“İctimai Palata və Milli Şuradan ən effektiv olan qurumun saxlanılması daha məqsədəuyğundur”.
Bu barədə Lent.az-a açıqlamasında İctimai Palatanın buraxılacağı ilə bağlı xəbərlərə münasibət bildirən qurumun katibi Gülağa Aslanlı deyib.
Onun sözlərinə görə, İP-in fəaliyyətinin dayandırılması barədə ayrı-ayrı üzvlərin açıqlamaları olsa da, hələlik qurum daxilində belə bir niyyət yoxdur. G.Aslanlı İP-dəki əsas qüvvələrdən olan Müsavat Partiyası rəhbərliyinin də adıçəkilən qurumun buraxılması ilə bağlı mövqeyinin olmadığını, bu məsələnin partiyanın Divanında müzakirəyə çıxarıla biləcəyini qeyd edib.
Bununla belə, həm İP-də, həm də Milli Şurada fəaliyyət göstərən Müsavat başqanının müavini deyib ki, adıçəkilən qurumlardan güclüsünün fəaliyyət göstərməsi daha effektiv olar: “İctimai Palatanın tamamilə buraxılmasından daha əlverişlisi o olardı ki, bu qurumdakı sağlam qüvvələr Milli Şuraya cəlb edilsin, həmçinin, Milli Şuradakı fəaliyyəti yararsız tərəflər buradan kənarlaşdırılsın və iki strukturun birgə daha güclü və effektiv forması yaradılsın. Bütün bunlar isə hər iki qurumda müzakirəyə çıxarıldıqdan və geniş fikir mübadiləsi aparıldıqdan sonra mümkündür. Ancaq hələ bu istiqamətdə konkret bir fikir yoxdur”.