18 oktyabr 2008-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin əməliyyatçıları Masallı rayonundan olan iş adamı Hüseynov Bəxtiyar Sərdar oğlunu həbs ediblər. B.Hüseynovun hüquqlarını müdafiə edən vəkil Vidadi Mahmudlunun Lent.az-a verdiyi məlumata görə, ona qarşı narkotik vasitə hesab edilən külli miqdarda heroini əldə etməyə, saxlamağa və daşımağa görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi lə ittiham irəli sürülüb. İbtidai istintaq MTN-nin Baş İstintaq İdarəsi tərəfindən aparılır. Hüseynovun barəsində Səbail rayon məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
...Oktyabrın 11-də Bəxtiyar Hüseynov özünün idarə etdiyi “Toyota Prado” markalı, Az 10-GS-110 dövlət qeydiyyat nişanlı avtomaşınla Heydər Əliyev adına Benəlxalq Hava Limanına gəlib, avtomobili dayanacağa təhvil verərək, təyyarə ilə Türkiyəyə uçub. Bir həftədən sonra, yəni 18 oktyabr 2008-ci ildə həmin hava limanı vasitəsilə ölkəmizə qayıdaraq, gətirdiyi sənaye mallarınının bir hissəsini idarə etdiyi avtomaşına yükləyərək, Bakı şəhəri ilə hərəkət edərkən Hökumət Evinin arxasında MTN-nin əməliyyat işçiləri tərəfindən saxlanılıb. Hacı avtomaşından düşürülərək, başqa maşına əyləşdirilib və MTN-nə aparılıb. Təxminən dörd saatdan sonra ona idarə etdiyi avtomaşının sürücü oturacağının ayaqaltı hissəsində selofan torbaya bükülmüş 69,5 qram narkotik vasitə hesab olunan heroin aşkar edildiyi bildirilib. Hacı israrla narkotik vasitələrin ona məxsus olmadığını bildirir.
Vəkil deyir ki, ibtidai istintaq MTN-nin istintaq aparatında aparılır. Hacı əvvəllər də oxşar vəziyyətlə üzləşib. V.Mahmudlu qeyd edir ki, 27 iyul 2008-ci ildə Salyan rayon polis şöbəsinin əməkdaşları Salyan-Bakı yolunda onun idarə etdiyi yuxarıda göstərilən avtomaşında axtarış aparıblar. B.Hüseynovun oğlunun və qeyrilərinin də maşında olduğu həmin vaxt avtomaşından qanunla qadağan edilmiş predmetlər tapılmayıb: “Hazırda axtarış protokolunun surəti bizdədir. Məhz həmin hadisədən sonra, avqust ayının əvvəllərində B.S.Hüseynov təqib olunması və hüquqlarının pozulması ilə bağlı Daxili işlər naziri Ramil Usubova teleqramlar göndərərək, onu məlumatlandırıb və nazir tərəfindən şəxsən qəbul olunmasını xahiş edib”.
Vidadi Mahmudlu, baş vermiş hadisə ilə bağlı Prezidentə, Baş Prokurora və Milli Təhlükəsizlik Nazirinə müraciət etdiyini deyir.
Səbinə Əvəzqızı
MTN Masallıdan olan iş adamını narkotika üstündə həbs edib
1677