Milli Şura üzvü: “Bunlarla yol getmək mümkün deyil”
25 oktyabr 2013 16:17 (UTC +04:00)

Milli Şura üzvü: “Bunlarla yol getmək mümkün deyil”

“Rəsul Quliyevin Milli Şurada qalıb-qalmamağı artıq o qədər də əhəmiyyət kəsb etmir. o, 2005-ci ildə Ukraynaya gəlib-qayıtmasından sonra siyasi meyitə çevrilib”.

 

Bunu Lent.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı deyib.

 

O bildirib ki, Milli Şuranın növbəti sessiyasına qədər R.Quliyev ya özü istefa vermiş olacaq, ya da Milli Şura üzvləri onu qurumdan Şuradan çıxaracaq: “Rəsul Quliyev siyasətçi deyil. O, artıq uzun illərdir siyasi meyitdir. Siyasi meyitin Milli Şura haqqında hansısa ittihamlar səsləndirməsi isə ciddi qəbul olunmamalıdır. Rəsul Quliyev fikirləşir ki, ölkədə ondan başqa heç kim prezident ola bilməz. O, özünü Xomeyni hesab edir. Oturub Amerikada, nə vaxtsa xalq bunu çağıracaq ölkəyə, bu da gəlib prezident olacaq”.

 

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin və sədri Əvəz Temirxanın Milli Şuradan istefa verməsinə də münasibət bildirən R.Manaflı deyib ki, adı çəkilən şəxslər seçki dövründə də verdikləri açıqlamaları ilə Milli Şuranın fəaliyyətinə problem yaradıblar: “Ona görə də düşünmürəm ki, bu partiyanın sədri və liderinin Milli Şuradan istefa verməsi qurumun işini zəiflədəcək və ya onun nüfuzuna mənfi təsir edəcək”.

 

Onun sözlərinə görə, Lalə Şövkət və Əvəz Temirxan MŞ-dən istefa verib ayrılsa da, bu partiyanın Milli Şurada olan digər üzvləri qurumun fəaliyyətində iştirak edirlər və sona qədər də iştirak etməkdə qərarlı görünürlər.

 

ALP və R.Quliyevin MŞ-dən uzaqlaşması və bu qurumun fəaliyyətini tənqid etməsinə də münasibət bildirən VHP rəsmisi deyib ki, bu adamların Milli Şuraya qəbul edilməsi əvvəlcədən doğru deyildi: “Bunlarla yol getmək mümkün deyil. Onların özlərinin yolu var, ancaq bizim onlarla eyni yolu getməyimiz alınmır. Bu birlik də bir eksperiment idi. Hamı gördü ki, bu adamlarla yol getmək olmaz. Onları Milli Şuraya qurumun ideya müəllifi Rüstəm İbrahimbəyov cəlb etmişdi. İndi yəqin o özü də gördü ki, bu adamlarla eyni yolda irəliləmək olmur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1030
avatar

Anar Gəraylı

Oxşar yazılar