İş №585: Hüquq fakültəsinin qızları ekstazinin cəngində
07 dekabr 2008 14:45 (UTC +04:00)

İş №585: Hüquq fakültəsinin qızları ekstazinin cəngində

Əvvəli - http://www.lent.az/news.php?id=13410

“Ekstazi işi” ilə bağlı yazımızda bu dəfə diqqətinizə BDU-nun hüquq fakültəsinin tələbəsi olan qızların ifadəsini çatdıracağıq. Həmin qızlar iş üzrə təqsirləndirilən qismində olmasalar da, şahid ifadəsi ilə istintaqa xeyli məlumat veriblər. Amma onları da ekstazi qurbanlarının siyahısına əlavə etmək olar.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin araşdırdığı “Ekstazi işi”nin istintaq materialları artıq Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə məhkəmə araşdırılır. Bu məhkəmədə 14 nəfər mühakimə olunur. Onların arasında dəstə başçıları kimi Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov göstərilir. Dəstə üzləri arasında xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, polis kapitanı və digərləri də var.

“Take five” kafesində tanışlıq

Şahid kimi dindirilən Valera Zaytsevanı tanışları Lera çağırırlar. Lera istintaqa bildirib ki, 2007-ci il iyulun 18-də rəfiqəsi Kama ilə “Take five” kafesində olublar. Və orada Mahir Mirsalamlı ilə tanış olub. Onun sözlərinə görə, bu tanışlıq Kama vasitəsilə baş tutub. Belə ki, Kama ilə Mahirin çoxdan tanış olduğu bildirilir. Qeyd edək ki, Mahir özü də hüquq fakültəsinin məzunudur. Həmin gün Mahir kafeyə qardaşı Rəşad, dostu, maşın ustası Əli ili birlikdə gəlibmiş. Leranın sözlərinə görə, bu tanışlıq inkişaf edib və ciddi münasibətlərə gətirib çıxarıb. Qız bildirir ki, o, Mahiri çox sevirmiş və bu məhəbbət qarşılıqlı olub.

İfadədə qeyd edilir ki, 2007-ci ilin payız aylarında o, universitetdə olarkən Mahir zəng edib və dostu Yalçının ona ekstazi hədiyyə etməsindən danışıb. Deyib ki, bu dərmanları qəbul edəndən sonra özünü çox enerjili və şən hiss edir. İfadəyə görə, o, Mahirə nə üçün bu qədər alçaldığını deyib və hirslənərək, sağollaşıb.

Qızlar ilk dəfə ekstazini necə qəbul edirlər?

İkinci dəfə isə Lera bu həblər barəsində elə həmin ərəfədə Abşeron mehmanxanasında eşidir və həblərdən istifadə edir. Həmin gün Lera Mahir, Əli, Mahmud, Ruslan və Fərəhlə birlikdə mehmanxananın 3-cü mərtəbəsində yerləşən bilyard salonunda olublar. Mahir cibindən dərman çıxararaq, oradakılara paylayıb. Leranın sözlərinə görə, o, birinci dəfə həbin yarısını qəbul edib. Həbləri qəbul etdikdən sonra dostların əhvalı yüksəlir və Mahir deyir ki, bu həblərin birini Yalçından 50 manata alır.

Lera növbəti dəfə həbi Mahirgilin Bilgəhdə yerləşən bağ evində qəbul edir. Beləliklə, bu dəfə Lera, Mahir, Əli, Fərəh, Kəmalə, Ruslan və Azik Mahirgilin bağ evinə toplaşırlar. Əvvəlki yazılarda qeyd etdiyimiz ki, həmin gün Mahir və Əli İlhamə Quliyevanın oğlu Orxan Nadirovun Türkiyədən ekstazi gətirməsini gözləyirdilər. Ekstazi bağ evinə səhərə yaxın gəlib çıxır və bağa toplaşanlar hamısı ondan qəbul edirlər.

Dördüncü dəfə Lera ekstazini Kamanın bacısı Səbinənin ad günündə qəbul edir. Yenə də ekstazini məclisdə birlikdə iştirak etdiyi Mahirdən alır. Lera ifadəsində onu da göstərir ki, həbs edilməzdən bir qədər əvvəl Mahir özünü çox aqressiv aparmağa başlayıb. Qıza o qədər də fikir vermirmiş. Lera öyrənib ki, Mahir ekstazinin satışı ilə məşğul olur və Cavidan adlı birinin ona xeyli borclu qaldığından əsəbidir. Qızın ifadəsinə əsasən, bu problemi Mahir Yalçın, Həsən və Əlinin vasitəsilə həll etmək istəyib. Sonradan qıza Mahir vasitəsilə məlum olub ki, ekstazinin alverində Yalçınla onun sürücü olan Həsənin də əli var.

Hüquq fakültəsinin digər tələbəsi Fərəh Qüdrətovanın ifadəsi ilə növbəti yazımızda tanış olacaqsınız.

(davamı var)

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2000
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar