Fəttah Heydərov: “Qanunsuz aksiyalar keçirib sabitliyi pozmaq milli maraqlara uyğun ola bilməz” - MÜSAHİBƏ
19 mart 2013 22:12 (UTC +04:00)

Fəttah Heydərov: “Qanunsuz aksiyalar keçirib sabitliyi pozmaq milli maraqlara uyğun ola bilməz” - MÜSAHİBƏ

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov hakim “Yeni Azərbaycan” Partiyasının rəsmi saytına müsahibə verib. APA həmin müsahibəni təqdim edir:

 

- Fəttah müəllim, bu yaxınlarda Azərbaycan Ağsaqqallar Şurasının növbəti qurultayı keçirildi və qurultayda müvafiq qərarlar qəbul olundu. Təşkilatın qarşıda duran əsas vəzifələri nədən ibarətdir?

 

- Ümumiyyətlə, Azərbaycan Ağsaqqallar Şurası xeyli müddətdir ki, fəaliyyət göstərən təşkilatdır. Bu təşkilatda birləşən ağsaqqallar ölkəmizin nüfuzlu ziyalıları, siyasi, ictimai, mədəniyyət, elm xadimləridir. Yəni bu şura əsas etibarilə nüfuzu olan, sözü eşidilən, öz məsləhətləri ilə cəmiyyətə təsir edən insanların cəmiyyətidir. İş elə gətirdi ki, Azərbaycan Ağsaqqallar Şurasının son qurultayında təşkilatın sədr seçkisi zamanı mənə etimad göstərildi. Buna görə də, mən təşkilatın üzvlərinə, xüsusilə ölkə prezidentinə təşəkürümü bildirirəm. Çünki bu etimad həm xalqın, həm də xalqı ilə həmişə bir olan ölkə başçısının etimadıdır.

Bilirsiniz ki, qurultayda ölkədəki vəziyyət, inkişaf posesləri və qarşıda duran vəzifələr barədə müzakirələr, fikir mübadilələri aparıldı. Doğma Vətənimiz olan Azərbaycanın müstəqillik yaşı o qədər də çox deyil. Amma buna baxmayaraq, dövlətimiz çətin sınaqlarla üz-üzə qalıb, keşməkeşli yol keçib və bugünkü inkişaf səviyyəsinə gəlib çatıb. Təbii ki, bu inkişaf prosesində ağsaqqal məsləhəti də böyük rol oynayıb. Bu yerdə mən ümummilli liderimiz Heydər Əliyevin ən böyük ağsaqqalımız olduğunu söyləmək istəyirəm. Çünki məhz onun rəhbər olaraq müəyyənləşdirdiyi xətt Azərbaycanı inkişaf yoluna çıxardı.

Müstəqillik illərində qazanılan nailiyyətlər ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın keçdiyi tarixi bir yoldur. Hamıya məlumdur ki, bugünkü müstəqil Azərbaycan dövlətinin qurucusu, yaradıcısı Heydər Əliyevdir və onun bizlərə əmanət etdiyi dövlət ulu öndərin şah əsəridir. Ulu öndər Heydər Əliyev bütün şüurlu həyatını, Azərbaycan üçün, torpağımızın barlı-bərəkətli olması üçün, insanalırımızın maddi rifah halının yaxşılaşması üçün, Azərbaycan xalqının tərəqqisi üçün sərf edib. Yəni həyatın bütün sahələrində yaxşı nə varsa, Heydər Əliyev həmişə onun mövcüdluğuna çalışırdı. Heydər Əliyev xüsusilə Azərbaycana rəhbərliyinin ikinci dövründə fəlakətlərə, faciələrə, çətinliklərə düşmüş Azərbaycanımızın xilas edilməsi, onun yenidən qurulması, bu günə gəlib çatan yüksək nəticələrinin əldə olunması üçün misilsiz fəaliyyət göstərdi. Ulu öndər 1970-ci illərdə sovetlər hakimiyyəti zamanı respublikamızın böyük inkişafına nail olmuşdusa, Azərbaycan insanının nüfuzunu qaldıra bildirmişdisə, təəssüflər olsun ki, ulu öndər Heydər Əliyev siyasi arenada olmadığı dövrdə Azərbaycan özünün faciəli həyatını, mərhumiyyətlər dövrünü yaşamışdı. O zamanlar Azərbaycan torpaqlarının beşdə birini itirdi, müharibədə 20 min nəfərdən çox şəhid verdik, Dağlıq Qarabağ problemi Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə yarandı.

Qısa olaraq belə deyə bilərik ki, bu problemlər Azərbaycanın başında dünyanı dərk edə bilən, bu xalqı doğru yolla apara biləcək, müstəqilliyimizi qoruya biləcək bir ağsaqqal-rəhbərin yoxluğundan əmələ gəlmişdi. Nə yaxşı ki, tale xalqı sınağa çəkdi, Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı. Onun ikinci dəfə hakimiyyətə qayıtması, xalqa, insanlara, torpağa olan şəxsiyyət, ağsaqqal məhəbbəti bu xalqı yeni müstəqil dövlət qurub onun başında möhkəm dayanmağa gətirib çıxardı. İndi Azərbaycanın uğurları göz qabağındadır, ölkəmiz inkişaf etdi, qısa müddətdə xalqımız öz müstəqil dövlətinin bütün atributlarını Heydər Əliyevin, o böyük ağsaqqalın diqtəsi ilə qura bildi. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində hüquqi-demokratik dövlət quruldu. Bütövlükdə, dövlət müstəqilliyimizi təmin edə biləcək işlək mexanizm yaradıldı.

Azərbaycan ağsaqqallarının da bu gün qarşısında duran əsas vəzifə ümummilli liderimizin bizə ərmağan etdiyi dövlətimizi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir. Bu təbəqə cəmiyyətimizin dəyərlər sisteminə daxil olduğu üçün ağsaqqal sözü daim insanlar tərəfindən ehtiramla qarşılanır. Ona görə də, cəmiyyətin sağlam ruhda inkişafı, gənc nəslin yüksək vətənpərvərlik ruhunda böyüməsi üçün ağsaqallarımız bundan sonra da üzərlərinə düşən missiyalarını davam etdirməlidirlər.

 

- Qurultayda qarşıdan gələn prezident seçkilərində ağsaqqalların cənab İlham Əliyevin namizədliyini dəstəklədiyi vurğulandı. Ağsaqqalların bu mövqeyinin əsasında hansı amillər dayanır?

 

- Prezident İlham Əliyev təkcə Heydər Əliyevin siyasi məktəbinin deyil, bütövlükdə həyat məktəbinin yetirməsidir. Nə yaxşı ki, ulu öndərimizin Azərbaycan üçün gördüyü işlər onun varisi olan cənab İlham Əliyev rəhbərliyi ilə 10 ildir ki, davam edir. Son 10 ilin nailiyyətləri sübut edir ki, ulu öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün bütün nəzərdə tutduğu işlər böyük uğurla həyata keçirilir. Bu gün hər bir vətəndaşımız ölkəmizin uğurlarından qürur duyur. Qazanılan nailiyyətlər xalqımızı daha böyük qələbələrə, zəfərlərə ruhlandırır.

Dünyanı iqtisadi böhran bürüdüyü bir şəraitdə, bir çox ölkələrdə daxili sabitliyin pozulması və bunun nəticəsində çox böyük insan itkisi ilə nəticələnən münaqişələrin yaranması, dünyanın müxtəlif nöqtələrində siyasi və iqtisadi mühitin böhrana uğradığı dövrdə müstəqil Azərbaycanımızın dinamik inkişaf etməsi, əhalinin maddi rifahının günü gündən yaxşılaşması çox fərəhləndiricidir. Eyni zamanda, iqtisadiyyatımızın dinamik inkişaf etməsi, abadlıq və quruculuq işləri, şəhər və kəndlərimizin simasının dəyişməsi sübut edir ki, prezident İlham Əliyev Heydər Əliyev yolunu çox böyük uğurla davam etdirir. Bu yol Azərbaycan insanına xidmət etmək yoludur, bu yol Azərbaycan vətəndaşının maddi rifahına xidmət edən yoldur. Heydər Əliyev yolu Azərbaycanı firəvan, xoşbəxt gələcəyə aparan yoldur. Həm iqtisadi, həm mədəni, həm də mənəvi inkişaf üçün həyata keçirilən siyasət bu yolun əsas qayəsidir ki, prezident İlham Əliyev bunu layiqli səviyyədə həyata keçirir.

Ötən 10 il ərzində Azərbaycan beynəlxalq miqyasda da nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. İndi ölkəmiz inkişaf etmiş dövlətlərin sırasına qoşulub. Həmişə baxıb həsəd apardığımız bir çox Avropa ölkələri, eləcə də yaxın ətrafımızdakı dövlətlər bu gün bizim nailiyyətlərimizi xüsusilə qeyd edirlər. Bu uğurlarımız beynəlxalq miqyasda qəbul olunur, dövlətimizin daxili və xarici siyasəti təqdir edilir. Bir sıra dövlətlər isə ölkəmizin təcrübəsini öyrənirlər öz iqtisadiyyatlarını qaydaya salmaq üçün Azərbaycanın təcrübəsindən istifadə etmək istəyirlər. Bütün bunlar isə prezident İlham Əliyevin dövlətçilik sahəsində böyük təcrübəyə və xüsusilə, yaradıcılıq təcrübəsinə malik olmasının nəticəsidir.

Eyni zamanda, Azərbaycanın dünyada önəmini artıran digər amil Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynamasıdır. Azərbaycan bir çox ölkələrdən ərazi və əhali cəhətdən kiçik olmasına baxmayaraq, onların enerji təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyət kəsb edir. Ulu öndərimizin uğurlu siyasətinin nəticəsi olan Bakı-Tbilisi –Ceyhan kəməri bir daha sübut edir ki, Heydər Əliyev yolu doğru yoldur. Prezident İlham Əliyev isə bu yolu daha da şaxələndirərək dünyaya gedən yollarımızı genişləndirir.

Mən prezidentimizin insanlara, torpağımıza olan xüsusi münasibətini də vurğulamaq istəyirəm. Hər hansı yerdə məktəb, tibb ocağı tikilirsə, yeni yollar çəkilirsə prezident İlham Əliyev orada açılışları ifadə edən qırmızı lentləri kəsir və bununla da, həmin insanların sevincinə qoşulur. Lent kəsmək rəmzi məna daşıyır. Amma belə mərasimlərin həyata keçirilməsi prezidentlə xalqın arasındakı qarşılıqlı münasibətin xüsusi etimada əsaslandığını göstərir. Dövlətimizin başçısı yorulmadan bu quruculuq işlərini həyata keçirir. Buna görə də, o, həmişə xalqın rəğbətini, məhəbbətini qazanır. Həqiqətən də, prezidentimiz bu işləri xalqımızın, torpağımızın naminə reallaşdırır və insanlar öz liderləri ilə fəxr edirlər. Azərbaycan insanları da bütün bunları görür, qiymətləndirir və ürəklərində yalnız bu düşüncə formalaşır ki, bizim qayğımıza qalan belə bir şəxsiyyət yenə də rəhbərimiz olmalıdır.

Onu da demək istəyirəm ki, xalqın bu cür münasibəti hər kəsə müyəssər olmur. O adama müəyəssər olur ki, həmişə xalqın içərisindədir, xalqın düşündüyünü ifadə edir, xalqın arzu və istəklərini həyata keçirir. Cənab İlham Əliyev də belə şəxsiyyətlərdəndir.

Bütün bunların hamısı bir gerçəkliyi diqtə edir: Xalqa onun sevdiyi, etimad göstərdiyi, etibar etdiyi, qayğısına qaldığı, insanların təhlükəsizliyini təmin edən, cəmiyyətin mənafeyini və dövlətin müstəqilliyini qoruyan prezident gərəkdir. Bu sadaladıqlarım sübut edir ki, prezident İlham Əliyev qarşıdakı beş illiklərdə də Azərbaycan xalqı və dövlətçiliyi üçün çox gərəkli və əvəzolunmaz şəxsiyyətdir.

Bütün bunları nəzərə alan Azərbaycan Ağsaqqallar Şurası bu il keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan etdi.

 

- Fəttah müəllim, siz həmçinin, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavinisiniz. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafını necə qiymətləndirirsiniz?

 

- Paytaxtımız Bakının inkişafı göz qabağındadır, şəhərimiz tamamilə dəyişir. Yeni Bakı gözümüzün önündə canlanır. Cəsarətlə deyə bilərəm ki, bu inkişaf bölgələrdə də çox böyük vüsət alıb. Biz Milli Məclisdə bu məsələlərin hüquqi-qanunverici tərəfi ilə məşğuluq. Komitəmizə bölgələrimizin inkişafını əks etdirən faktlar daxil olur və bu inkişafın nəticəsi olaraq Regional məsələlər komitəsinin tövsiyəsi ilə parlamentdə yüzlərlə kəndə qəsəbə statusu verilib, qəsəbələr isə şəhər status alıb. Biz inanırıq ki, növbəti beş il ərzində müstəqil şəhər statusu alacaq şəhərlərin də sayı artacaq. Bölgələrdə əhalinin sayı da artır. Çünki regionlarda çox böyük quruculuq işləri gedir.

Bölgələrin sosial problemlərinin həlli istiqamətində də genişmiqyaslı işlər görülür. Elektrik enerjisi fasiləsizdir, kəndlərin qazlaşdırılması işi həyata keçirilir. Artıq bu ilin sonunadək ölkə ərazisinin 95 faizi qazlaşdırılacaq. Eləcə də, yeni yollar inşa edilir ki, beynəlxalq standartlara cavab verir.

Mən rəqəmlərlə danışmaq istəmirəm, amma bir müşahidəmi demək istəyirəm. Bakıdan Qusara qədər yolboyu o qədər yeni qəsəbələr salınıb ki, burada təxminən yüz minlərlə fərdi evlər tikilib. Mən hələ çoxmərətəbəli binaları demirəm. Bütün bunlar bölgələrin inkişafının göstəricisidir.

Vətənimiz Azərbaycan çox gözəldir. Ölkəmizin demək olar ki, bütün bölgələrində turizm imkanları var. Bir çox bölgələrdə dünya standartlarına uyğun olan turizm obyektləri, beşulduzlu otellər fəaliyyət göstərir. Azərbaycan bütün guşələrində turizmin inkişafı üçün işlər davam edir. Görülən işlərin nəticəsidir ki, artıq Azərbaycan gözəl turizm mərkəzinə çevrilib. İndi Azərbaycanın bölgələrində də böyük beynəlxalq tədbirlər keçirilir və bu tədbirlər dünyanın diqqətini füsunkar Vətənimizə yönəldir.

Regionların inkişafı çərçivəsində saymaqla bitib tükənməz təhsil, səhiyyə müəssisələri, sənaye obyektləri, olimpiya kompleksləri tikilib istifadəyə verilir. Bu prosesi ümumiləşdirərək deyə bilərik ki, son 10 il ərzində Azərbaycanda bütün sahələr üzrə möcüzə adlandırılacaq inkişaf baş verib. Görünən odur ki, rayonlarımız artıq paytaxt sürəti ilə inkişaf edir. Biz Milli Məclisin Regional məsələlər komitəsində məsələlərin hüquqi-qanunverici tərəfi ilə məşğul oluruq. Amma əsas işlər isə bölgələrdə gedir. Cəsarətlə deyə bilərəm ki, Azərbaycan nəinki Cənubi Qafqaz və digər yaxın regionumuzda, Avropanın və Yaxın Şərqin ən inkişaf etmiş dövlətlərindən birinə çevrilib.

 

- Bu mənada təmsil etdiyiniz Qəbələ rayonunun inkişafı ilə bağlı fikirlərinizi də bilmək maraqlı olardı...

 

- Bilirsiniz ki, Qəbələ böyük tarixə və mədəniyyətə malik ərazidir. Amma bu gün Qəbələ qədimliyi ilə müasirliyi özündə birləşdirir. Füsunkar təbiətə malik, istiqanlı, qonaqpərvər, mehriban insanların yaşadığı bu bölgə sözün əsil mənasında gözəllik təcəssümüdür. Bugünkü Qəbələni mən deyə bilərəm ki, Azərbaycanın bölgələrinin simvollarından biri hesab etmək olar. Tanrı bu torpağa hər cür nemətlər verib. Uca dağlar, yaşıl meşələr, göz oxşayan çaylar, sərin bulaqlar Qəbələnin gözəlliyini əks etdirir.

Bütün bunları sadalayarkən mən bu bölgənin potensialını da xüsusi vurğulamaq istəyirəm. Qəbələnin füsunkar təbiəti buranın turizm potensialını əks etdirir və bu sahədə rayonda indiyədək xeyli işlər görülüb. Rayonda beşulduzlu otellər fəaliyyət göstərir, eləcə də digər turizm obyektləri istifadəyə verilib. Məhz turizmin inkişafının nəticəsidir ki, ildən-ilə Qəbələyə gələn yerli turistlərlə yanaşı əcnəbi turistlərin də sayı artır. Təbii ki, bu bölgənin inkişafı Qəbələdə böyük beynəlxalq tədbirlərin keçirilməsini də gündəmə gətirir. Artıq neçə illərdir ki, burada beynəlxalq festivallar və digər tədbirlər keçirilir. Həmin tədbirlərdə iştirak edən xarici qonaqların hamısı bu bölgə haqqında yalnız xoş ifadələr işlədirlər.

Hesab edirəm ki, Qəbələ rayonunu daha böyük perspektivlər gözləyir. Bilirsiniz ki, bu rayonun iqtisadi potensialı da yüksəkdir. Bu bölgədə bir sıra böyük sənaye müəssisələri fəaliyyət göstərir. Məsələn, Qəbələ Konserv Zavodu bütövlükdə regionumuzun bu sahədə ən böyük müəssisəsidir. Eyni zamanda, bu rayonda çox yüksək keyfiyyətli piano zavodu fəaliyyət göstərir. Bu müəssisədə işçilərin əksəriyyəti də yerli əhalidir.

Rayonda idmanın da inkişafı xüsusi diqqət mərkəzindədir. Təkcə Qəbələ şəhərinin özündə altı futbol meydançası, o cümlədən futbol akademiyası fəaliyyət göstərir. Eləcə də, Qəbələdə 400 yerlik Mədəniyyət Evinin keçən il təməli qoyulmuşdu, bu il isə ölkə Prezidentinin iştirakı ilə istifadəyə verildi. Hesab edirəm ki, bu, bölgədə ən gözəl mədəniyyət evlərindən biridir. Mən uzun illər mədəniyyət sahəsində işlədiyim üçün bu işlərə yaxşı bələdəm. Əvvəllər bir mədəniyyət evinin tikintisinin layihələndirilməsinə bir il vaxt gedərdi, tikintisi isə bir neçə il vaxt aparırdı. Amma bu gün bu işlər böyük sürətlə həyata keçirilir.

Ümumiyyətlə, hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafı xüsusi diqqət mərkəzindədir. Qəbələ rayonunun timsalında da biz bunu açıq şəkildə görürük. Rayonda sənaye, emal müəssisələrinin yaradılması ilə yanaşı kənd təsərrüfatının inkişafında da böyük dönüş baş verib. Prezident İlham Əliyevin kənd təsərrüfatına xüsusi diqqət yetirməsi artıq bu sahədə də inqilabi sıçrayışlara səbəb olub. Bu yaxınlarda təkcə Qəbələdə iki böyük heyvandarlıq kompleksi istifadəyə verildi. Ölkə başçısı bu müəssisələrdə çalışan insanlarla görüşüb söhbət etdi. Bu müəssisələrdə ən müasir texnologiyalar tətbiq olunur. Bütün bunlar isə kənd təsərüfatında böyük inqilabdır.

Yaxın vaxtlarda Qəbələdə yeni obyektlər də istifadəyə veriləcək. Bunların sırasında mən atıcılıq mərkəzinin, Beynəlxalq konqres mərkəzinin adlarını çəkə bilərəm. Yeri gəlmişkən, onu da bildirim ki, Beynəlxalq konqres mərkəzi ən böyük tədbirlərin keçirilə biləcəyi məkan olacaq. Bütövlükdə, Qəbələdə adlarını çəkmədiyim bir sıra müəssisələr də fəaliyyət göstərir, eləcə də, yeni-yeni obyektlər inşa olunur. Bu inkişafın nəticəsidir ki, Qəbələ rayonunun əhalisi son 10 ildə 70 mindən 95 min nəfərə qədər artıb.

 

- Bu yaxınlarda prezident İlham Əliyev Qəbələ rayonuna növbəti səfərini etdi. Siz bu səfər zamanı dövlət başçısını müşayiət etdiniz. Qəbələ ictimaiyyəti dövlət ölkə prezidentinin bu səfərini hansı əhval-ruhiyyədə qarşıladı?

 

- Əlbəttə ki, Qəbələ ictimaiyyəti tərəfindən ölkə prezidentinin səfəri böyük sevinclə qarşılandı. Söhbətimiz zamanı mən prezident İlham Əliyevin fəaliyyətindən bəhs etdim və qeyd etdim ki, bu siyasət insanlarımız tərəfindən rəğbətlə qarşılanır. Bu mənada Qəbələ ictimaiyyəti də dövlətimizin başçısının həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir. Azərbaycan xalqı öz rəhbəri ilə hər zaman birdir. Biz cənab İlham Əliyevin bölgələrə səfərinin insanlar tərəfindən necə böyük sevinclə qarşılandığının şahidi oluruq.

Ölkə prezidenti tez-tez bölgələrə səfər edir, görülən işlərlə şəxsən tanış olur, yeni obyektlərin təməlini qoyur və açılışlarını edir. Eyni zamanda, insanlarla söhbət edərək onların vəziyyəti, qayğıları ilə maraqlanır və problemlərin həlli ilə bağlı yerindəcə tapşırıqlar verir. Bu mənada deyə bilərəm ki, prezident İlham Əliyev Qəbələ rayonuna mütəmadi olaraq səfərlər edir və bu səfərlər daim insanların sevinci ilə müşayiət olunur. Dövlət başçısının sonuncu səfərində də insanların sevincinin həddi-hüdudu yox idi. Bütün insanların hamısı dövlətimizin başçısına duaçı olurlar. Vətəndaşlarımız ölkəmizin inkişafını yüksək qiymətləndirir və inkişafı reallaşdıran ölkə Prezidentini öz aralarında görəndə sonsuz məhəbbətlərini ifadə edirlər.

 

- Fəttah müəllim, məlumdur ki, ölkəmizin inkişafını, xalqımızın birliyini istəməyən qüvvələr də var. Bu qüvvələr ölkəmizdə pozuculuq işləri aparmaq üçün öz daxilimizdən, o cümlədən gənclərdən istifadə etməyə çalışırlar. Belə bir zamanda ağsaqqal məsləhətinə böyük ehtiyac var. Çünki ağsaqqal sözü, məsləhəti bizim milli dəyərimizdir. Həmin insanlara nə tövsiyə edərdiniz?

 

- Çox vacib məqama toxundunuz. Əlbəttə, bizim dostlarmız uğurlarımıza sevinir. Biz uğurlarımızı dostlarımızla bölüşürük və hər zaman bir-birimizə dəstək veririk. Amma nə yazıq ki, göz qabağında olan düşmənimiz də var. Eləcə də, Azərbaycanın müstəqilliyini gözü götürməyən digər xarici qüvvələr də mövcuddur. Onlar çalışırlar ki, ölkəmizdə sabitlik pozulsun, Azərbaycanı istədikləri kimi idarə etsinlər və s. Bu prosesdə öz daxilimizdən də istifadə etməyə cəhd göstərirlər.

Azərbaycan insanı, dünənini və bu gününü görənlər, sabahını da görə bilən adamlar heç vaxt pozucu qüvvələrin əməllərinə dəstək vermirlər. Əksinə, onlara qarşı çıxırlar. Təəssüflər olsun ki, kənar qüvvələr az da olsa, məqsədlərinə nail ola bilirlər. O mənada ki, kiçik sayda gənclərimizi gəncləri ələ ala bilirlər. Bu gənclər Azərbaycanın məşəqqətli günlərini yaşamayıblar. Onlar Heydər Əliyev rəhbərlikdə olmadığı zaman Azərbaycanda itirdiklərimizin canlı şahidləri olmayıblar. İtirdiyimiz torpaqlar, bu gün həll olunmayan Qarabağ probleminin necə yarandığını təsəvvürlərinə gətirmirlər. Ona görə də, onlar əlindən heç bir iş gəlməyən, cəmiyyət, xalq üçün bir daşı daş üstünə qoymayan, yalnız ölkəyə rəhbərlik etmək iddiasında olan adamların siyasi ehtiraslarının arxasınca gedirlər. Bəzən onlara maliyyə yardımları olunur, yalan vədlər verilir və s.

Biz ağsaqqallar olaraq, eləcə də dünəni bilib bugünü yaşayan insanların hamısı belə insanlara öyüd-nəsihət verməliyik. Onlara deməliyik ki, tariximizi yaxşı öyrənin. Ola bilsin ki, müəyyən problemlər var və onları birgə həll etməliyik. Müstəqilliyimizin ilk illərində ölkəmizdə 70 faiz işsizlik var idi, indi isə bu yoxdur. Yoxsulluğun səviyyəsi isə 49 faizdən 6 faizə düşüb. O dövrü indiki gənclər yaşasaydılar hansısa təxribatçıların planlarına uymazdılar. Biz dünya xalqları içərisində çox təmkinli, əxlaqlı, böyüyə-kiçiyə hörmət qoyan, yaxşını pisdən ayıran bir xalqıq. Bizim milli dəyərlərimiz var, xalqımız mənəvi keyfiyyətlərə çox böyük dəyər verir. Biz həmişə mənəvi-əxlaqi dəyərlərimizlə öyünmüşük. Bu keyfiyyətləri qoruyub saxlamaq dövlətçiliyimizi qoruyub saxlamaq deməkdir. Müstəqil dövlətimiz bizim ilahi qismətimizdir. Ona görə də, indiki və gələcək nəsillər ona hədəflənməlidir ki, ən böyük sərvətimiz olan müstəqilliyimiz qorunsun. Bizim bundan böyük nailiyyətimiz və sərvətimiz yoxdur.

İnsanlarımız, o cümlədən gənclər bilməlidir ki, müxtəlif şüarlarla qanunsuz aksiyalar keçirib sabitliyi pozmaq heç zaman milli maraqlarımıza uyğun ola bilməz. Ətrafımıza yaxşı nəzər salmaq lazımdır: xarici qüvvələrin təhriki ilə demokrtiya və insan haqları şüarları ilə etiraz nümayişləri keçirən və ciddi qarşıdurmalarla hakimiyyət dəyişiklikləri edən xalqların vəziyyətinə baxmaq lazımdır. Onlarda hələ də nə sabit, nə demokratik, nə də hüquqi dövlət bərqərar olmayıb. Bu ölkələrdə dağıdıcılıq prosesləri davam etməkdədir və bunun sonu hələ görünmür. Bütün bunlar onu göstərir ki, qarşıdurma müharibənin üverturasıdır, xalqın fəlakətli gələcəyinin «qaranquşudur». Ona görə də, insanlarımız, xüsusilə gələcəyimiz olan gənclər kimin kim olduğunu görməli və sonra mövqe ortaya qoymalıdır. Dövlətimiz demokratiya yolu ilə gedir və kiminsə uydurduğu demokratiya bizə lazım deyil. Kənardan kimsə bizi etiraza səsləməməlidir. Biz özümüz nəyə etiraz etdiyimizi, nəyə qarşı çıxa biləcəyimizi daha yaxşı bilirik və hər hansı problemi də özümüz həll etməyə qadirik. Ona görə də, heç kəsin təhrikinə uymaq lazım deyil.

Bugünkü gəncliyimiz müstəqil Azərbaycanın gələcəyini düşünməli və dövlətimizin daha da güclənməsi üçün öz töhfələrini verməyə çalışmalıdır. Bunu isə onlar yalnız öz bilik və bacarıqları, intellektual səviyyələri ilə edə bilərlər. Bu imkanları müasir dövlətimiz gənclər üçün yaradıb.

 

# 976
avatar

Oxşar yazılar