Bu kiçik, yuvarlaq həblər bir neçə Azərbaycan gəncinin həyatını, gələcəyini yuvarlayıb böyük bir təhlükəyə atdı. Təhlükənin ölçüsü o qədər böyüdü ki, qarşısını yalnız ölkənin Milli Təhlükəsizlik Nazirliyinin böyük bir qrupu vasitəsilə ala bildilər. Bununla da “Ekstazi əməliyyatı” adı altında keçirilən həbslər, aparılan istintaq, hazırda araşdırılan məhkəmə işi son illərin ən maraqlı proseslərindən birinə çevrildi. Prosesi maraqlı edən səbəblərdən biri də təbii ki, burada məşhurların, ölkədə yüksək vəzifə tutmuş insanların övladlarının adının hallanmasıdır.
Kiçik həblərin böyük gücü...
Həblər o qədər güclü oldu ki, ölkədə çox güclü, enerjili insanlar kimi tanınan, uzun illər yüksək dövlət postları tutmuş kəslərin möhkəmcə qorunan qapılarını açıb, evlərinə daxil olmağı bacardı. Söhbət uzun illər Azərbaycanda hüquq sisteminin başında dayanan, ədliyyə naziri, Ali Məhkəmənin sədri olan Südabə Həsənovanın qardaşı, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamov, Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cəlb edildiyi cinayət işindən gedir. Gücünə qibtə ediləsi şəxslər “ekstazi” nin qarşısında aciz qaldılar. Onlar qədər məşhur olmasa da hər halda şou-biznes aləmində populyar olan skripkaçı Ramin Həsənov da bu işdən uzaq qala bilmədi. Bu şəxs xalq artistləri Brilliant Dadaşova və Aygın Kazımovanın ansambllarında çalışıb. Bundan başqa, cinayət işinin istintaqına cəlb edilənlər arasında Dövlət Yol Polisi əməkdaşı Vüqar Əliyev də var. Ən acınacaqlısı da budur ki, adı çəkilən şəxslərin hər biri etdikləri əməllərin cinayət olduğunu adi vətəndaşlardan qat-qat artıq biliblər. Məşhur hüquqşünasların ailələrində böyüyən gənclərin sadəlövhlüyünə inanmaq çətindir. Onların məsum olduğuna inanmaq istəsək belə ortada olan cinayət işi materialları, istintaq faktları vəziyyətin heç də belə olmadığını deyir.
“Ekstazi” hekayəti və ya 585 saylı cinayət işinin diqqət çəkən məqamları...
Türkiyədən ölkəmizə gələn “ekstazi” bəlasından Milli Təhlükəsizlik Nazirliyi xəbər tutur. Və elə bu məlumatlar yoxlandıqdan sonra bir qrup şəxsin satış məqsədi ilə küllü miqdarda psixotrop maddənin qaçaqmalçılıq yolu ilə Türkiyədən Azərbaycan ərazisinə gətirilməsi, qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və satılması faktları meydana çıxıb. Bu faktlar isə diqqətinizə çatdırmağa çalışacağımız 585 saylı cinayət işinin başlanmasına əsas verib.
...30 aprel 2008-ci ildə 4 nəfər – Mahir Mirsalamlı, Yalçın Həsənov, Ruslan Rüstəmov və Yalçın Həsənovgilin ailə sürücüsü Həsən Həsənov eyni gündə həbs edilirlər. İlhamə Quliyevanın oğlu Orxan Nadirov isə bir neçə gün sonra - mayın 3-də tutulur. Təbii ki, içəridəkilər danışmağa başlayınca da həbslərin əhatəsi genişlənir. Bu çərgəyə Ruslan Zalıyev, Cavidan Əliyev, Əli İsmayılov, polis Vüqar Əliyev, Zubayə Qulami, Ramin Həsənov, Kəmalə Eyvazova, Mirəli Əliyev, Elşən Budaqov, Rüfət Çobanov və Elman Manafov da qoşulur. Son iki şəxsin cinayət əməlləri sübuta yetirilmədiyindən, onlar bu cinayət işində suçlu bilinməyiblər. Amma bu şəxslər barəsində ayrıca cinayət işi icraata başlayıb.
Gördüyünüz kimi, cinayətkar dəstə kimi qeyd edilən qrupun zərif cinsdən olan nümayəndələri də var. Hazırda bu qadınlara edilən yeganə güzəşt onların məhkəmə zalında dəmir barmaqlıqlar arxasında oturmamasıdır. Amma bu güzəştin hakim Azər Orucovun hökmündə nə qədər nəzərə alınacağını indidən deyə bilmərik.
Dəstənin ilk sifarişi...
Hər şey birinci dəfə çətin olur. Bir neçə dəfə təkrarlandıqdan sonra artıq vərdişə çevrilir və ilk dəfənin həyəcanından demək olar ki, əsər-əlamət qalmır. Cinayət işinin materiallarından məlum olur ki, dəstənin ilk sifarişi Yalçın Həsənovdan gəlib. O, ailə sürücüləri Həsən Həsənovu 2007-ci il noyabrın 9-da “Ekstazi” kimi tanınan “MDMA” psixotrop maddəsini satış məqsədi ilə qanunsuz olaraq əldə etmək üçün İstanbul şəhərinə göndərir. İlk dəfə 20 ədəd həb gətirmək mümkün olub. Həblər Beynəlxalq Hava Limanında gömrük nəzarətindən gizlin keçirilib.
İş materiallarına əsasən, ilk gələn həblərin 12-ni Y.Həsənov özü üçün götürüb. Həblərin 5-i M.Mirsalamlıya, 1-i Ruslan Rüstəmova, 2-si Əli İsmayılova verilib. Amma bundan sonra Y.Həsənov və M.Mirsalamlı birləşərək pul verib, sürücü H.Həsənovu “ekstazi” dalınca yenə Türkiyəyə göndərirlər. Cinayət işi materiallarında çox maraqlı bir məqamla da rastlaşırıq. Belə ki, ikinci dəfə sürücü Türkiyəyə göndərildikdən sonra Y.Həsənovda məlumat olur ki, artıq gömrükçülərdə H.Həsənovun narkotik maddələrlə qayıdacağına dair məlumat var. Bu məlumatın necə əldə edildiyi məlum deyil. Lakin bu məlumatlar da Y.Həsənovu bu işdən uzaqlaşdırmağa səbəb olmur.
Çətin əməliyyat xalq artistinin oğluna etibar edilir...
O, sürücüsünə Bakıya əliboş qayıtmağı tapşırsa da həblərdən birdəfəlik vaz keçmir. Beləliklə, işə İlhamə Quliyevanın oğlunu qoşurlar. Türkiyədə qalan həblərin arxasınca bu dəfə - 2007-ci il noyabrın 25-də müğənninin oğlu Orxan Nadirov göndərilir. Növbəti gün Bakıya qayıdan O.Nadirov əməliyyatı “uğurla” başa çatdırır. Hava limanında isə artıq onu Y.Həsənov, M.Mirsalamlı, H.Həsənov və Ə.İsmayılov gözləyirdi. Gətirilən həblərin 20-sinin pulu əvvəlcədən alınıbmış. Və bu həblər pulu ödəyən M.Mirsalamlıyla birgə 10-XA-500 nömrəli “Auidi A6” markalı avtomobillə sabiq prokurorun Bilgəhdəki bağ evinə gedir. Sabiq prokurorun oğlunu avtomobildə Ə.İsmayılov da müşayiət edir. Təbii ki, Ə.İsmayılovun “ekstazi” payı ayrıca çatdırılır, amma ona əlavə həblər də verilir ki, sonuncu bunu Kəmalə Eyvazova vasitəsilə satsın. Yenə də həblərin böyük bir hissəsi - 15 ədədi Mirsalamlının özü tərəfindən istifadə olunur. Amma Türkiyədən gələn həblərin 280-i Y.Həsənovda idi. Yalçın bu həblərin 51-ni bir neçə gün sonra Ə.İsmayılov vasitəsilə, bir ədədi 50 manat olmaqla satdırır. Özü də kimə? Polis əməkdaşı Vüqar Əliyevə. Görünür, prokuror oğlanlarına polis alıcı əlavə cəsarətlər də verib.
Cinayət işi materiallarından belə məlum olur ki, bir ay ərzində Y.Həsənov, M.Mirsalamlı və Ə.İsmayılov 229 həb qəbul ediblər. Bu həblərdən bəlkə başqaları da dadıb. Amma hələ ki, istintaqa işin bu tərəfi məlumdur.
“Ekstazı”nin qiyməti get-gedə şişirdi. Həbin biri 100 ABŞ dolları həddinə gəlib çatır. Lakin proses çox davam etmir. Bahalı həblər gömrük əməkdaşları tərəfindən Rüslan Rüstəmovdan müsadirə edilərək, istintaqa təhvil verilir. 2008-ci il martın 7-də müsadirə olunan bu malların hələ 2007-ci il noyabrın 26-da Türkiyədən gətirildiyi məlum olur...
(Davamı var)
İş № 585: “Ekstazi” vurğunları necə həbs olundular?
Hakim, prokuror və hətta xalq artistinin övladlarının yer aldığı dəstənin “ekstazi işi” adlanan məhkəməsi diqqət çəkən mövzulardan biri olaraq qalır. Mövzunun bu qədər diqqət çəkməsinin müsbət tərəfləri də var. Övladlarına heç bir sıxıntı yaşatmayan, onlar üçün bahalı avtomobillər alıb, ciblərinə bolluca xərclik qoyan, yeri gəldi-gəlmədi hər bir hərəkətini hamıdan müdafiə edən valideynlər üçün heç olmasa bu məhkəmə işi bir həyəcan siqnalı oldu. Statusundan, cəmiyyətdə tutduğu mövqedən və kimliyindən asılı olmayaraq, narkotika qurbanı olan bu gənclərin hər biri azərbaycanlıdır, cəmiyyətimizin gələcəyidir. Bu baxımdan, problem təkcə ərkəsöyün uşaqların valideynlərinin deyil, hər birimizindir.
200 ekstazi sabiq prokurorun evindəcə təhvil verilir
Lent.az-ın oxucularının diqqətinə bu işlə əlaqədar cinayət araşdırması materiallarının bir qismini çatdırmışdıq. İş materiallarında mütəşəkkil dəstənin rəhbəri kimi Yalçın Həsənov (Ali Məhkəmənin sədri olan Südabə Həsənovanın qardaşı, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu) və Mahir Mirsalamlı (Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu) göstərilir. Qeyd edilir ki, bir neçə dəfə Türkiyədən ekstazi psixotrop maddəsi gətirən dostlar növbəti dəfə 2008-ci ilin yanvar ayında yenə də küllü miqdarda ekstazi əldə etmək üçün Yalçın Həsənovgilin ailə sürücüsü olan Həsən Həsənovu Türkiyəyə göndərirlər. Dostların hər biri sürücüyə 3500 ABŞ dolları verirlər. Bu qədər pula bir ədədi 35 dollardan olmaqla 200 ədəd həb gətirilməli idi. Həsən Həsənov tapşırığı “uğurla” yerinə yetirib və... təsəvvür edirsizmi, həblər Y.Həsənova sabiq prokurorun elə evindəcə təhvil verilib. Təbii ki, yan otaqda olan və həyatının böyük bir qismini cinayətkarlıqla mübarizəyə sərf edən atanın bu işdən xəbəri yoxdur. Bu xəbərsizlik onun valideyn məsuliyyətini nə qədər azaldır? Hələ ki, bu sualı cavabsız buraxaq...
Saxta həblər necə dəyişdirilir?
Yuxarıda sürücünün işini dırnaq arası uğur hesab etməyimiz təsadüfi deyildi. Çünki gətirilən həblər saxta çıxır. Artıq ekstazinin nə olduğunu yaxşı bilən prokuror övladları bu həblərin həqiqi olmamasını çox tez müəyyən edirlər. Və sürücü həblərlə birlikdə geri göndərilir. Bu dəfə isə sürücü patronunun sifarişini axıracan yerinə yetirə bilir. Saxta həblər İstanbulda həqiqiləri ilə dəyişdirilir. Və Y.Həsənov artıq onu evdə gözləməyə səbr edə bilmir. Dəstənin digər üzvü Əli İsmayılovla birlikdə Gəncə şəhərinə sürücünü qarşılamağa gedirlər. İş materiallarına əsasən, Y.Həsənov həbləri beləcə Bakıya gətirir. Gətirilən 200 həb dostlar arasında tən bölünür. Y.Həsənov payına düşən həblərin çox hissini özü qəbul edir. 35 dollara əldə etdiyi həbin 3-nü 50 dollara Ruslan Zalıyevə satır. Materialladan görünür ki, ondan fərqli olaraq, M.Mirsalamlının alveri daha “faydalı” olub. Belə ki, M.Mirsalamlı həblərdən 1-ni 50 manata tanışı Kəmalə Eyvazovaya, 60 ədədini isə hər biri 60 manata dəstənin digər üzvü Cavidan Əliyevə, 1 ədədini isə polis əməkdaşı Vüqar Əliyevə satır. Özünə cəmi 38 həb saxlayır.
Dəstənin qadin alverçisi işə necə qoşulur?
Ekstazi başları elə dumanlandırır ki, dəstə üzvlərini bu işlə əlaqədar başqa insanlarla əlaqəyə girməyə vadar edir. Bu dəfə məqsəd daha ucuz “mal” əldə etməkdir. Y.Həsənov və M.Mirsalamlı dəstənin digər üzvü Ruslan Rüstəmov vasitəsilə Türkiyədə yaşayan Qulami Zubayə Allahverdi qızı ilə əlaqəyə çıxırlar. R.Rüstəmov 2008-ci ilin fevral-mart aylarında bu qadınla telefon danışıqları, SMS-lər vasitəsilə əlaqəyə girir. Qulami Zübayə ekstazi işində onlara köməklik edəcəyini vəd edir. Sən demə, dostlar indiyə kimi ekstazini çox baha alırlarmış. Türkiyədə yaşayan bu qadın həblərin birini 6 dollara ala biləcəyini deyir. Və 1000 ədədinin yerini hazırlayır. Yenə də “mal” dalınca sürücü göndərilir. Ona həblərin pulundan əlavə “zəhmət haqqı” da veriləciyi bildirilir. Beləliklə, 2008-ci il aprelin 8-də Həsən Həsənov Bakı-İstanbul marşrutu ilə hərəkət edən sərnişin avtobusuna minir. O, 6000 dollar ödəyərək, 1000 həbi yenə də avtobus vasitəsilə Azərbaycana gətirir. Bu dəfə onu qarşılamağa M.Mirsalamlı düz “Sınıq körpü” sərhəd məntəqəsinə kimi gedir. Onlar M.Mirsalamlının “BMW” markalı Az10-TM-500 dövlət qeydiyyat nişanlı avtomobilinə minərək, Bakı şəhərinə şütüyürlər. Bu dəfə isə mallar tən bölünmür. Həblərin 627 ədədi satılmaq üçün M.Mirsalamlıda qalır, 373 ədədi isə Y.Həsənova verilir. Sən demə, dostların hər biri “zəhmət haqqı” kimi sürücüyə 1000 dollar verməliymiş. Amma M.Mirsalamlı ilk dəfə 600 dollar, Y.Həsənov isə 100 manat verməklə kifayətlənirlər. Deyirlər ki, həbləri satıb, sənə də faiz verəcəyik.
Y.Həsənovun həbləri satdığı adamların arasında məşhur skripkaçı Ramin Həsənov da olur. Həblərin 68-ni müxtəlif vaxtlarda özü qəbul edir, 259 ədədi isə ofisindəki seyfdə saxlanılır. M.Mirsalamlı həblərin bəzilərini hətta 100 dollara sata bilir. Onun 50-60 manata da həb satdığı müxtəlif insanlar var. Müştərilər arasında yenə də polis əməkdaşı Vüqar Əliyevin adına rast gəlirik. 68 həb isə müxtəlif vaxtlarda özü tərəfindən qəbul olunub. Dostların bu ekstazi həyəcanı uzun çəkmir.
30 aprel 2008-ci il tarixində Y.Həsənov seyfində saxladığı 259, M.Mirsalamlı isə avtomobildə gizlətdiyi 385 həblə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalanırlar. Yaxalandıqdan sonra istintaqa ilginc ifadələr verirlər. Bu ifadələrlə isə sizləri tezliklə tanış edəcəyik.
(Davam var)
İş № 585: “Ekstazi”nin son müştərisi polis zabiti olub
Prokuror övladlarının cinayət şəbəkəsi necə ələ keçdi?
“Ekstazi işi”, deyəsən, cəmiyyətin diqqətini kifayət qədər çəkə bilib. Adının çəkilməsini istəməyən yüksək rütbəli polis zabitinin verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin rəhbərliyi bu hadisədən sonra polis sistemində çalışanların narkotik maddələrdən asılılığı olub-olmadığını müəyyənləşdirməyi tapşırıb. Bundan sonra əyalətlər də daxil olmaqla, ölkənin hər yerində polislərdən qan nümunəsi götürülməsinə başlanıldığı bildirilir. Onu da qeyd edək ki, DİN sistemində bu cür müayinələr vaxtaşırı keçirilir. Bu dəfə isə kampaniya ciddi nəzarət altında aparılır. Mənbənin məlumatına görə, bu məsələ polis sistemində çalışanların çoxunu əndişəyə salıb. Mənbə bildirir ki, bir neçə polis zabiti və serjantı onunla söhbətdə əvvəllər narkotik maddədən istifadə etdiklərini etiraf ediblər. İndi isə onlar “gənclikdə bəzi səhvlər etmişik, amma uzun müddətdir bundan uzağıq, lakin qanda nə vaxtsa istifadə etdiyimiz bu maddənin çıxacağından qorxuruq” deyə həyəcanlarını gizlədə bilmirlər. Nəzərinizə çatdıraq ki, Milli Təhlükəsizlik Nazirliyi “ekstazi işi”ndə polis əməkdaşını da cinayətkar dəstənin üzvü kimi həbs edib. Elə bu baxımdan da DİN rəhbərliyinin narahatlığı başadüşüləndir.
Bundan başqa, mənbənin məlumatına görə, tanınmış şəxslərin bir çoxu da övladlarını anonim şəkildə tibbi müayinədən keçməyə məcbur edirlər. Əslində, gənc övladı və övladının narkotik maddə almağa çatacaq qədər cib xərcliyi olan valideynlərin hər biri müayinədən keçib vəziyyəti özləri üçün müəyyənləşdirsələr, çox yaxşı olardı.
Bu gün sizin diqqətinizə Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlının MTN-nin “ekstazi işi” ilə bağlı apardığı istintaqa verdiyi ifadəni çatdıracağıq. Elə bu ifadədən sonra da gənc övladları olan bir çox şəxslərin nədən narahat olduqlarını başa düşmək olar.
Qeyd edək ki, M.Mirsalamlı narkotik maddələrin istifadəsinə, istintaqın bildirdiyi kimi, hətta onların alverinə təkbaşına qoşulmayıb. Onun yanında Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov da olub.
Maşın ustası prokuror oğlunu “ekstazi”nin dadina baxmağa dəvət edib
İstintaq materiallarından məlum olduğuna görə, M.Mirsalamlı ona ilk dəfə ittiham elan edilən zaman cinayətini etiraf edib və istintaqa səmimi ifadə verib. Ancaq bir müddət keçdikdən sonra dediklərinin bəzilərini danıb. İstintaq isə onun ilkin ifadələrini əsas götürüb.
M.Mirsalamlı bildirib ki, maşın ustası Əli İsmayılovla 2003-cü ildən tanış olub. Prokuror oğlunun avtomobilinə də həmin insan qulluq edib. 2007-ci ilin sentyabr-oktyabr aylarında isə Əli ona ekstazinin “möcüzə”lərindən bəhs edib. Deyib ki, bu dərmanı qəbul etdikdən sonra adam gedib diskotekada oynamaq istəyir, cuşa gəlir, potensialı artır, yorulmaq bilmir və s.
Beləliklə, M.Mirsalamlı Əlinin vasitəsilə 2007-ci ili yayında Y.Həsənovla tanış olur. Hətta M.Mirsalamlıya onu da deyirlər ki, ekstazi həbləri asılılıq yaratmır. M.Mirsalamlı Y.Həsənovgilin “Malakan bağı”nın yaxınlığındakı evinə gedir. Y.Həsənov onun qarşısına 3 növdə həb qoyur və bildirir ki, bunların biri 50 dollardır. M.Mirsalamlı ilk dəfə Y.Həsənovun evində həb qəbul edir. İlk dəf heç nə hiss etməyib. Ona deyiblər ki, 20 dəqiqədən sonra həblərin təsirini hiss edəcəksən. Aradan yarım saat keçir, hələ heç nə hiss etməyən Mahir Yalçından ayrılıb, “Abşeron” mehmanxasına bilyard oynamağa gedir. Bu zaman ürəyinin sürətlə döyündüyünü hiss edir. Dediyinə görə, bədənində adrenalinin səviyyəsi o qədər artır ki, hərəkətsiz dayana bilmir. O, başına gələnləri isə telefon vasitəsilə Əliyə bildirib.
Dərmanlar diskotekada sınaqdan çıxarılıb
2-3 gün sonra isə M.Mirsalamlı dərmanları diskotekada sınaqdan çıxarmaq qərarına gəlib. Yalçınla telefon əlaqəsi saxlayaraq, ondan 200 dollara 4 ədəd dərman alır. Əvvəlvə həbləri yarı-yarı qəbul edir və bu müddət ərzində qızlarla görüşür. Sonra isə həbin birini qəbul edib, diskotekaya gedir.
Çox maraqlıdır ki, M.Mirsalamlı telefonun yaddaşına xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun Türkiyədən ekstazi gətirərkən hava limanında görüşmələri ilə bağlı videogörüntülər olub. Telefon araşdırılanda isə M.Mirsalamlı bildiirb ki, 2007-ci ilin noyabr ayında o, Yalçın, Əli və Yalçının sürücüsü Həsənlə birlikdə Orxanı qarşılamaq üçün hava limanına gediblər. Elə Orxanı da ilk dəfə həmin gecə hava limanında tanıyıb. Orxanla sonralar bir neçə dəfə rastlaşırlar, amma bu münasibət dostluğa çevrilmir. Lakin elə həmin gecə dostlar hava limanından birbaşa Y.Həsənovgilin evinə gəlirlər. Yalçın Orxanın Türkiyədən gətirdiyi, içində ekstazi olan çantanı götürüb yuxarı çıxır. Bir neçə dəqiqədən sonra isə aşağı düşüb, M.Mirsalamlının əvvəlcədən biri 50 dollardan olmaqla pulunu ödədiyi 7-8 həbi ona təqdim edir.
Prokuror oğlu ekstazi ticarətinə necə başlayır?
Növbəti görüş “Anadolu” restoranında olur. Görüşdə Yalçın, Əli, Həsən və Mahir Mirsalamlı iştirak edir. İfadəyə görə, görüşdə Yalçın ona deyir ki, dərmanları artıq 50 dollara yox, 35 dollara da əldə edə bilər. Lakin 100 ədəd həbi almaq üçün 3500 dollara ehtiyac var. M.Mirsalamlı Ziya adlı dostundan bu məbləği tapıb, Yalçına təqdim edir. İki həftədən sonra isə Yalçın həblərin Türkiyədən gəldiyini bildirir və dostlar yenə də Yalçıngilin evində yığışırlar. M.Mirsalamlının payına düşən 100 ədəd ekstazi həbi təqdim olunur. Bu dəfə həblər müxtəlif rənglərdə olur. O, həbin birini elə Yalçıngildən çıxan kimi qəbul edir. Amma üstündən 2-3 saat keçməsinə baxmayaraq, M.Mirsalamlı heç nə hiss etmir. Məlum olur ki, həblər saxtadır. M.Mirsalamlı həbləri Yalçının sürücüsünə qaytarır. Yalçın isə ona bildirir ki, narahat olma, səhvi düzəldib, həqiqi həbləri gətirəcəklər.
İfadədə qeyd edilir ki, Həsən bu dəfə Türkiyədən 300-400 həb gətirir. Bu dəfə həblər ona “Sovetski” küçəsində yaşayan Səbinənin evində təqdim olunur. Bu müddət isə Mahir dostu Ziyadan aldığı pulun yalnız 500 dollarını geri qaytara bilir. Beləliklə, pulları geri qaytarmaq üçün həblərin bir hissəsini satmaq qərarına gəlir. Yenə maşın ustası “köməyinə” gəlir. Əli bildirir ki, tanışı Cavidan vasitəsilə dərmanları sata bilər. İlk dəfə Cavidana biri 60 manata olmaqla, 4 həb satılır. Növbəti günlər Əli ilə birlikdə Cavidana daha bir neçə həb satılır. Cavidan aldığı həblərdən 3000 dollar borclu qalır. Lakin bunu qaytara bilmir. İstintaqın müəyyənləşdirdiyinə görə, pullar həbslər keçirilənə kimi qaytarılmayıbmış. Elə bu səbəbdən də Mahirlə Əlinin arasında mübahisə düşür və tanışlar ayrılırlar. Ziyaya borclu qalan Mahir isə borcunun yerdə qalan hissəsini ödəmək üçün avtomobilindən 1500 dollar qiyməti olan “FİFA” siqnalını ona verir. Bir dəfə də Cavidandan aldığı 500 dolları da təqdim edir. Qalır 1000 dollar borc...
Türkiyəli tacirlər Bakıya saxta həblər göndərirlər
Ticarət bununla bitmir. Yalçın növbəti dəfə görüşlərində ona bildirir ki, pul tapıb həb gətizdirmək olar, özü də ucuz qiymətə. Bu dəfə onlara Yalçının Ruslan adlı dostu köməklik etməliydi. Ruslan isə həbləri Türkiyədə yaşayan Zulya adlı tanışı vasitəsilə əldə edəcəyini bildirib. Ruslan deyir ki, Zulya həblərin birini 6 dollara təşkil edə bilər. Bir müddətdən sonra isə Türkiyəyə Zulyanın dalınca Yalçının sürücüsü göndərilir. M.Mirsalamlı ifadəsində deyir ki, Türkiyədən Həsən ona zəng vuraraq, bir təklif edir. Belə ki, ifadəyə əsasən, 6 dollara əldə edilən həbləri Yalçına 16 dollara satmaq və hər həbdə 10 dollar əlavə gəlirin bölünməsi təklif olunur. M.Mirsalamlının sözlərinə görə, o, təkliflə razılaşmayıb. Amma ifadədə bildirilir ki, sürücü həblərin 16 dollara olduğunu Yalçına deyir və ondan əlavə olaraq 6000 dollar istəyir. Yalçın bu pulu göndərir və beləliklə, Həsən Türkiyədən 1000 həblə qayıdır. Həblər iki rəngdə olur – göy və yaşıl. Amma məlum olur ki, göy rəngdə olanlar saxtadır.
Həmin vaxt Yalçın Dubayda olur. İstintaq materiallarından bəlli olur ki, Y.Həsənov eyni zamanda avtomobil alveri ilə məşğul olub. Həsənlə Mahir isə Yalçının ofisinə gəlib 180 ədəd saxta, 200 ədəd həqiqi həbləri orada gizlədirlər. 280 ədəd saxta, 320 ədəd həqiqi həbləri isə özləri ilə aparırlar. Həsənin gətirdiyi həblərdə isə 20 ədəd əskik olduğu müəyyənləşir. Yalçın Dubaydan gələndən sonra həblər ona təqdim olunur. Yalnız Həsən ona 3-4 gün keçəndən sonra göy rəngli həblərin saxta olduğunu bildirir.
Sonuncu müştəri polis zabiti olub
M.Mirsalamlı yenə də Cavidan Əliyev vasitəsilə alverə başlayır. Biri 45 manata olmaqla, ona 50 ədəd həb verir. Bu dəfə pul nağd alınır. Gəlir Həsənlə bölünür. Sonra 2008-ci il aprelin 30-da Ruslan vasitəsilə Cavidana 100 həb göndərilir. Elə bu zaman da Ruslan hüquq-mühafizə orqanları tərəfindən yaxalanır. Bu həbsdən xəbərsiz olan Mahir isə Ruslandan ayrıldıqdan sonra polis əməkdaşı Vüqar Əliyevə 2 ədəd həb satmağa gedir. Həbləri isə maşınında gizlədir. Sonra evdən çıxıb, həbsindən xəbərsiz olduğu Ruslandan pulları almaq üçün avtomobilə minmək istəyəndə MTN əməkdaşları tərəfindən yaxalanır və maşındakı narkotiklər üzə çıxır.
Yalçın Həsənovun ifadəsində daha ilginc məlumatlar var. Onun ifadəsini növbəti bölümlərdə oxuyacaqsınız.
(Davamı var)
İş № 585: MTN həbs etdiyi gəncləri ölümdən qurtarıb
Prokuror oğlu günə 3 həbi birdən qəbul edirmiş
“Ekstazi işi” ilə yaxından tanış olduqca üzə çıxır ki, Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi bu əməliyyatdan əvvəl də həmin narkotik vasitəni Bakıda xeyli insan tanıyıb, dadına baxıb.
Ekstazi - “disko bisküvisi”
Araşdırmalar zamanı ekstazi ilə bağlı maraqlı məlumatlar əldə edirik. Hazırda məhkəmədə mühakimə olunan gənclərə ilk dəfə ekstazi təklif ediləndə onu diskotekada sınaqdan keçirməyi təklif etmişdilər. Ekstazi bizim ölkəylə müqayisədə Türkiyədə daha çox yayılıb və orada bu maddəyə qəribə adlar qoyulub. Onlardan biri də məhz “disko bisküvisi”dir. Türkiyədə ekstazi alışqanlığını daha çox zənginlərin problemi sayırlar.
Ekstazinin rəsmi adı MDMA kimi göstərilir. Açılışı - Metilen Dioksi Met Amfetamin. Həbin tərkibində aşağıdakı maddələr var:
-Efedrin ve ketamin
- Kafein
- Amfetamin
- Metamfetamin
- Parasetamol
Hər il ən azı 20 insan ekstazidən ölür
Bu vasitənin ilk dəfə 1980-ci ildə istifadəyə çıxarıldığı bildirilir. Həb 20 dəqiqə sonra təsirini göstərir və 6 saat təsirini saxlayır. Statistik məlumatlara görə, ildə bu dərmandan mütəmadi istifadə edən ən azı 20 insan dünyasını dəyişir.
Hazırda mühakimə olunan prokuror övladları, xalq artistinin oğlu, polis zabiti və yerdə qalan gənclərin həyatı bəlkə də MTN-nin keçirdiyi əməliyyatla xilas olub.
Ötən yazıda Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlının istintaqa verdiyi ifadəni təqdim etmişdik. Bu dəfə isə Əzizbəyov rayonunun sabiq prokuroru (Ali Məhkəmənin sabiq sədri Südabə Həsənovanın qardaşı) Rəşid Həsənovun oğlu Yalçın Həsənovun ifadəsi ilə tanış olacaqsınız.
Y.Həsənov istintaq zamanı hadisələrlə bağlı ətraflı məlumat verib və özünün qismən təqsirli olduğunu etiraf edib. O, bildirib ki, son 5 ildə əsasən avtomobil biznesi ilə məşğul olub. Belə ki, fərdi sifarişlər əsasında xarici ölkələrdən avtomobil gətirib satırmış. Bu bizneslə məşğul olduğu zaman sürücüsü Həsən Həsənovla birlikdə “Tuning klub” açmaq fikrinə düşüblər. Bu klubda əsasən xarici avtomaşınların salonunda monitorların quraşdırılması, maşın salonunda dəyişikliklərin aparılması ilə məşğul olmağı nəzərdə tutublar. Belə bir klub Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərdiyindən Y.Həsənov özünün və ailəsinin sürücüsü olan Həsən Həsənovu təcrübə yığmaq üçün Türkiyəyə göndərir.
Təcrübə yığmağa gedən sürücü ekstazi ilə dönür
Prokuror oğlunun dediyinə görə, H.Həsənov Türkiyədən gələndə ona 20 ədəd ekstazi həbi gətirir. Bu həblərin gətirilməsini sürücüsünə özü tapşırıbmış. Həmin həblərin bir hissəsini özü qəbul edir, bir qismini də tanışlarına verir. Y.Həsənov onların adlarını xatırlamadığını deyib.
2007-ci ilin noyabr ayında Həsən yenə Türkiyəyə gedir. Bu dəfə ona 100 ədəd həb gətirməyi sifariş edir. Həmin vaxt Həsənin üzərində Y.Həsənova məxsus 4000 dollar pul olub. Amma bir müddət sonra Y.Həsənov fikrini dəyişib, Həsənin yaxalanacağından qorxub və dərmanları gətirməməyi tapşırıb. Həsən Türkiyədən əliboş qayıdıb. Y.Həsənov həblərin arxasınca kimi göndərməklə bağlı çox fikirləşib. Həmin vaxt da xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov yadına düşüb. Y.Həsənov O.Nadirov Qubada olan Orxana zəng edib, onu təcili Bakıya çağırır. O.Nadirov Bakıya gəlir və dostlar metronun “Bakı Soveti” stansiyasının yaxınlığında görüşürlər. Y.Həsənov ona tapşırığını və yol pulu verir.
İlhamə Quliyevanın oğlu problemi bir günə həll edir
Türkiyəyə yola düşən O.Nadirov məsələni bircə gündə həll edir. O, səhəri gün 100 ədəd ekstazi həbi ilə Bakıya qayıdır. Hava limanında Orxanı Həsən qarşılayır və Y.Həsənovgilə gəlirlər. Həblərin 20 ədədinin pulunu, hər biri 40 dollar olmaqla, M.Mirsalamlı əvvəlcədən ödəyibmiş. Onun payı ayrılaraq təqdim olunur. M.Mirsalamlı deyir ki, özünün bir tədbiri var və həblər orada istifadə olunacaq. Yerdə qalan həblər Həsənin idarə etdiyi avtomobildə gizlədilib.
Əsl ekstazi Aşura günü gətirildi
2008-ci ilin yanvarında Həsən yenə ekstazi arxasınca Türkiyəyə göndərilir. Bu dəfə o, biri 35 dollara 100 həb gətirməliydi. Bunun üçün də Y.Həsənov ona 3500 dollar verir. 3-4 gün sonra Həsən həblərlə birlikdə qayıdır. Həblərin saxta olduğu müəyyənləşəndən sonra Həsən gətirdiyi həblərlə birgə geri göndərilir.
Məhərrəmlik ayının Aşura günündə Həsən avtobusla həqiqi həblərlə birgə geri qayıdır. Y.Həsənov tanışı Əli İsmayılovla birlikdə onu qarşılamaq üçün Gəncə şəhərinin yaxınlığına kimi gediblər. Elə maşındaca Əli ilə Yalçın həblərin dadına baxıblar. Sonra isə yenə də dost-tanışı bu həblərə qonaq edib.
Bir müddət sonra isə M.Mirsalamlı ona deyib ki, biz həbləri çox baha alırıq. Məlum olur ki, M.Mirsalamlının tanışı onlara həbi 6 dollara tapmağı söz veribmiş. Bundan sonra dostlar qərar gəliblər ki, şərikli pul qoyub, 1000 ədəd həb gətirsinlər. Yenə də dərman dalınca sürücü Həsən göndərilir. Həsən Mahirin tanışından həmin həbləri alıb gətirməliymiş. Həsəni göndərdiyi günün səhəri isə Y.Həsənov alacağı yeni avtomobilin arxasınca Dubaya gedir. Amma Dubaya uçmazdan əvvəl Həsənə bank vasitəsilə 6000 dollar pul göndərir. Üstəlik, Həsənə deyir ki, Mahirin tanışını tapmasan belə başqalarından bu pula ekstazi al, gətir. Yəni əsas məqsəd mütləq həblərin tapılıb gətirilməsindən ibarət olub. Həsən telefon vasitəsilə Yalçına bildirir ki, Mahir sözünün üstündən qaçır, tanışı tapmırlar. Həsən ona bildirir ki, başqa yerdən 16, 17 dollara həb tapa bilər. Y.Həsənov Həsənə həmin qiymətə həb almağa razılıq verir (Cinayət işi materiallarında isə göstərilir ki, bu məqamda Mahirlə Həsən birləşib, Yalçını aldadırlar. Bu barədə növbəti yazılarda - müəll.)
Y.Həsənov istintaqa bildirib ki, Həsənin gətirdyi həblərdən ad günü mərasimində qonaqlarla birlikdə istifadə etməyi planlaşdırıbmış. Beləliklə, Həsən Türkiyədən bir ədədi 16 dollar olmaqla 350 həb gətirir. Onun Dubayda olduğu müddətdə isə Həsən gətirdiyi həbləri Y.Həsənovun Amerika səfirliyinin qarşısında yerləşən ofisində gizlədib. Elə həblər də ona ofisdə təqdim olunub.
Prokuror oğlu günə 3 həbi birdən qəbul edirmiş
İstintaq materialında Prokuror oğlu Mahir Mirsalamovun bir günə 3 həbi birdən qəbul etməsi ilə bağlı maraqlı açıqlamalar var. Bu barədə gələn yazıda...
(Davamı var)
İş № 585: Polis İdarəsinin qarşısında “ekstazi bazarı”
Prokuror oğlu tələbə yoldaşını “burulğan”a necə saldı...
“Əgər eyni sürətli templə və eyni hərəkətlərlə bədəninin bütün üzvlərini oynadaraq rəqs edən birini görsəniz, bilin ki, o, məhz ekstazi qəbul edib...”
Bu iddianın nə qədər doğru olduğunu onu söyləyən həkim bilir. Həmsöhbətimiz olan həkim-ekspert deyir ki, Bakının diskoteka və barlarında anormal enerji ilə rəqs edən gənclərə diqqət yetirməklə, ekstazi qəbul edən kifayət qədər adamı elə oradaca müəyyənləşdirmək olar.
Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə bu narkotik vasitənin əsarətinə düşən gənclərlə bağlı aparılan prosesdən çoxları nəticə çıxarmalıdır.
Söhbət Əzizbəyov rayonunun sabiq prokuroru (Ali Məhkəmənin keçmiş sədri Südabə Həsənovanın qardaşı) Rəşid Həsənovun oğlu Yalçın Həsənovun Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlının, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun, polis zabiti Vüqar Əliyevin və başqalarının mühakimə edildiyi məhkəmə prosesindən gedir. Ötən həftənin cümə günü sizin diqqətinizə Yalçın Həsənovun istintaqa verdiyi ifadənin bir qismini çatdırdıq. Həmin ifadənin davamında nələr deyilir?
Prokuror oğlu bir gündə 3 həbi birdən qəbul edir
Yalçın Həsənov istintaqa ifadəsini davam etdirərək bildirir ki, Həsənin ona gətirdiyi son ekstazi həblərini dəqiq saymayıb. Sadəcə, onların 10 dənəsini özü ilə götürüb. Elə həmin gün (2008-ci il aprelin 20-də, həbs ediləndən 10 gün əvvəl - müəll.) 3-nü qəbul edib, özü də “Redbul” içkisi ilə. Amma dərmanları qəbul etdikdən sonra həblərin keyfiyyətsiz olduğunu anlayıb. O, əvvəl də ekstazi qəbul etdiyindən bunların əvvəlki kimi təsir etmədiyini görüb. Elə buna görə də geri, ofisə qayıdır və həbləri saymağa başlayır. Bu zaman Həsənin gətirdiyi həblərin içərisində qeyri-orijinal olanları görür. Qeyri-orijinallığı isə elə xarici görünüşdən hiss edə bilir. Bundan başqa, həblərin bəzilərinin hətta qaraldığı məlum olur. Y.Həsənov ehtiyat edir ki, bu həblər zəhərləyici də ola bilər. Təxminən 30-40 ədəd qaralmış həbləri seçib tullayır. Həmin ekstazi həblərin 20-ni Həsənin vasitəsilə Mahir Mirsalamlıya göndərir. 3-4 gün sonra isə Mahir həblərin pulunu – 400 dolları ona göndərir. Əslində, 20 həbin pulu 800 dollar edir. Lakin özünün əvvəlcədən Mahirə 400 dollar borcunu nəzərə alıb, pulların yarısını istəyir.
Polis İdarəsinin qarşısında “ekstazi bazarı”
Y.Həsənov istintaqa bildirir ki, həbs edilməmişdən 15-20 gün əvvəl Mirəli Əliyev, ya da Elşən Budaqov ona zəng edib Elşənin həmin gün uşağı olduğunu deyir və təşkil edilən tədbirə dəvət edirlər. Y.Həsənov gedə bilməyəcəyini deyir. Sonra isə onlara zəng edib, ofisinin qarşısına dəvət edir. Y.Həsənovun ofisi Nəsimi Rayon Polis İdarəsinin yaxınlığında yerləşir. Elə tanışları ilə də idarənin qarşısında görüşür. Və hədiyyə olaraq 4 ədəd ekstazini onlara təqdim edir ki, məclisdə qəbul edib, şənlənsinlər.
Elə həmin gün Y.Həsənov tanışı Ramin Həsənova 2 ədəd ekstazi həbini, biri 50 dollardan satır. Ümumiyyətlə, 2008-ci il fevral və aprel ayında 1 ədədi 40 dollar olmaqla ümumilikdə 23 ədəd ekstazi həblərini sürücüsü Həsənin vasitəsilə valyuta dəyişmə məntəqəsində işləyən dostu Ruslan Zalıyevə satıb. Ruslanın həmin həblərə görə Y.Həsənova 500 dollar borcu qalıb. Həbslərdən 1-2 gün əvvəl Ruslan borcunun 300 dollarını keçmiş Lenin muzeyinin qarşısında Həsənə təqdim edir, lakin 200 dollar borc qalır. Elə həmin gün axşam Ruslan “Lider” telekanalının yaxınlığında borcunun qalanını da Həsənə verir. Y.Həsənov Həsən vasitəsilə Ruslana 2 ədəd də pay həb göndərir. Amma nədənsə Ruslan bu hədiyyəni qəbul etmir.
Ruslan Rüstəmov işə necə cəlb olunur?
Bu cinayət işində başqa bir Ruslandan da söhbət gedir. Onun soyadı isə Rüstəmovdur. R.Rüstəmov özünü bu cinayət hadisəsində qətiyyən günahkar bilmir. Amma ifadəsində çox diqqət çəkən məqamlar var. Belə ki, R.Rüstəmov M.Mirsalamlının Bakı Dövlət Universitetindən tələbə yoldaşıdır. Onlar birinci kursdan dostluq ediblər. 2007-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra isə dostların görüşlərinin sayı azalıbmış. 2008-ci ilin yanvarında dostlar bir daha görüşürlər. Bu zaman Mahir ekstazi barədə danışır. Həbləri xeyli tərifləyir və tapşırır ki, istəyən olsa, ona müraciət etsinlər. Ruslan narkotikdən uzaq olduğunu bildirib və bundan sonra hətta bir müddət görüşməyiblər.
2008-ci ilin fevral ayında Mahir bir daha ona zəng edir. Onunla Malakan bağının yaxınlığında görüşüb, kafeyə gediblər. Söhbət zamanı Mahir deyir ki, xeyli borcu var və buna görə də ekstazi satıb, borcları bağlamaq istəyir. Mahirin israrlarından sonra Ruslan deyib ki, belə bir adam olsa, ona xəbər verər.
Həbs edilməzdən təxminən 1 ay əvvəl Mahirlə Ruslan bir daha görüşürlər. Və bu zaman Mahir ona deyir ki, ekstazi istəyən birini tapıb, lakin onu şəxsən tanımır, başqalarından öyrənib. Mahir Ruslana bildirir ki, şəhərdə onu çox adam tanıyır. Buna görə alıcı ilə görüşü Ruslana həvalə edir. Mahir Ruslana telefon nömrəsi verir və bildirir ki, alıcının adı Caviddir. Mahir onu da bildirir ki, danışıqlarda dərmanın birinin 45 manata olduğunu söyləsin. 2008-ci ilin mart ayında Ruslan Cavidlə telefon əlaqəsi saxlayır. Cavidlə Malakan bağının yaxınlığında yerləşən “Anadolu” restoranında görüşürlər. Ruslan Cavidə Mahirin adını vermir. Cavid isə elə ilk görüşdən 50-100 ədəd həb sifariş edir. Cavid bildirib ki, hər dəfə onlardan 50, hətta müştəri bol olarsa 100 ədəd həb ala biləcək, çünki onun ekstazi qəbul edən xeyli tanışı var. Cavid dərmanı satan adamla şəxsən tanış olmaq istədiyini bildirsə də Ruslan ad çəkmir və eyni zamanda qeyd edir ki, burada onun heç bir xeyri yoxdur, sadəcə satıcının sözünü ona çatdırır. Cavidə o da məlum olur ki, satıcı aşkarlanmasından narahatdır. Görüşdə danışılanlar Mahirə çatdırır.
Həblərin külli miqdarda satışı necə təşkil olundu?
Bu suala Ruslan Rüstəmovun ifadəsində cavab tapmaq olar. Növbəti yazıda.
(Davamı var)
İş № 585: MTN ekstazi alverçisini necə yaxaladı?
Türkiyədən dəstəyə qoşulan gəncəli qız gəldiyi kimi, qəfil də yoxa çıxıb
Bakıda ekstazidən istifadə edənlərin bir qisminin adı Milli Təhlükəsizlik Nazirliyinin araşdırılan cinayət işində məlum olsa da, istintaqa axıracan bəlli olmayanlar da var. Məsələn, bu silsilədən ötən yazımızda Cavid adlı şəxsin bir dəfəyə hətta 100 həb sifariş etdiyini yazmışdıq. Kimlər idi bu həblərin alıcıları? İstintaq zamanı həmin alıcıların adı yaxalanan şəxslər tərəfindən açıqlanmır. Təbii ki, MTN-in bir əməliyyatı ilə Bakıda bütün ekstazi qəbul edənlərin aşkar edilməsini söyləmək çətindir. Odur ki, bu sosial bəla ilə hamımız mübarizə aparıb, həm özümüzün, həm də Azərbaycanın sağlam gələcəyini təmin edə bilərik.
Həblərin küllü miqdarda satışı necə təşkil olundu?
Bu suala Ruslan Rüstəmovun ifadəsində cavab tapmağa çalışırıq. R.Rüstəmov bildirir ki, 2008-ci ilin mart ayının ortalarında ekstazi alıcısı olan Cavid ona zəng edərək 20 ədəd həb istəyir. Ruslan isə bu məlumatı tələbə yoldaşı, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlıya çatdırır. M.Mirsalamlı bildirir ki, heç bir problem yoxdur, həblər hazırdır. O, tələbə yoldaşından xahiş edir ki, həbləri aparıb Cavidə çatdırsın. Görüş şənbə gününə təyin edilir. Şənbə günü Cavid həbləri 20.00-da təhvil almalıydı. 19.30-da isə Mahirlə Ruslan görüşürlər. Özü də İraq səfirliyinin qarşısında.
Haşiyə
Maraqlıdır ki, Yalçın Həsənov ekstazi həblərini dostlarına ABŞ səfirliyinin qarşısında, M.Mirsalamlı isə İraq səfirliyinin qarşısında çatdırır. Prokuror övladları həmin ərazilərin həm səfirliyin, həm də bizim xüsusi xidmət orqanlarının diqqətində olduğunu, hətta kamera vasitəsilə izləndiyini çox güman ki, bilməmiş deyillər. Belə olduğu halda onların bu sərbəstliyini başa düşmək bir qədər çətindir...
Beləliklə, keçmiş tələbə yoldaşları İraq səfirliyinin qarşısında, Mahirin “BMW”-sində görüşürlər. M.Mirsalamlı Ruslana Cavidə çatdırması üçün “KENT” siqaret qutusunda 20 ədəd həb verir. Saat 19.40-da Cavid Ruslana bir daha zəng edir və dərmanların onda olduğunu bir daha dəqiqləşdirir. Görüş isə köhnə “Portofino” kafesinin qarşısına təyin edilir. Həmin ərazidə olan qəzet köşkünün arxasına keçib, qutunu Cavidə təqdim edir. Cavid elə oradaca həbləri sayır. Sonra isə bunun müqabilində R.Rüstəmova 1100 ABŞ dolları verir. Ruslan pulları Mahirə köhnə Lenin muzeyinin arxasında təqdim edir. Həmin gecəni dostlar Mahirgilin Bilgəhdəki bağ evində keçirirlər.
Ruslan internetdə tanış olduğu qızı dəstəyə necə cəlb etdi?
R.Rüstəmov 2008-ci ilin əvvəllərində internet vasitəsilə Zulya adlı bir qızla tanış olur. Zulya Türkiyədə yaşadığını bildirir. Və telefon nömrəsini də verir. Qız Bakıda olduğu vaxt tanışlar görüşürlər. Zulya bildirir ki, Türkiyədə tək yaşayır və pul köçürmələri ilə məşğul olan bir firmada işləyir. Gəncə şəhərindən olan Zulya əvvəlcə ailəli olduğunu, sonradan isə ayrıldığını qeyd edir. Ruslan danışır ki, Zulyanın bacarıqlı və işgüzar qız olduğunu hiss edib. 2008-ci ilin aprel ayında Mahir Ruslandan Türkiyədə tanışı olub-olmadığı ilə maraqlananda onun yadına Zulya düşür. Mahir ona tapşırır ki, Zulyadan ekstazi barədə geniş məlumatı, diskotekalarda necə satıldığını öyrənsin. Ruslan Zulyaya bu barədə deyəndə o etiraz etmir. Bir qədər sonra isə Zulya cavab verir ki, hətta həmin həblərin alınmasında belə onlara köməklik edə bilər. Məlumat Mahirə çatanda o, Zulyanın Türkiyədəki telefon nömrəsini istəyir və bildirir ki, buradan gedib onunla görüşən olacaq. Bir neçə gün sonra isə görüş zamanı Mahir Ruslana deyir ki, artıq Zulya ilə danışıblar və qız həblərin birini 6 dollara tapa biləcəyinə söz verib. Mahir eyni zamanda ona deyib ki, həblərin arxasınca Həsən adlı tanışını (Y.Həsənovgilin ailə sürücüsünü-müəll.) göndərəcək. Həsənin Türkiyədə işlətdiyi mobil telefonun nömrəsi də Zulyaya göndərilir.
Bir neçə gün sonra Mahir Ruslana deyir ki, Həsən artıq Zulya ilə görüşüb. Amma səhəri gün Mahir ona bir daha deyir ki, Zulya ilə iş alınmayıb. Tanışı başqa yerdən həb alacaq. Tələbə yoldaşı eyni zamanda ona tapşırır ki, Zulya ilə əlaqə saxlayıb orada nə problem olduğunu öyrənsin. Ruslan Zulyaya mesaj yazıb göndərsə də cavab gəlmir.
Bir-iki gün sonra Mahir Ruslana bildirir ki, artıq Həsən Türkiyədən həbləri alıb gətirib. Mahir deyir ki, Zulyaya mesaj yazıb, hər şeyin qaydasında olduğunu bildirsin. Ruslanın ifadəsinə görə, bu hadisədən sonra Zulya ilə heç bir əlaqəsi olmayıb.
100 ədəd ekstazi sifarişi
2008-ci ilin aprel ayının 25-də Cavid Ruslana zəng edib, 100 ədəd ekstazi sifariş edir. Mahir dostuna bildirir ki, heç bir problem yoxdur, görüş təyin edib, dərmanları ona verə bilər. Səhəri gün Mahir Ruslanı “Take Fave” kafesinə dəvət edir. Bir az söhbətdən sonra alıcı əlaqə saxlayır. Mahir yenə avtomobilində saxladığı həbləri siqaret qutusunda Ruslana təqdim edir. Ruslanla Cavidin görüşü yenə köhnə “Portofino” kafesinin qarşısına təyin edilir. Yenə qəzet köşkünün arxasına keçirlər. Bu zaman Cavid deyir ki, bir nəfər söz versə də pulu çatdıra bilməyib və ona görə də o, 100 yox, 50 ədəd həb ala biləcək. Cavid 50 ədəd həbi sayıb götürür və bunun əvəzində Ruslana 2250 manat pul verir. Sonra deyir ki, yerdə qalan həblərin üstünə 50 ədəd də qoysun, tezliklə bunları ondan istəyəcək. Ruslan “Take Fave” kafesinə qayıdır. Mahirlə kafenin qarşısında avtomobilin içərisində haqq hesab edirlər. Yerdə qalan həblər və pul Mahirə qaytarılır. Mahir dərmanları gizlətmək üçün Ruslana verir. Ruslan da bu həbləri “Mersedes200” markalı avtomobilində gizlədir.
2008-ci aprelin 30-da Cavid ona yenə zəng vurur. Köhnə qaydada qəzet köşkünün arxasında dərmanlara Cavidə təqdim edilir. Cavid dərmanları saymağa başlayanda isə MTN əməkdaşları onları yaxalayır. Ruslan ifadəsində bildirir ki, o, yalnız borclarını qaytarmaq üçün Mahirə köməklik edib, heç vaxt bu işdən özü üçün gəlir əldə etməyib.
Sürücünün müdhiş açıqlamaları
Gələn yazımızda sizlərin diqqətinə prokuror ailəsinin sürücüsü olan Həsən Həsənovun Türkiyədən ekstazini hanzı yollarla, necə və neçəyə gətirməsi, prokuror övladlarının bir-birinə “kəf” gəlmək istəmələri ilə bağlı açıqlamalarını çatdıracağıq.
(Davamı var)
İş № 585: Ekstazi alverçiləri dövlətə 2007-ci ildən məlum olub
Cinayət işinin əsas epizodlarının iştirakçıları bir qayda olaraq, “unudulur”
Milli Təhlükəsizlik Nazirliyinin araşdırdığı 585 saylı cinayət işi ilə tanışlığı davam etdiririk. Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlının, keçmiş ədliyyə naziri, Ali Məhkəmənin sabiq sədri olan Südabə Həsənovanın qardaşı, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənovun, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun, polis zabiti Vüqar Əliyevin və başqalarının adı keçən cinayət işinin materialları ilə tanış olduqca bu proseslərin üzərindəki qalın pərdə yavaş-yavaş qalxmağa başlayır. Və daha çox cəlb edici olur.
Cinayət işində ən önəmli fiqurlardan biri də Y.Həsənovgilin ailə sürücüsü işləmiş Həsən Həsənovdur. Bu yazımızda onun istintaqa verdiyi ifadəni təqdim edəcəyik. Qeyd edək ki, sürücü həbs edilən andan istintaqa günahkar olduğunu etiraf edib və sonacan da səmimi ifadələr verdiyini bildirib. H.Həsənov 2005-ci ildən Y.Həsənovu tanıyıb və onun yanında işləməyə başlayıb. 2006-cı ilin əvvəlində könüllü şəkildə işdən gedib. Elə həmin ilin sonunda bir daha işinə geri qayıdıb. Həbs edilənə kimi də həmin işdə olub və ayda 200 ABŞ dolları məbləğində maaş alıb.
İlk sifariş
O, ifadəsində bildirir ki, arada Y.Həsənovun sifarişi ilə Türkiyəyə satış üçün avtomobillər gətirməyə gedirmiş. Həbs edilənə kimi 4 dəfə Türkiyəyə səfər edib. İlk dəfə Yalçının göstərişi ilə İstanbul şəhərində avtomobillərin təmiri ilə məşğul olan tuninqə gedib və orada maşınların qiyməti ilə maraqlanıb. H.Həsənov qiymətləri patronuna deyəndə, sonuncu baha olduğunu bildirib, əvəzində isə geri qayıdanda 20 ədəd ekstazi həbi almasını tapşırıb. O, Bakıya qayıdarkən bu həbləri alır. Amma çox maraqlıdır ki, H.Həsənov ifadəsində bildirir ki, bu həbləri tanımadığı kəsdən alırmış (?). Sürücü bildirir ki, həbləri istirahət etmək üçün getdiyi bir bardan alır və satıcının telefon nömrəsinin də götürür. Amma nədənsə istintaqda nə adamın adını, nə də telefon nömrəsini xatırlamır.
H.Həsənov bildirir ki, bu həblərin nəyə lazım olduğunu patronundan soruşanda cavab alıb ki, bunlar insanın əhval-ruhiyyəsini artırır və əlavə enerji gətirir. 2007-ci ilin noyabrın 22-də isə patronu onu artıq 20 deyil, 200 həb arxasınca Türkiyəyə göndərir. Ona 3600 dollar pul verir. Pulların 3200 dolları dərmanlar, yerdə qalanı isə yol xərci üçün nəzərdə tutulur. H.Həsənov İstanbula gedir və yenə də “adını xatırlamadığı” bir oteldə qalır. Səhəri gün isə ekstazi aldığı şəxslə telefon əlaqəsi saxlayır və otelin qarşısında görüşürlər. Həmin şəxslə birlikdə səhər yeməyi üçün bir kafeyə gedirlər. Elə yoldaca avtomobilin içərisində “adını xatırlamadığı” bu şəxs ona sellofan torba verir və deyir ki, içərisində 200 ədəd ekstazi həbi var. Həblər üçün 3200 dollar ödənilir. Türkiyəli satıcı deyir ki, axşam gəlib onu hava limanından yola salacaq. H.Həsənov bildirir ki, oteldə həbləri sayanda görüb ki, orada 203 ədəd həb var.
“Malnan gəlmə, burda bilirlər...”
H.Həsənov Türkiyədə olarkən maraqlı bir hadisə baş verir. Y.Həsənov ona zəng vurur və aşağıdakı sözləri deyir: “Sən malnan gəlmə, burada aeroportun gömrüyündə bilirlər ki, sən mal ilə gələcəksən, ona görə sən tək gəl, biz burada bir şey fikirləşərik”. Sürücü bu xəbəri satıcıya çatdırır və deyir ki, malın arxasınca başqası gələcək. Eyni zamanda, ona bir çanta verərək bildirir ki, gələcək adama malları həmin çantanın içərisinə qoyub versin.
H.Həsənov geri qayıdır. İki gün sonra patronu ilə bir kafedə oturub yemək yeyərkən, şefinin telefonda kimdənsə gəlib-gəlmədiyini soruşduğunu eşidir. Məlum olur ki, Y.Həsənov Orxan Nadirovla danışır. Sürücü ifadəsində bildirir ki, Orxanın İlhamə Quliyevanın oğlu olduğunu və şefi ilə dostluq etdiyini əvvəlcədən də bilirmiş. Orxan da gəlib kafeyə çıxır. Sonra oradan çıxıb Y.Həsənovun avtomobilində söhbətə başlayırlar. Y.Həsənov Orxana bildirir ki, Həsənə bir iş dedik, bacarmadı, sən get Türkiyədə içərisində atamın sənədləri qalan bir sumka var, onu gətir. Orxan da bununla razılaşır. Yalçın Orxana yolpulu və Türkiyədəki ekstazi satıcısının telefon nömrəsini verir. Eyni zamanda, Orxana tapşırır ki, Türkiyədəki adama əsl adını deməsin, özünü Əhməd kimi təqdim etsin. Səhəri gün Yalçın sürücüsünə bildirir ki, Orxanı yola salıb, gecə qayıdacaq. Yalçının maşını ilə Orxanı qarşılamaq üçün hava limanına gedirlər. Orada Y.Həsənov sürücüsünə bildirir ki, məni burada görməsinlər, sən Orxanla birlikdə qayıdarsan. Orxan “Niva” markalı avtomobilini Türkiyəyə gedərkən elə hava limanının dayanacağında saxlayıbmış. Gecə saat 4-də Orxan gəlir və H.Həsənova bildirir ki, hər şey qaydasındadır. Onlar birlikdə Y.Həsənovun Malakan bağının yaxınlığındakı evinə gedirlər. Telefonla əlaqə saxladıqdan sonra Orxan aşağıda gözləyir, H.Həsənov isə sumka ilə birgə yuxarı qalxır. Sürücünün sözlərinə görə, həmin zaman Yalçının anası ilə atası yatmış olur. Onlar Yalçının otağına keçirlər. Yalçın mətbəxdən qab gətirir və onlar Orxanın gətirdiyi dərmanları sayırlar. Məlum olur ki, Türkiyədən 300 həb gəlib. Sonra sürücü aşağı - Orxanın yanına düşəndə görür ki, Mahir Mirsalamlı dostu, maşın ustası Əli ilə birgə onları gözləyir. Dostlar Orxanı yola salırlar. Yalçın isə gəlib Mahirlə avtomobildə nəsə danışırlar. Yalçın cibindən bir paket çıxarıb Mahirə verir və bildirir ki, sonra hesablaşarıq. H.Həsənovun ifadəsinə əsasən, həmin paketdə 20 ədəd ekstazi həbi olub. Yerdə qalan həbləri sürücü öz avtomobilində gizlədir.
2007-ci ilin dekabrında Y.Həsənov sürücüsünü bir daha Türkiyəyə göndərir. İfadəyə əsasən, Yalçın sürücüsünə avtomobil hissələri almağı tapşırır. H.Həsənov Türkiyəyə gedəndə artıq avtomobildə 280 həbdən 100-ü qalıbmış. Bunların bir hissəsi satılıb, qalan hissəsi isə Y.Həsənovun özü tərəfindən qəbul edilibmiş. Bu dəfə H.Həsənov Türkiyədən əliboş qayıdır. Geri gələndə isə 100 həbin bir qədər də azaldığının şahidi olur. Sonra H.Həsənov ifadəsində həbləri Mahirin dostu Əliyə satdığından da söz açır.
Bu dəfə 1000 həb sifariş edilir
Ekstazinin cazibəsi o qədər artır ki, H.Həsənov artıq Türkiyəyə əvvəlki kimi 20, 200 yox, 1000 ədəd həb arxasınca göndərilir. Bu barədə gələn yazımızda.
(Davamı var)
İş № 585: Narkotika satan dostlar bir-birlərini necə aldadırlar?
Türkiyədən 6 dollara alınan malları sürücü Yalçın Həsənova 16 dollardan satır
Milli Təhlükəsizlik Nazirliyinin araşdırdığı 585 saylı cinayət işi ilə əlaqədar məhkəmə baxışı artıq noyabrın 14-də başlayır. Sözü gedən məhkəmədə 14 nəfər təqsirləndirilir. Hazırlıq iclasında onların özlərinin və vəkillərinin maraqlı açıqlamaları oldu. Məsələn, Ali Məhkəmənin sabiq sədri Südabə Həsənovanın qardaşı, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənovun vəkili Heydər Ələsgərov deyib ki, vaxtilə ABŞ prezidenti olmuş Riçard Nikson da ömrü boyu bu psixotrop maddədən istifadə edib: “Əgər onun tərkibində cinayət məsuliyyəti yaradan bir maddə olsaydı, Amerikada da qadağan edilərdi”.
Mühakimə olunanlar əslində cəmiyyətə örnək ola biləcək ailələrin övladlarıdır. Y.Həsənovdan başqa, orada Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov da var. Bu sırada əslində bu cür hallarla, yəni narkotik vasitələrin yayılması ilə mübarizə aparmalı olan, lakin burada əksinə, onların alınmasında və yayılmasında iştirak edən polis zabiti Vüqar Əliyev də var. Bu hadisədə diqqət çəkən məsələlərdən biri də budur ki, tanınmış valideynlər övladlarının məhkəmə proseslərinə gəlmirlər. Niyə? Vaxtilə ekstazi dalınca düşən bu gənclərin yanında olub onları bu yoldan çəkindirə bilməyən valideynlər, yenə də onların yanında olmamaqla nə qədər doğru hərəkət edirlər? Hər halda, bu, onların biləcəyi işdir.
Bur dəfəyə 1000 həb sifariş edilir
Ötən yazıda bildirdiyimiz kimi, ekstazinin cazibəsi o qədər artır ki, Y.Həsənovun sürücüsü Həsən Həsənov artıq Türkiyəyə əvvəlki kimi 20, 200 yox, 1000 ədəd həb arxasınca göndərilir. Hələ Türkiyəyə getməzdən əvvəl 2008-ci ilin martında M.Mirsalamlı H.Həsənova zəng edib, Yalçının malı İstanbuldan neçəyə alması ilə maraqlanır. H.Həsənov isə həbin birini 16 dollara aldığını bildirib. Bu zaman Mahir görüşüb söhbət etməyin vacibliyini deyir. Gecə saat 1-in yarısında onlar görüşür və M.Mirsalamlı H.Həsənova bildirir ki, onun Türkiyədə tanışı var və o, həbin birini 6 dollara tapa bilər. Və Mahir sürücüyə dostu Y.Həsənovu aldatmağı təklif edir. Deyir ki, birini 6 dollara aldığı həbləri 16 dollara Y.Həsənova satsınlar. H.Həsənovun ifadəsinə görə, o, Y.Həsənovu aldatmaq istəmədiyini bildirib. Sonra Mahir razılaşır, amma tapşırır ki, Yalçına 6 dollardan həb satan adamın olduğunu desin.
Bu məlumat Yalçına çatan kimi o, Mahirlə zəng edib görüş təyin edir. Prokuror övladları Yalçının ofisində görüşürlər. B görüşdə sürücü iştirak etmir. H.Həsənov geri qayıdanda isə Yalçın ona bildirir ki, Mahir ucuz həb tapdığına görə, əlavə pulsuz 400 ədəd həb istəyir. İfadədən belə məlum olur ki, Y.Həsənov bu təklifə razılaşır. Sadəcə, bir şərti olur ki, Mahir əvvəlcə onların, sonra öz mallarını satsın.
Ekstazi üçün bank krediti
Söhbətdən iki gün sonra isə Y.Həsənov Mahirə zəng edib bildirir ki, ona ekstaziləri gətirmək üçün borc pul tapsın. İkinci razılaşır. 2008-ci il aprelin 7-də Yalçın Mahirə zəng edərək bildirir ki, bankda işləyən bir oğlan var, şəxsiyyət vəsiqəsini girov qoymaqla kreditə pul verə biləcəyini vəd edib. Səhəri gün üçlük bu dəstədə günahlandırılan Səbinəgilin evinin yaxınlığında görüşürlər. Həmin zaman Yalçın Səbinənin qonağı olub. Yalçınla Mahir şəxsiyyət vəsiqələrini bank işçisinə versələr də pul çıxarda bilməyiblər. H.Həsənova bu dəfə yaxşı pul təklif olunur. Dostlar deyirlər ki, ekstaziləri Türkiyədən gətirə bilsə, onların hərəsi ayrılıqda ona 1000 dollar verəcəklər. Türkiyəyə getməzdən əvvəl Mahir ona Türkiyədəki tanışı Zulyanın telefonunu verir. H.Həsənova bildirilir ki, o, Türkiyəyə getdikdən sonra arxasınca 6000 dolları bank vasitəsilə göndərəcəklər. Bu dəfə sürücünü İstanbula sərnişin avtobusu ilə göndərirlər. H.Həsənov yolda olarkən Mahir bir daha ona zəng edərək təklif edir ki, həbi 6 dollardan alıb, Y.Həsənova 16 dollardan aldıqlarını bildirsin. Sürücü bu dəfə razılaşır. H.Həsənov ifadəsində bildirir ki, o, hesab edir ki, bu barədə Yalçınla Mahir özləri razılaşıblar və buna görə də patronuna heç nə demir.
Türkiyəyə çatan kimi H.Həsənov Zulya ilə görüşür. Təxminən 25-28 yaşlarında olan Zulya həbləri tapmaqda köməklik edəcəyini və ondan zəng gözləməsini demişdi. Həmin gecə Zulya zəng edərək “iş düzəlmədi, amma çalışacam bir şey edim” deyir. Bir-iki gün Zulyanın işi düzəltməyini gözləyir və nəhayət, qız zəng edir ki, pulu gətirib həbləri apara bilər. Həmin gün pul hazır olmur, Y.Həsənov pulu səhəri gün bankla göndərəcəyini deyir. Səhəri gün Türkiyədə “Bozuk” bankdan alınan pulların hamısı (6000 dollar) 1000 həb alınması üçün Zulyanın vasitəsilə gələn bir şəxsə təqdim olunur, əvəzində isə həblər alınır.
H.Həsənov həbləri qaldığı otelin otağında saymağa başlayır və görür ki, 980 həb var. O, həbləri götürdüyü barədə patronunu məlumatlandırır. Patron “əla, götür, tez avtobusla Bakıya qayıt” deyir. Beləliklə, H.Həsənov 2008-ci il aprelin 11-də həblərlə birlikdə Bakıya qayıdır. Eyni zamanda Mahirə də məlumat verilir ki, aprelin 13-də artıq Qazax rayonunda olacaq. Gecə vaxtı “Qırmızı körpü” sərhəd məntəqəsindən həblər “xətasız-bəlasız” keçirilir. Elə oradaca Mahir H.Həsənovu gözləyirdi. Onlar Bakıya birlikdə gəlirlər. Bakıya çatanda Mahir həblərdən 373-nü sayıb H.Həsənova verir ki, Y.Həsənova çatdırsın. Həmin günlərdə Y.Həsənov avtomobil dalınca Dubaya gedibmiş. Beləliklə, həblər bir neçə gün sürücüdə qaldıqdan sonra patrona çatır.
Bakda ekstazi alıcıları kimlərdir?
Bu hadisədən sonra əsas iş həblərin satılması ilə əlaqədar olur. Maraqlıdır ki, həblərin satılması üçün o qədər də əziyyət çəkmirlər. Alıcılar tapılır. Kimdir Bakıda ekstazi aludəçiləri? Bu barədə gələn yazımızda...
(Davamı var)
İş № 585: Ekstaziyə bir gündə 500 dollar xərcəyən kimdir?
İlhamə Quliyevanın oğlu Türkiyəyə ekstazi arxasınca getdiyini bilirmiş
Ekstazi işi ilə bağlı məhkəmə baxışı hələ başlamamış orada hansı ittihamların araşdırılacağını bilmək maraqlıdır. Lent.az-ın diqqətli oxucuları artıq mühakimə ediləcək 585 saylı cinayət işi ilə bağlı bir çox həqiqətlərə bələddirlər. Ötən yazıda bildirdiyimiz kimi, Ali Məhkəmənin sabiq sədri Südabə Həsənovanın qardaşı, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənovun və Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlının sifarişi ilə paytaxta gətirilən ekstazi həblərinin satılması üçün o qədər də əziyyət tələb olunmayıb. Həbləri Türkiyədən gətirən Y.Həsənovun sürücüsü Həsən Həsənov ekstaziləri harada və necə satdıqlarını ifadəsində anladır.
Türkiyədən gətirilən 1000 ədəd həbin satışına başlanılır. 2008-ci ilin fevral ayında Y.Həsənov sürücüsünə zəng edib deyir ki, dostu Ruslan Zalıyev gələcək, ona 2 ədəd ekstazi verilməlidir. Beləliklə, son gələn dərman partiyasından ilk ikisini elə öz ofislərində Ruslana verirlər. Həblərin alış-verişi sonradan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının əlinə keçəcək dəftərçəyə qeyd edilir. Bir neçə gün sonra Ruslan yenə də ofisə ekstazi dalınca gəlir. Sonrakı gəlişində isə Ruslan aldığı həblərin pulunu – 150 dolları Y.Həsənova verir. Bu arada M.Mirsalamlı da xeyli ekstazi alıcısı tapır.
Bakıda bir gündə ekstaziyə 500 dollar xərcləyənlər var
Sürücünün ifadəsindən belə məlum olur ki, Y.Həsənov hətta Bakıda yox, Dubayda olduğu vaxtlarda da burada həblərin satışını təmin edə bilib. Bu il aprelin 16-da Yalçın Dubaydan zəng edərək sürücüsünə tapşırır ki, Ruslana həb versin. Ruslan isə bu dəfə 6 həb alır. Bir neçə gündən sonra Ruslan “BMW X-5” markalı avtomobilində yenə də H.Həsənovdan 6 ədəd ekstazi alır. Heç son alış-verişin üstündən çox keçmir ki, R.Zalıyevin könlünə yenə ekstazi düşür. Ektazinin cazibəsi onu Binəqədiyə kimi aparıb çıxarır və sifarişin sayı da artır. Bu dəfə 8 həb istəyir. Beləlilklə, onun aldığı dərmanların sayı 20-yə çatır.
Dubaydan qayıdan Y.Həsənov sürücü ilə həblərin satışının haqq-hesabını edirlər. Ruslan Zalıyev həblər üçün qalan borcundan 300 dolları yenə sürücü vasitəsilə Y.Həsənova göndərir. Elə həmin gün axşam Ruslan bir daha 200 dollar verməli olur. Bircə günün içində narkotik üçün 500 dollar pul xərcləməli olur. Amma bu hadisələr içərisində diqqət çəkən bir məqam da var. Y.Həsənov pulu almağa gedən sürücüsündən Ruslana 2 ədəd hədiyyə ekstazi həbi götürsə də o, bu hədiyyəni qəbul etmir. Maraqlıdır, həmin həblər üçün kifayət qədər ciddi məbləğdə pul xərcləyən Zalıyevin hədiyyədən imtina etməsinin səbəbi nədir?
Y.Həsənovun başqa bir alıcısı isə Cavidan Əliyev idi. Dəstə həbs edilməzdən bir qədər əvvəl Y.Həsənov Dubaydan zəng edərək, C.Əliyevin də ekstazi ilə təmin edilməsini sürücüsünə tapşırır. O, sürücünün yanına hər gəlişində 6-8 arası həb götürür. Həblər Y.Həsənovun başqa bir tanışı Mirəli Əliyevə də satılırmış. Özü də çox maraqlıdır ki, bu alver Amerikanın ölkəmizdəki səfirliyinin qarşısında baş verirmiş. Sürücünün ifadəsində maraqlı bir detal da var. Belə ki, ekstazi həblərinin satışının hesabatı aparılan dəftərçədə bir qeyd istintaqçıların diqqətini çəkir – XƏSTƏLƏKÜRD. Məlum olur ki, ekstazi satıcıları öz aralarında həbə belə də ad veriblər. Ekstaziyə bu ad ilk dəfə Azərbaycanda verilir. Araşdırmalarımız zamanı ekstazinin bir çox adına rast gəlsək də bununla ilk dəfə qarşılaşdıq.
İlhamə Quliyevanın oğlu dəstəyə necə qoşulur?
İndi isə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun istintaq zamanı verdiyi ifadəni diqqətinizə çatdırmaq istəyirik. Cinayət işi ilə yaxından tanış olanda bu gəncin ekstazi aludəçisi olması ilə bağlı hər hansı məqamla rastlaşmırıq. Bəlkə də elə bu səbəbdəndir ki, xalq artisti oğlunun bu dəstə ilə əlaqədar olmadığını açıqlayır. Amma O.Nadirovun ifadəsində onun köməkliyi ilə Türkiyədən ekstazinin necə gətirldiyinin şahidi olacağıq. Orxan Nadirov bu cinayətkar dəstəyə nə vaxt və necə qoşulub? Bəlkə o, doğrudan da dostunun qurbanıdır? Hesab edirik ki, bu suallara O.Nadirov elə ifadəsində cavab verir.
O.Nadirov ifadəsində özünü təqsirli bilib. Qeyd edir ki, Y.Həsənovu 1999-cu ildən tanıyır. Ekstazi – Türkiyədə ən çox “disko bisküvisi” kimi tanınır. Yəni ən çox diskoteka müştəriləri bu həbin aludəçisi olurlar. O.Nadirov da Y.Həsənovla ilk dəfə “1033” adlı diskobarda tanış olurlar. Tanışlıq münasibətləri 2005-ci ilin mart ayından dostluğa çevrilir.
O.Nadirov bildirir ki, 2007-ci ilin noyabr ayında bir yas mərasimində iştirak etmək üçün Quba rayonuna gedir. Və orada dostlarının dəvəti ilə “Qəçreş bulağı” restoranında yemək yeyərkən Y.Həsənovdan telefon zəngi gəlir. Y.Həsənov telefonda bildirir ki, təcili Bakıya gəlməsi lazımdır. O.Nadirovun ifadəsinə görə, o, əvvəlcə gəlmək istəmədiyini desə də Y.Həsənov israrla çağırır və deyir ki, təcili Türkiyəyə getməlidir, çünki atasının sənədləri olan çanta orada qalıb. Xalq artistinin oğlu soruşub ki, nədən sürücüsünü göndərmir? Y.Həsənov isə bildirir ki, sürücünün işi var, mütləq o getməlidir. Beləcə, O.Nadirov, demək olar ki, “tələ”yə düşür.
O.Nadirov elə həmin an, yəni telefon danışığını bitirən kimi, Bakıya gəlir. Y.Həsənov elə yoldaca onun xarici pasportunun nömrəsini istəyir. O, hər zaman avtomobilində saxladığı pasportun nömrəsini SMS vasitəsilə yazıb göndərir.
İş materialları ilə tanış olanda bir maraqlı məqamla da rastlaşdıq. O.Nadirov SMS-i Y.Həsənovun istifadəsində olan 050 585 00 00 saylı telefona göndərib - dəstə ilə bağlı açılan cinayət işinin də nömrəsi 585-dir...
Y.Həsənov O.Nadirova bilet, oteldə qalmaq, yemək və gəzmək pulu üçün 1500 dollar verir. İfadədə göstərilir ki, səfərin mahiyyətini soruşanda Y.Həsənov bunun xeyirli bir iş olduğunu deyir və Türkiyədə Sezgin adlı birisindən çanta alıb gələcəyini qeyd edir. O.Nadirov ifadəsində konkret bildirmir ki, o ekstazi həbi arxasınca getdiyini bilib, ya yox. Ancaq etiraz etmədən elə həmin axşam Türkiyəyə yola düşür.
Sürücünün bacarmadığını İlhamə Quliyevanın oğlu bacarıb
O.Nadirov Türkiyədə verilən tapşırığın yerinə yetirilməsində çətinlik çəkmir. Çox maraqlıdır ki, həmin vaxt Bakıda hüquq-mühafizə orqanlarında ekstazi həblərinin gətiriləcəyi barədə məlumat olub. Y.Həsənov da sürücüsünə elə bu səbəbdən tapşırıbmış ki, dərmanları Türkiyədə qoyub gəlsin. Amma O.Nadirov bu həbləri gətirməkdə heç bir çətinlik çəkmir. Həblər necə gətirilir? Bu sualın cavabı növbəti yazımızda...
(Davamı var)
Səbinə Əvəzqızı
İş № 585: “Ekstazi”nin məşhur qurbanlarının hekayəti
4793