“Milli Məclisin sədri hələ də bilmir ki, deputatın istənilən məsələ ilə bağlı replika hüququ, hətta ciddi, yaxud da yumorla sözünü ifadə etmək haqqı var. Bu halda isə heç kəsə, o cümlədən parlamentin sədrinə deputatın sözünü kəsməyə və onunla kobud danışmağa səlahiyyət verilmir”.
Lent.az-ın məlumatına görə, bu sözləri BQP sədri, deputat Fazil Mustafa özünün “facebook” səhifəsində yazıb. O, parlamentin bugünkü iclasında spiker Oqtay Əsədovla aralarında yaşanan polemikaya münasibət bildirib.
F.Mustafa deyib ki, Milli Məclisin sədri müzakirəyə yazıldığı halda deputatları danışmaqdan məhrum edərək, onları aşağılayır: “Hesab edirəm ki, hörmətli Oqtay Əsədovun Milli Məclisin fəaliyyətini öz əhval-ruhiyyəsinə və iş rejiminə uyğunlaşdırmasını ancaq zarafatla yola vermək mümkündür”.
Xatırladaq ki, MM-in bugünkü sessiyasında müzakirələr çıxışa yazılan F.Mustafa söz alarkən spikerə “deyəsən, mən çıxışa yazılmayanda, müzakirələri dayandırırsınız” deyib. Spiker isə cavabında deputata deyib ki, o, özünü yüksək qiymətləndirir və digər deputatları aşağılayır.
F.Mustafa qeyd olunan ifadəni zarafatla dediyini bildirdikdə isə O.Əsədov onunla zarafatlarının olmadığını deyərək, gözlənilməz reaksiya verib.