Gələcəyə istiqamətlənmiş praqmatik siyasət
02 iyul 2013 13:16 (UTC +04:00)

Gələcəyə istiqamətlənmiş praqmatik siyasət

Bu gün Azərbaycan beynəlxalq sülhün və sabitliyin qorunmasına yönəlmiş dünyamiqyaslı proseslərdə fəal iştirak edir. Dünyanın aparıcı ölkələri Azərbaycanı strateji tərəfdaş olaraq qəbul edir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biri kimi qəbul olunur. Regiondakı irimiqyaslı layihələrin Azərbaycanın iştirakı olmadan reallaşmaması buna bariz göstəricidir. Azərbaycan artıq dünya  xəritəsində öz yerini təsdiqləmiş və sürətlə inkişaf edən dövlətdir. Bütün bunlarla yanaşı, Azərbaycanın Qərbə inteqrasiya prosesi sürətlənib. Bu, əməkdaşlığı genişləndirmək və münasibətləri  qarşılıqlı maraqlar və dostluq əsasında qurmaq məqsədi daşıyır.

Yuxarıda sadalanan nailiyyətlərin təməlində dayanan qüvvə məqsədyönlü, çevik, hər bir şəraitə uyğun siyasət strategiyası və bu siyasəti uğurla yerinə yetirmək qabiliyyətinə malik liderdir. Prezident İlham Əliyevin Azərbaycan siyasətində qazandığı uğurlar, müasir bir siyasətçi kimi özünü təsdiq etməsi siyasi proseslərin inkişafında təsiredici gücə malik olmasını şərtləndirdi. Eyni zamanda dövlət başçısının milli maraqların gerçəkləşdirilməsinə istiqamətlənmiş prinsipial davranışları, uzaqgörənliyi xalqın istəklərini təmin edən əsas faktor oldu. Prezident Heydər Əliyev siyasi kursunun davam etdirilməsi missiyasını həyata keçirməyə qadir olduğunu sübuta yetirmişdir.

Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf dinamikasına görə dünya liderləri sırasındadır, yaşayış səviyyəsinə görə isə keçmiş sovet ölkələri arasında ilk yerlərdən birini tutur.  Dünya Bankı bu ən böyük Cənubi Qafqaz ölkəsini dünyada 1 nömrəli islahatçı ölkə elan etmişdir. Əlbəttə, zəngin neft və qaz yataqları olan ölkədə iqtisadi inkişafdan və sosial sahədə uğurlardan danışmaq mümkündür. Ancaq məlumdur ki, dünya təcrübəsində iqtisadiyyatın yalnız neft üzərində qurulması,habelə neft gəlirinə güvənlik nəticəsində iqtisadi sistemi iflic edən “Holland sindromu” kimi mənfi presedent də var. Həmçinin Cənubi Qafqaz istər strateji, istər siyasi baxımdan xüsusi regiondur. Dünyanın bir çox güc mərkəzlərinin maraqları regionda toqquşur. Bu baxımdan dövlətin müstəqilliyi çevik, tarazlaşdırılmış strateji xəttin inkişafı, şəraitə uyğun reallaşmasından asılıdır. Əldə olunan uğurlarımız isə məhz tarazlaşdırılmış siyasətin düzgün tətbiqinin nəticəsidir.

Hərtərəfli savada malik və müasir siyasət və iqtisadiyyatı yaxından bilən, dövrün nəbzini tutmağı bacaran  lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir. Ölkəmiz qısa bir zamanda əldə etdiyi iqtisadi uğurları, enerji strategiyası, inşa edilmiş neft və qaz kəmərləri, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi ilə dünya birliyinin arzuolunan üzvünə çevrilmişdir. Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan hər iki kontinentin siyasi-iqtisadi strukturlarına inteqrasiya olunub. Bundan başqa Azərbaycan dünyanın bir çox ölkələrinə çoxmilyardlıq investisiya qoyur. Neftdən əldə olunan gəlirlər Dövlət Neft Fondunda cəmləşərək qeyri-neft sektorunun inkişafına istiqamətlənir. Təkcə 2012-ci ildə bu sektorun 10 faizdən çox artdığı qeydə alınmışdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi isə ölkə Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin pik  nöqtəsi kimi qiymətləndirmək olar.

Prezident İlham Əliyev 2003-cü ildə andiçmə mərasimində söylədiyi nitqdə özünün və ölkənin gələcəyini belə müəyyənləşdirib: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Ölkəmiz müasir dövlətə çevriləcək. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir”. Azərbaycan Prezidenti qısa müddətdə ona bəslənilən ümidləri tam doğrultmuş, cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışmaqla hər bir fərdin marağına cavab verən çevik və qətiyyətli qərarlar qəbul etmişdir. Ötən on il ərzində Azərbaycan Prezidenti bu xətdən dönməmiş, nailiyyətləri möhkəmləndirməyə və yeni-yeni zirvələr fəth etməyə nail olmuşdur. Bu isə ona olan etimadın səbəbsiz olmadığını isbat edir. Xalq yekdilliklə İlham Əliyevi cəmiyyətin alternativsiz lideri kimi irəli sürmüş, Azərbaycanın parlaq gələcəyinin onunla bir yerdə reallaşacağı həqiqətini  qəbul etmişdir.

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493
avatar

Oxşar yazılar