss şərtlərdən biridir. Burada qeyd edək ki, azərbaycan dilinin mənimsənilməsi etnik azlıq və yaxud qrupların dilinin də qorunması ilə birgə tətbiq olunmalıdır. Mədəni müxtəlifliyin hüquqlarına hörmət olaraq ölkədə əsrlərlə bərqərar olmuş çoxdillilik ənənəsi qorunmalıdır. Bu dil öyrənmək yox, başqası tərəfindən məskun olduğu ərazidə hər kəsin bir-birini anlaması, başa düçməsi probleminin çözülməsidir. Bu Y.Eqbert yazdığı kimi liberal fərdi insan haqları ilə yanaşı və ona əlavə olaraq, etnik və dil icmalarının xüsusi qrup hüquqlarının tanınmasına gətirib çıxarıb. Mədəni müxtəlif, multikultural siyasətində sərtlik deyil, inadcıllıq göstərmək gərəkdir. Ölkədə sürətlə iqtisadi inkişaf vardır. Bu dəyişilmələrlə yanaşı, həm də dil və mədəniyyətlərin qarşılıqlı əlaqəsi də intensivləşməlidir. Dövlət, üçüncü sektor, siyasi institutlar multikultural vətəndaşlar yetişdirməlidirlər. Belə ki, Martin Haydeger demişkən , indi insan fəaliyyəti mədəniyyət kimi qavranılmalı və həyata keçirilməlidir; artıq mədəniyyətin mahiyyəti odur ki, insanın ali nemətlərə ehtiyacını mədəniyyət üstünə götürür və məhz bu , mədəni siyasətə çevrilir.” Bu baxımdan da mədəni müxtəliflik, dialoq və sosiomədəni proseslərin öyrənilməsi XXI əsrin əsas elmlərindən biri olacaq.

 

 

Rəna Mirzəzadə 

 

fəlsəfə elmləri doktoru,

AMEA, Fəlsəfə və Hüquq İnstitutu, “Politologiya və  siyasi sosiologiya” şöbəsinin müdiri

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1985
avatar

Oxşar yazılar