“Müsavat Partiyasının nizamnaməsinə dəyişiklik edilərək, liderlik institutunun yaradılması və İsa Qəmbərin Müsavat lideri seçilməsi barədə təkliflər irəli sürülüb və bu məsələ partiyada müzakirə edilib. İsa bəy buna ehtiyac görmədiyini deyib. Ancaq eyni zamanda, qarşıdakı qurultayda bu təklifin qaldırılması və qəbul edilməsi mümkündür”.
Bunu Lent.az-a açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli deyib. O bildirib ki, qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclasında da bu barədə təklif irəli sürülüb, ancaq səsverməyə qoyulmayıb, çünki bu məsələ qurultayın səlahiyyətində olan məsələdir.
M.Hacıbəyli Müsavat başqanı İsa Qəmbərin liderlik institutunun yaradılmasına niyə ehtiyac görmədiyi barədə fikirlərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, İ.Qəmbər Müsavat partiyasının Azərbaycana kifayət qədər demokratik ənənələr gətirən partiya olduğunu və bunu davam etdirmək kimi funksiyasını nəzərə alaraq, bu struktur dəyişikliyinə müsbət yanaşmır: “Əlbəttə, İsa bəy hansı statusu istəsə, müsavatçılar onun həmin statusda görməyə hazırdırlar. Ancaq mən düşünürəm ki, İsa bəyin avtoriteti onun Müsavat partiyasında hansı status olmasından asılı deyil”.