Əvvəli - http://www.lent.az/news.php?id=12944
“Ekstazi işi” ilə bağlı məhkəmə prosesi gələn ay davam edəcək. Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlının səhhətində yaranan problemə üzündən prosesdə fasilə yaranıb. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə M.Mirsalamlıdan başqa, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və dəstənin daha 11 üzvü mühakimə olunur.
Ötən yazıda qeyd etdiyimiz kimi, bu dəfə sizləri populyar skripkaçı Ramin Həsənovun ifadəsi ilə tanış edəcəyik. Qeyd edək ki, ekstazidən uzaq qala bilməyən bu şəxs xalq artistləri Brilyant Dadaşova və Aygün Kazımovanın ansambllarında çalışıb. R.Həsənov istintaq zamanı özünü tam təqsirli bilib və törətdiyi əmələ görə, peşmançılıq çəkdiyini bildirib. O, 1997-ci ildən 2007-ci ilədək musiqiçi kimi fəaliyyət göstərib. 2007-ci ildən sonra isə “Əbu Bəkr” məscidinə baş çəkib və dini ədəbiyyat oxumağa başlayıb. Məscidə gedəndən sonra isə musiqini atıb, ibadətlə məşğul olmaq barədə qərar qəbul edib. Bununla da R.Həsənov skripkanı birdəfəlik kənara qoyub. Onun eyni zamanda səhhətində də problem olub - böyrəyində nefrit var. Bu səbəbdən hərbi xidmətdə də olmayıb. Hətta 1997-ci ildə qan analizi verən zaman onda “C” hepatitinə yoluxması da müəyyənləşib.
Yalçın Həsənovu isə 2003-cü ildən tanıyıb. Y.Həsənov onların musiqiçi dairəsinə yaxın olub və tez-tez bir araya gəliblər. Bu münasibətlər getdikcə dostluğa çevrilib. R.Həsənov Yalçının konkret nə işlə məşğul olduğunu bilməyib. Amma hiss edib ki, musiqi ilə yaxından maraqlanır. Bundan sonra bilib ki, Yalçın yaxşı maşın sürür və yaxşı bilyard oynayır.
Skripkaçı ekstazinin məhz Yalçında olacağını bilir
R.Həsənov 2006-cı ildə həyat yoldaşı ilə ayrılır və Mehriban Həsənova ilə faktiki nikah münasibətində yaşayır. 2008-ci ilin aprelində onunla da ayrılır. Aprelin 29-da o, Mehribanla zəngləşib görüşmək istədiyini bildirir. Görüşə hazırlıq məqsədi ilə ekstazi də qəbul etmək niyyətinə düşür. Və fikirləşir ki, bu işdə ona hər şeydən məlumatlı olan Y.Həsənov kömək edə bilər. Yalçınla telefonda danışandan sonra elə başa düşüb ki, Yalçın bunu kimdənsə başqasından tapacaq və həbin qiyməti də 50 dollardır. Beləliklə, onlar köhnə “Lenin” muzeyinin arxasında görüşürlər. Bu zaman Mehriban da maşında oturub R.Həsənovu gözləyir. İfadəyə əsasən, Mehribanın həb məsələsindən xəbəri olmur. R.Həsənov Yalçından iki həb alır və bunun müqabilində ona 100 dollar verir. R.Həsənov Yalçından ayrılan kimi bir mağazaya girib “Redbul” alır və həbləri bu içki vasitəsilə qəbul edir. Qeyd edək ki, cinayət işində rastlaşdığımız bir neçə məqamda da bu həbin ən çox “Redbul” içkisi ilə qəbul edildiyini görürük. Təqsirləndirilən şəxslərin sözlərinə görə, həb bu içki ilə qəbul ediləndə daha çox təsir göstərir. 20 dəqiqədən sonra R.Həsənov həblərin təsirini hiss edib. Təxminən 2 saat ərzində Mehribanla gəzib dolaşırlar və o, özünü xeyli enerjili hiss edir. Sonra isə qızı evlərinə yola salır.
İstintaq zamanı R.Həsənov bildirir ki, o, yalnız bir dəfə şeytana aldanaraq ekstazi qəbul edib və sonra da peşman olub. Bundan başqa, o, qeyd edib ki, himayəsində xəstə anası var. Bu məsələlərdən qurtaraq sənətinə dönmək istədiyini bildirib və bu işdə müstəntiqlərdən kömək də istəyib.
Kəmalə Eyvazovanı ekstaziyə necə cəlb edirlər?
Dəstənin qadın üzvləri də var. Onlardan biri - Kəmalə Eyvazova istintaq zamanı təqsirini etiraf edib və peşman olduğunu qeyd edib. K.Eyvazova bildirib ki, maşın ustası Əli İsmayılovla üç il yaxın münasibəti olub. 2007-ci ildə isə Əlinin vasitəsilə Mahir Mirsalamlı və onun qız tanışı Lera ilə tanış olub. Tanışlıq isə Mahirgilin bağ evində baş verir.
K.Eyvazova istintaqa ifadəsində qeyd edir ki, 2007-ci ildə Tailanddan istirahətdən qayıtdıqdan sonra o, günlərin birində Əli ilə görüşüb, bir kafeyə gedirlər. Kafedə Mahir və Lera da olur. Birlikdə olduqları zaman tanışları ona ekstazidən danışırlar. Bildirirlər ki, onların hamısı bu həbdən qəbul edir və əlavə enerji hiss edir, şənlənirlər. K.Eyvazovanın sözlərinə görə, onlar bu həbi haradan aldıqlarını deməyiblər.
K.Eyvazova qeyd edib ki, 2007-ci ilin noyabr ayında bazar günlərinin birində Əli onu Mahirgilin Bilgəhdəki bağ evinə aparır. Orada Mahir, Lera, Leranın rəfiqəsi Fərəh, Əligilin dostu Mahmud, Mahirin tələbə yoldaşı Mahir və Azik adlı başqa bir oğlan da olub. İfadaəyə əsasən, həmin gün Mahirlə Əli kimdənsə zəng gözləyirlərmiş. Onların danışığına əsasən səhərə yaxın gedib kimdənsə ekstazi gətirməliydilər. Həmin gecə ekstazi gözləsələr də dərman gəlmir. Və o, yorulub evin ikinci mərtəbəsində yatır. Səhər saat 6-da isə səs-küyə oyanıb görür ki, oradakılar hamısı birinci mərtəbəyə yığışıblar. Mahir cibindən həbləri çıxardaraq, orada olan hər kəsə bir ədəd verir. Hamı dərmanları qəbul etdikdən sonra hallanmağa, şənlənməyə başlayıblar. K.Eyvazovanın sözlərinə görə, həb ona o qədər də ciddi təsir etməyib. Bu əyləncəli vəziyyəti isə Əli Mahirin mobil telefonu vasitəsilə videoya çəkib.
K.Eyvazova növbəti dəfələrdə ekstazini harada və hansı şəraitdə qəbul edib? Bu sualın cavabı növbəti yazımızda...
(Davamı var)
Səbinə Əvəzqızı
İş № 585: Skripkanı atib, ibadət və... ekstazi dalınca düşən musiqiçi
1818