Milli Şuranın sessiyasında qurumun sədri Rüstəm İbrahimbəyovun istefa ərizəsinin müzakirəsi davam edir.
APA-nın verdiyi məlumata görə, politoloq Zəfər Quliyev Rüstəm İbrahimbəyova qurumun fəxri sədri statusu verilməsini dəstəkləyib.
Mehriban Vəzir Milli Şurada partiyalar arasında gizli burulğanlar baş verdiyini müşahidə etdiyini, bunun heç kimə lazım olmadığını söyləyib: “Rüstəm İbrahimbəyov sədrlikdən getmək üçün müraciət edib, zorla onu sədrlikdə saxlamaq istəyirik. Yaxud fəxri sədr yox, fəxri üzv ola bilər. Rüstəm İbrahimbəyov Milli Şurada partiyaları, ictimai təşkilatları bir araya gətirdi, ancaq hansı ziyalıları Milli Şuraya gətirdi? Məlum olan insanlar buradadır. Gəlin, heç kimi bütləşdirməyək. Biz tək sədrliyi qəbul etməliyik. Sədr Cəmil Həsənli olmalıdır. Biz real qüvvələri qiymətləndirməliyik, AXCP və Müsavat partiyalarının rolunu qeyd etməliyik”.
Beynəlxalq təşkilatlarla görüşdən yenicə gəldiyini söyləyən Gültəkin Hacıbəyli həllini tapmış məsələyə yenidən qayıtmağın düzgün olmadığını bildirib: “Rüstəm İbrahimbəyov sədrlikdən istefa barədə müraciət etdi. Ondan əvvəl də böyüklük edərək Cəmil Həsənlinin prezidentliyə namizədliyini dəstəkləmişdi. Ancaq bir məsələdə Mehriban Vəzirlə razı deyiləm. Məsələn, Cəmil Həsənlinin Milli Şuraya gəlişində Rüstəm İbrahimbəyovun rolu böyük olub. Cəmil Həsənli də burada olmasaydı, mən Milli Şuraya gəlməzdim. Mən də hesab edirəm ki, Rüstəm İbrahimbəyova fəxri sədrlik statusu verilməsini səsə qoyaq”.
Fuad Ağayev isə Rüstəm İbrahimbəyovun sədrliyinə qarşı çıxanların hakimiyyətlə eyni mövqedən çıxış etdiyini söyləyib.
Ə. Kərimli isə R. İbrahimbəyovla dünən danışdığını açıqlayıb: “Mən dünən Rüstəm İbrahimbəyovla danışdım. Rüstəm İbrahimbəyov Milli Şurada həmsədrlik institutunun yaradılmasına qarşı çıxdı. O zaman dedim ki, sizin Milli Şuranın fəxri sədri olmasını təklif edirik. Rüstəm İbrahimbəyov buna etiraz etmədiyini söylədi”.
Daha sonra R. İbrahimbəyovun Milli Şuranın sədri postundan istefası ilə bağlı müraciət səsverməyə çıxarılıb və qəbul edilib. Sessiyada iştirak edən 64 Milli Şura üzvündən 10 nəfər bunun əleyhinə çıxıb, 5 nəfər bitərəf qalıb, 49 nəfər lehinə səs verib. Növbəti səsvermədə Cəmil Həsənli qurumun sədri seçilib.
Müsavat başqanı İsa Qəmbər Rüstəm İbrahimbəyovun fəxri sədri olmasına münasibət bildirib: “Belə çıxır ki, Milli Şurada hörmət ediləsi yeganə şəxs Rüstəm İbrahimbəyovdur? Burada 5-10 nəfər deyə bilər ki, Rüstəm İbrahimbəyovun əsərlərini məndən çox oxuyub. Onu yaradıcı insan kimi sevirəm. Bundan sonra da siyasi münasibətlərimizin necə olmasından asılı olmayaraq, sevgimiz davam edəcək. Rüstəm İbrahimbəyov, başqa bir ölkənin vətəndaşı Milli Şuranın fəxri sədri olarsa, Müsavat Partiyası və tərəfdarları bu qurumda təmsil oluna bilməz”.
Sonra Rüstəm İbrahimbəyova qurumun fəxri sədri statusu verilməsi məsələsi səsverməyə çıxarılıb.
Cəmil Həsənli deyib ki, təklif müəllifi olan AXCP sədri Əli Kərimli təklifini geri götürmədiyi üçün məsələ səsverməyə çıxarılmalıdır.
Cəmil Həsənli fəxri sədr məsələsinin Müsavat Partiyası ilə hər hansı qarşıdurmaya səbəb olmasını istəmədiyini bildirib: “Ancaq mən iclası aparan şəxs kimi bu məsələni səsverməyə çıxarmalıyam”.
Daha sonra səsvermə keçirilib və Rüstəm İbrahimbəyov qurumun fəxri sədri seçilib.
Səsvermə qalmaqalla müşahidə olunub və iki dəfə təkrarlanıb. 36 nəfər Rüstəm İbrahimbəyovun sədr seçilməsini dəstəkləyib, 2 nəfər əleyhinə çıxıb, 1 nəfər bitərəf qalıb, 25 nəfər səsvermədə iştirak etməyib.
***
18.52
Milli Şuranın bu gün keçirilən sessiyasında dava düşüb. Lent.az-ın məlumatına görə, sessiyada çıxış edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının “Milli Şura real qüvvələrin hesabına yaradılmalıdır” sözlərinə yerdən etirazlar səslənib.
Etiraz edənlər arasında “El” Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev və bir neçə KXCP üzvü olub. KXCP üzvləri A.Hacılının sözünü kəsərək, “real qüvvə hesab etdiyiniz şəxslərin adını çəkin” deyə replika atıblar.
Bunun ardınca Müsavat Divanının üzvü Tural Abbaslı Nizami adlı KXCP üzvünə “kəs səsini” deyib. Onların arasında mübahisə yaranıb və adı çəkilən şəxslər bir-birinin üstünə hücum çəkiblər.
MŞ üzvlərinin araya girməsindən sonra dava sakitləşib.