Bakı-APA. ABŞ-dakı yəhudi icmasının ən nüfuzlu təşkilatlarından biri sayılan Amerikan İsrail İctimai İşlər Komitəsinin (American Israel Public Affairs Committee - AIPAC) yanvarın 28-də Florida ştatının Mayami şəhərində baş tutmuş regional toplantısının əsas natiqi qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, 500 nəfərlik auditoriya qarşısında təqdim etdiyi məruzədə səfir ilk növbədə Azərbaycanı dünya xəritəsində strateji əhəmiyyətə malik mühüm məkanlardan biri edən əsas amillər üzərində dayanıb və aralarında ABŞ konqresinin üzvləri, eləcə də yerli hakimiyyət orqanlarının nümayəndələrinin olduğu çoxsaylı iştirakçılara ölkəmizin dünya millətlər birliyində qazandığı yerdən söz açıb. O, bu mənada Azərbaycanda dərin köklər salmış tolerantlıq mühitindən bəhs edib və müxtəlif etnik və dini qruplara mənsub insanların ölkəmizdə sarsılmaz bir vəhdət içərisində yaşadığını vurğulayıb. Səfir o cümlədən əsrlər boyu Azərbaycanda məskunlaşmış yəhudi icmasının yerli cəmiyyətdən seçilmədən, rahat və təhlükəsizlik bir şəraitdə həyat sürdüyünü qeyd edib.
Diplomat coğrafi mövqe ilə yanaşı, Azərbaycan xalqının bu məkanı bənzərsiz bir məmləkətə çevirdiyini bildirib. Belə ki, səfir müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda qurulduğunu, dini və etnik mənsubiyyətindən asılı olmayaraq əhaliyə eyni hüquqların tanındığını və dünyanın bir çox qabaqcıl ölkələrindən öncə qadınlara səsvermə hüququnun verildiyini söyləyib. O, bu gün də ölkəmizdə dünyəvi və mütərəqqi dəyərləri təcəssüm etdirən tolerantlıq mühitinin möhkəmləndirilməsinin Azərbaycan rəhbərliyinin prioritet kimi müəyyən etdiyi sahələrin ön sırasında gəldiyini deyib və bu yanaşmanın özlüyündə ekstremizmə qarşı mübarizənin effektiv bir elementi olduğunu açıqlayıb. Daha sonra dünyada və regionumuzda gedən proseslərə toxunmuş səfir həmçinin ABŞ və İsrail ilə qurulmuş ikitərəfli tərəfdaşlıq və məhsuldar əməkdaşlıq barədə fikirlərini bölüşüb.
AİPAC nümayəndələri öz növbələrində xüsusilə müsəlman dünyasında Azərbaycanın unikal tarix və ənənələrə malik olduğunu ifadə edərək, onun dünyada nümunə rolu oynadığını deyib və ölkə rəhbərliyinin apardığı praqmatik siyasət və ekstremizmə qarşı mübarizəni yüksək qiymətləndiriblər.