İş № 585: “Hədiyyə” narkotika üçün sonradan pul tələb olunurmuş
27 noyabr 2008 02:05 (UTC +04:00)

İş № 585: “Hədiyyə” narkotika üçün sonradan pul tələb olunurmuş

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi və sonradan istintaqını apardığı “Ekstazi əməliyyatı” ilə bağlı yazılarımızı davam etdiririk. Qeyd edək ki, bu cinayət işi artıq Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədədir. Bu iş üzrə mühakimə edilən, ekstazi adlı narkotik vasitənin qəbulunda və satışında ittiham olunan dəstənin üzvləri cəmiyyətin tanınmış simalarının övladlarıdır. Bunlar Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və başqalarıdır.

Ekstazi biznesi üçün 5-10 min dollar tələbi

Bu yazıda dəstənin digər üzvü Ruslan Zalıyevin istintaqa verdiyi ifadəni diqqətinizə çatdıracağıq. İstintaq zamanı Ruslan Zalıyev özünü təqsirli bilməyib. Amma bununla yanaşı, ekstazi aldığını və qəbul etdiyini etiraf edib. O, bildirib ki, həbs edilməzdən təxminən 6-7 ay əvvəl Yalçın Həsənova zəng edib, bir işlə bağlı görüşmək istədiyini bildirib. Görüş zamanı Yalçın ona ekstazidən danışır və bildirir ki, bu həbləri qəbul edəndən sonra adam şənlənir, gümrahlaşır. Eyni zamanda söyləyir ki, bu maddəni o, sürücüsü Həsən vasitəsilə Türkiyədən gətizdirir və burada satırlar. Y.Həsənov R.Zalıyevə təklif edib ki, 5-10 min dollar pul verib, dursun kənarda, o biznesi özü həll edəcək və qazancı da yarı böləcəklər. İfadəyə görə, R.Zalıyev bu təkliflə razılaşmayıb.

R.Zalıyevin sözlərinə əsasən, 2008-ci ilin fevral ayında Yalçın ona zəng edərək, Türkiyədən ekstazi gətirdiyini deyib və dadına baxmağı təklif edib. O isə imtina edərək, telefonunu söndürüb. İki gün sonra Y.Həsənov eyni təkliflə çıxış edəndə R.Zalıyev istəmədiyini deyib. Daha iki gün sonra isə Yalçın ona sürücüsünün telefonundan zəng vurub. R.Zalıyevın bildirdiyinə görə, Yalçın ona deyib ki, Həsən vasitəsilə bir hədiyyə göndərəcək. Razılaşırlar və Rəşid Behbudov küçəsindəki “Pizza Hat”ın qarşısında Həsənlə Ruslan görüşür. Görüş zamanı Həsən 3 dənə həb verərək, Yalçının bunu hədiyyə olaraq göndərdiyini deyib. O, dərmanları alır. Səhəri gün işə gələndə maraq üçün həblərdən birini qəbul edir. Həbi qəbul etdikdən sonra bir-iki saat özünü gümrah hiss edib. İki-üç gün sonra isə Y.Həsənov zəng edərək, həblərin pulunu istəyib. Ruslan “bəs bunlar hədiyyə idi” deyə soruşanda Yalçın “qardaşım, indi mənə pul lazımdır, sonra sənə hədiyyə verərəm” söyləyib. Beləliklə, R.Zalıyevə məlum olur ki, Y.Həsənova 150 dollar ödəməlidir. Həsənlə şəhərdə görüşüb, bu pulu təqdim edir. İfadəyə əsasən Y.Həsənov bu hadisədən də sonra ona bir neçə dəfə zəng edərək Bakıda bu həblərin satışını təşkil etməyi təklif edib, amma o, razılaşmayıb.

Ruslan Zalıyev əvvəl imtina edir, sonra isə 20 ədəd ekstazi alır

R.Zalıyev istintaqa bildirib ki, 2008-ci ilin aprel ayında Yalçının telefonundan onun telefonuna “Həsən təzə partiya həmin ekstazidən gətiribdir. Bu başqa şeydir, Həsənlə əlaqə saxla” məzmununda mesaj gəlir. Zalıyevin sözlərinə görə, o, heç bir reaksiya vermir. Bir azdan ikinci mesaj gəlir və bu dəfə Yalçın soruşur ki, sən Həsənlə əlaqə saxladın, ya yox? Bu mesaj da cavabsız qalır. Belə olduğu təqdirdə, Həsən ona zəng edərək, mesajları alıb- almaması ilə maraqlanır. Həsən də telefonda bildirir ki, həblərdən təzələrini gətirib. Sürücü təklif edir ki, gəl görüşək, dərman verim sənə. R.Zalıyev ifadəsində bildirir ki, telefonda ona zəng vuracağını desə də, sonra zəng etmir. Hətta Həsənin telefon zənglərinə də cavab verməməyə başlayıb. Həsənin gün ərzində 4-5 dəfə zəng etdiyi bildirilir. R.Zalıyev qeyd edir iki, Həsənin israrlarından sonra onunla görüşməyi qərara alır. Beləliklə, o, Həsənlə Yalçının ofisinin yaxınlığında görüşür və 6 ədəd həb alır. Lakin pulunu vermir. Deyir ki, pulu yoxdur. Səhəri gün isə nədənsə R.Zalıyevin könlünə bir daha həb düşür və Həsənlə görüşüb, daha 6 ədəd həb alır və bunların da pulunu vermir. Hətta sonra həb almaq üçün Həsəngilin evinin yanına - Binəqədiyə qədər gedir və 8 ədəd ekstazi alır. O, üst-üstə 20 ədəd ekstazi götürür və heç birinin pulunu vermir.

2008-ci il aprelin 25-də Yalçın ona zəng edərək bildirir ki, pul lazımdır və 1000 dollar borcu olduğunu xatırladır. R.Zalıyev isə deyir ki, üstündə cəmi 300 dollar var. Yalçın Həsəni göndərir və pulu ondan alır. Axşam Yalçın zəng edərək deyir ki, təcili 200 dollar pul lazımdır Həsəni onun yanına göndərmək istəyir. İfadəyə görə, R.Zalıyev Yalçına “mən nə sənin, nə də Həsənin üzünü görmək istəmirəm, Malakan bağının yanındayam, burada kimə istəyirsən pulu verim” söyləyib. Yalçın isə “orada postovoy var, pulu ver ona” deyib və R.Zalıyev də onun dediyi kimi edib. İki gün sonra isə Yalçın yerdə qalan 500 dolları tələb edib. İfadədə göstərilir ki, bu zaman R.Zalıyev əsəbi halda “çatdıraram” deyərək, telefonu söndürüb. Bundan sonra Yalçın ona “məni dolamısan?” məzmunlu mesaj yazır. O isə Yalçına zəng edərək, görüşüb 300 dolları vermək istədiyi deyib. Yalçın isə bildirir ki, Həsən artıq onu köhnə Lenin muzeyinin yanında gözləyir. Günorta 300 dolları Həsənə verdikdən sonra Yalçından axşam bir daha zəng gəlir və yerdə qalan 200 dolları da istəyir. Gecə saat 11-də o, Həsənlə bir daha görüşərək, pulun qalanını verir. Çox maraqlıdır ki, borcları bitdikdən sonra Yalçın Həsən vasitəsilə Ruslana 2 ədəd hədiyyə ekstazi göndərir. Qeyd edək ki, ilk dəfə də Ruslana ekstazilər hədiyyə adı ilə verilib, ancaq sonradan pulları tələb olunub. Bu dəfə R.Zalıyev aldanmır. O, Həsənə əsəbi şəkildə deyir ki, ona bu həblər lazım deyil və tapşırır ki, bir daha ona zəng vurmasınlar, uzaq dursunlar...

Növbəti yazıda şou-biznes aləmində populyar olan skripkaçı Ramin Həsənovun ifadəsini təqdim edəcəyik. Qeyd edək ki, ekstazi qurbanlarından olan bu şəxs xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımovanın ansambllarında çalışıb.

(Davamı var)

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1841
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar