Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli Goranboyda imza toplatdırır. Vrtualaz.org saytının xəbərinə görə, Goranboy rayonunda öz xeyrinə imza toplatdıran Hacıbəyli bununla özünə güclü ictimai müdafiə təşkil etmək istəyir.
Saytın yazdığına görə, keçmiş deputatın qohumları rayonunun mərkəzində və kəndlərində imza toplamaqla məşğuldurlar: “İmzatoplama kampaniyasının təşkilatçıları və fəalları əsasən Gültəkin Hacıbəylinin yaxın qohumlarıdır. Bundan əlavə, Gültəkin Hacıbəylinin 2000-2005 və 2005-2010-cu illərdə deputat olarkən rayonda qurduğu biznes strukturlarında çalışan adamlar, necə deyərlər, bir vaxtlar “çörək verdiyi” şəxslər də prosesə cəlb olunub. Müxalifət partiyalarının rayondakı üzvləri də Gültəkin Hacıbəyliyə dəstək üçün bu kampaniyaya fəal şəkildə qoşulublar. Onlar bu göstərişin partiyaların baş ofisindən gəldiyini gizlətmirlər. İyulun 6-da başlayan imzatoplama kampaniyası başa çatandan sonra Gültəkin Hacıbəyliyə dəstək bəyanatının qəbul ediləcəyi və mətbuatda çap olunacağı da planlaşdırılıb”.
Saytın yazdığına görə, bəyanatda əsasən G. Hacıbəylinin oğlu ilə bağlı məhkəmə qərarının ləğv edilməsi tələb olunacaq.
Xatırladaq ki, Nəsimi rayon Məhkəməsi Gültəkin Hacıbəylinin 9 yaşılı oğlu Toğrulun həftənin hər günü bir neçə saatlıq, bir günü isə bütövlükdə atası Mahmud Mehdiyevin yanında qalması barədə qərar çıxarıb. G. Hacıbəyli isə bu qərarla razılaşmadığını, oğlunun atası ilə görüşmək istəmədiyini bildirib.