Gənclər Qubad İbadoğlunu tərk etdi
19 fevral 2015 18:36 (UTC +04:00)

Gənclər Qubad İbadoğlunu tərk etdi

Müsavat Partiyası başqanlığına sabiq namizəd, partiyadan kənarlaşdırılan Qubad İbadoğlunun təşəbbüsü ilə yaradılan Azərbaycan Demokratiya və Rifah Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun sədri və üzvləri birgə bəyanatla çıxış edib.

 

APA-ya daxil olan bəyanatda bildirilir ki, ADR-in tutduğu mövqe milli deyil, qərbyönümlü olduğundan Hərəkatdan ayrılmaq haqqında qərar veriblər: “Biz ADR Hərəkatına qoşulan millətinə bağlı gənclər olaraq Azərbaycan Demokratiya və Rifah Hərəkatının yaradılmasında təməl prinsiplərdən birinin də xalqımızın milli mənəvi dəyərlərini təbliğ etmək, həmin dəyərləri xarici və yad elementlərin basqısından qorumaq və sahib çıxmaq kimi Milli-İdeoloji hədəflər olacağına əmin idik. Lakin gedən proseslər Hərəkatın milli-ideoloji baxımdan bizim milli-ictimai baxışlarımız ilə üst-üstə düşmədiyini göstərdi. Biz həm də öz gizli maraqlarını güdən, bu maraqları naminə bütün çirkin oyunlara gedən məlum dünya gücləri ilə yaxınlaşmayan, ancaq millətimizin milli-mənəvi iradəsinə söykənən bir təşkilatda təmsil olunmaq üçün ADR-i seçdik, amma bunun əksinə olaraq ADR Hərəkatının açıq qərbmeylli mövqeyi bizi bir daha düşünməyə vadar etdi. Bu səbəbdən biz elan olunmaq mərhələsini yaşayan ADR hərəkatının iştirak, təşkilatlanma və quruculuq prosesindən rəsmən ayrıldığımızı bəyan edirik”.

 

Bəyanatı ADR Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun sədri Xəyyam Məmməd, ADR Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun üzvü Ceyhun Bəhramov, ADR Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun üzvü Vüsal İsayev, ADR Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun üzvü Asiman Əlili, ADR Hərəkatının Gənclər Üzrə Təşəbbüs Qrupunun üzvü Əfqan Əhmədov imzalayıblar.

 

Xatırladaq ki, fevralın 21-i ADR-in təsis konfransı keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133
avatar

Oxşar yazılar