İş № 585:  MTN həbs etdiyi gəncləri ölümdən qurtarıb
31 oktyabr 2008 17:55 (UTC +04:00)

İş № 585: MTN həbs etdiyi gəncləri ölümdən qurtarıb

Əvvəli - "http://www.lent.az/news.php?id=11272">

“Ekstazi işi” ilə yaxından tanış olduqca üzə çıxır ki, Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi bu əməliyyatdan əvvəl də həmin narkotik vasitəni Bakıda xeyli insan tanıyıb, dadına baxıb.

Ekstazi - “disko bisküvisi”

Araşdırmalar zamanı ekstazi ilə bağlı maraqlı məlumatlar əldə edirik. Hazırda məhkəmədə mühakimə olunan gənclərə ilk dəfə ekstazi təklif ediləndə onu diskotekada sınaqdan keçirməyi təklif etmişdilər. Ekstazi bizim ölkəylə müqayisədə Türkiyədə daha çox yayılıb və orada bu maddəyə qəribə adlar qoyulub. Onlardan biri də məhz “disko bisküvisi”dir. Türkiyədə ekstazi alışqanlığını daha çox zənginlərin problemi sayırlar.

Ekstazinin rəsmi adı MDMA kimi göstərilir. Açılışı - Metilen Dioksi Met Amfetamin. Həbin tərkibində aşağıdakı maddələr var:

- Efedrin ve ketamin
- Kafein
- Amfetamin
- Metamfetamin
- Parasetamol

Hər il ən azı 20 insan ekstazidən ölür

Bu vasitənin ilk dəfə 1980-ci ildə istifadəyə çıxarıldığı bildirilir. Həb 20 dəqiqə sonra təsirini göstərir və 6 saat təsirini saxlayır. Statistik məlumatlara görə, ildə bu dərmandan mütəmadi istifadə edən ən azı 20 insan dünyasını dəyişir.

Hazırda mühakimə olunan prokuror övladları, xalq artistinin oğlu, polis zabiti və yerdə qalan gənclərin həyatı bəlkə də MTN-nin keçirdiyi əməliyyatla xilas olub.

Ötən yazıda Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlının istintaqa verdiyi ifadəni təqdim etmişdik. Bu dəfə isə Əzizbəyov rayonunun sabiq prokuroru (Ali Məhkəmənin sabiq sədri Südabə Həsənovanın qardaşı) Rəşid Həsənovun oğlu Yalçın Həsənovun ifadəsi ilə tanış olacaqsınız.

Y.Həsənov istintaq zamanı hadisələrlə bağlı ətraflı məlumat verib və özünün qismən təqsirli olduğunu etiraf edib. O, bildirib ki, son 5 ildə əsasən avtomobil biznesi ilə məşğul olub. Belə ki, fərdi sifarişlər əsasında xarici ölkələrdən avtomobil gətirib satırmış. Bu bizneslə məşğul olduğu zaman sürücüsü Həsən Həsənovla birlikdə “Tuning klub” açmaq fikrinə düşüblər. Bu klubda əsasən xarici avtomaşınların salonunda monitorların quraşdırılması, maşın salonunda dəyişikliklərin aparılması ilə məşğul olmağı nəzərdə tutublar. Belə bir klub Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərdiyindən Y.Həsənov özünün və ailəsinin sürücüsü olan Həsən Həsənovu təcrübə yığmaq üçün Türkiyəyə göndərir.

Təcrübə yığmağa gedən sürücü ekstazi ilə dönür

Prokuror oğlunun dediyinə görə, H.Həsənov Türkiyədən gələndə ona 20 ədəd ekstazi həbi gətirir. Bu həblərin gətirilməsini sürücüsünə özü tapşırıbmış. Həmin həblərin bir hissəsini özü qəbul edir, bir qismini də tanışlarına verir. Y.Həsənov onların adlarını xatırlamadığını deyib.

2007-ci ilin noyabr ayında Həsən yenə Türkiyəyə gedir. Bu dəfə ona 100 ədəd həb gətirməyi sifariş edir. Həmin vaxt Həsənin üzərində Y.Həsənova məxsus 4000 dollar pul olub. Amma bir müddət sonra Y.Həsənov fikrini dəyişib, Həsənin yaxalanacağından qorxub və dərmanları gətirməməyi tapşırıb. Həsən Türkiyədən əliboş qayıdıb. Y.Həsənov həblərin arxasınca kimi göndərməklə bağlı çox fikirləşib. Həmin vaxt da xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov yadına düşüb. Y.Həsənov Qubada olan Orxana zəng edib, onu təcili Bakıya çağırır. O.Nadirov Bakıya gəlir və dostlar metronun “Bakı Soveti” stansiyasının yaxınlığında görüşürlər. Y.Həsənov ona tapşırığını və yol pulu verir.

İlhamə Quliyevanın oğlu problemi bir günə həll edir

Türkiyəyə yola düşən O.Nadirov məsələni bircə gündə həll edir. O, səhəri gün 100 ədəd ekstazi həbi ilə Bakıya qayıdır. Hava limanında Orxanı Həsən qarşılayır və Y.Həsənovgilə gəlirlər. Həblərin 20 ədədinin pulunu, hər biri 40 dollar olmaqla, M.Mirsalamlı əvvəlcədən ödəyibmiş. Onun payı ayrılaraq təqdim olunur. M.Mirsalamlı deyir ki, özünün bir tədbiri var və həblər orada istifadə olunacaq. Yerdə qalan həblər Həsənin idarə etdiyi avtomobildə gizlədilib.

Əsl ekstazi Aşura günü gətirildi

2008-ci ilin yanvarında Həsən yenə ekstazi arxasınca Türkiyəyə göndərilir. Bu dəfə o, biri 35 dollara 100 həb gətirməliydi. Bunun üçün də Y.Həsənov ona 3500 dollar verir. 3-4 gün sonra Həsən həblərlə birlikdə qayıdır. Həblərin saxta olduğu müəyyənləşəndən sonra Həsən gətirdiyi həblərlə birgə geri göndərilir.

Məhərrəmlik ayının Aşura günündə Həsən avtobusla həqiqi həblərlə birgə geri qayıdır. Y.Həsənov tanışı Əli İsmayılovla birlikdə onu qarşılamaq üçün Gəncə şəhərinin yaxınlığına kimi gediblər. Elə maşındaca Əli ilə Yalçın həblərin dadına baxıblar. Sonra isə yenə də dost-tanışı bu həblərə qonaq edib.

Bir müddət sonra isə M.Mirsalamlı ona deyib ki, biz həbləri çox baha alırıq. Məlum olur ki, M.Mirsalamlının tanışı onlara həbi 6 dollara tapmağı söz veribmiş. Bundan sonra dostlar qərar gəliblər ki, şərikli pul qoyub, 1000 ədəd həb gətirsinlər. Yenə də dərman dalınca sürücü Həsən göndərilir. Həsən Mahirin tanışından həmin həbləri alıb gətirməliymiş. Həsəni göndərdiyi günün səhəri isə Y.Həsənov alacağı yeni avtomobilin arxasınca Dubaya gedir. Amma Dubaya uçmazdan əvvəl Həsənə bank vasitəsilə 6000 dollar pul göndərir. Üstəlik, Həsənə deyir ki, Mahirin tanışını tapmasan belə başqalarından bu pula ekstazi al, gətir. Yəni əsas məqsəd mütləq həblərin tapılıb gətirilməsindən ibarət olub. Həsən telefon vasitəsilə Yalçına bildirir ki, Mahir sözünün üstündən qaçır, tanışı tapmırlar. Həsən ona bildirir ki, başqa yerdən 16, 17 dollara həb tapa bilər. Y.Həsənov Həsənə həmin qiymətə həb almağa razılıq verir (Cinayət işi materiallarında isə göstərilir ki, bu məqamda Mahirlə Həsən birləşib, Yalçını aldadırlar. Bu barədə növbəti yazılarda - müəll.)

Y.Həsənov istintaqa bildirib ki, Həsənin gətirdyi həblərdən ad günü mərasimində qonaqlarla birlikdə istifadə etməyi planlaşdırıbmış. Beləliklə, Həsən Türkiyədən bir ədədi 16 dollar olmaqla 350 həb gətirir. Onun Dubayda olduğu müddətdə isə Həsən gətirdiyi həbləri Y.Həsənovun Amerika səfirliyinin qarşısında yerləşən ofisində gizlədib. Elə həblər də ona ofisdə təqdim olunub.

Prokuror oğlu günə 3 həbi birdən qəbul edirmiş

İstintaq materialında Prokuror oğlu Mahir Mirsalamovun bir günə 3 həbi birdən qəbul etməsi ilə bağlı maraqlı açıqlamalar var. Bu barədə gələn yazıda...

(Davamı var)

Səbinə Əvəzqızı



.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2428
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar