İranın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyası oldu
13 may 2013 05:47 (UTC +04:00)

İranın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyası oldu

İranın Türkiyədəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib. Bu barədə aksiyanın təşkilatçısı, hazırda Türkiyədə siyasi mühacir həyatı yaşayan Güney Azərbaycan Demokrat Partiyasının (GADP) mətbuat məsulu Hadi Musəvi APA-ya məlumat verib.

 

Onun sözlərinə görə, piketin keçirilməsində məqsəd İranda Yeni GAMOH təşkilatının sədri və qurumun Mərkəzi Komitəsinin 4 üzvünün ümumilikdə 45 il azadlıqdan məhrum edilməsidir: “Aksiyaya Güney Azərbaycan Demokrat Partiyası (GADP), Güney Azərbaycan İstiqlal Partiyası (GAİP), Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH), Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC), Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyi, Azərbaycan-Krım İnsan Haqlari Dərnəyi, Göybörü Türkləri Dərnəyi də dəstək verdilər. Piketdə əllərində Azərbaycan, Türkiyə və digər bayraqları, azərbaycanlı fəalların şəkilləri olan plakatları tutan nümayişçilər İran əleyhinə müxtəlif şüarlar səsləndirdilər. Aksiyanın sonunda Əli Muxtaroğlu tərəfindən qətnamə oxundu və ardından GADP sozçüsü Mahmud Bilgin çıxış edərək son zamanlar Yeni GAMOH-a olan təzyiqlər və onun liderləri haqda danışdı. Piket dinc şəraitdə keçdi və heç bir insident baş vermədi”. H. Musəvi həmçinin bu cür aksiyaların İranın Azərbaycan, Avropa ölkələri və digər dövlətlərdəki səfirlikləri qarşısında da keçiriləcəyini bildirdi.

 

Qeyd edək ki, Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi Yeni GAMOH təşkilatının sədri, doktor Lətif Həsəni, qurumun Mərkəzi Komitəsinin üzvləri Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadənin hər birini 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Azərbaycanlı fəallar rejim əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat qurmaqda günahlandırılıblar. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində,  doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 825
avatar

Oxşar yazılar