Lent.az-ın “Sən hardasan” rubrikasında AMİP lideri Etibar Məmmədovla söhbət etməyi planlaşdırdıq. Amma bu niyyətimizi həyata keçirmək bir qədər zaman aldı. Özü deyir ki, konkret işi yoxdur, məsləhət verməklə məşğuldur. Amma bu konkret işi olmayan siyasətçimizin yarım saat vaxtını alıb müsahibə götürmək elə də asan olmadı. Jurnalistlər Etibar bəyin bu xüsusiyyətini yaxşı bilirlər. Həmişə belə olub - işi-gücü başından aşanda da, məsləhət verməklə məşğul olanda da.
Etibar Məmmədov məşhurluğu gənc yaşlarından qazandı. Arxasında xeyli elektoratı da vardı. Bir çağırışı ilə on minlərlə insanı mitinqə gətirirdi. Ölkədə baş verən siyasi, iqtisadi proseslərin hamısına onun rəyini öyrənməyə çalışırdılar. Ciddi açıqlamaları, sərt çıxışları, çox vaxt doğrulmasa belə maraqlı proqnozları ilə daim gündəmdə idi. İndi isə onun barəsində mətbuatda hərdənbir, Azərbaycanın siyasi həyatına ciddi təsir etməyən xəbərlərlə rastlaşırıq. Məsələn, hansısa beynəlxalq institutun nümayəndəsi ilə, ABŞ prezidentliyinə namizəd Con Makkeynlə, hansısa ştatın qubernatoru ilə... görüşüb. Arabir keçmiş müttəfiqləri barədə də danışır. Deyir ki, “Azadlıq” bloku siyasi iflasa uğrayıb. Keçmiş düşərgə yoldaşları barədə açıqlamaları da səslənir. Amma bunlar gündəmdə qalmaq, əvvəlki populyarlığı bərpa etmək üçün kafi deyil. Beləliklə, keçək əsas məsələyə. Təbii ki”Sən haradasan” sualından başlayaraq:
- Bakıdayam. Özüm də məsləhətlə-filanla məşğulam. Konkret işim yoxdur. Ehtiyacı olanlar müraciət edirlər, mən də onlara məsləhət verirəm.
- Ayrı nə ilə başınızı qatırsız?
- İdmanla məşğul oluram.
- Hansı növlə?
- Elə hamısı ilə...
- Gənc yaşlarınızda qaynar siyasi həyat yaşamısınız və xeyli populyar olmusunuz. O mərhələ həyatınızda hansı izləri buraxdı?
- Təkcə onu deyə bilərəm ki, çox ağır dövr idi. Həyatında demək olar ki, hər şeyə mane olur. Qətiyyən sərbəst ola bilmirsən. Bu vəziyyətdə insan istədiyi nəyisə edə bilmir.
- Onda belə deyə bilərik ki, gənclikdə itirdiyiniz çox şey var...
- Hə var, amma heyfsilənmirəm.
- Təzədən həyat yaşasaydınız, bu yolu bir daha seçərdiniz?
- Əlbəttə. Şərait tələb edirsə, lazımdırsa, kənarda qala bilmirsən, bu yolu seçməli olursan. İndi 53 yaşdan dönüb arxaya baxanda etdiyim heç nə üçün peşman olmuram. Sadəcə, bəzi məhrumiyyətlərin olduğunu dilə gətirirəm. Bəziləri üçün bu çətin gəlir, onlar elə yolun yarısından qayıdırlar.
Bu yola məqsədli şəkildə, düşünülmüş formada başlamışıq. Təbii ki, qarşımıza qoyduğumuz bir çox amal vardı. Demək onlar ki, bunların əsaslarına çatmışıq. Həmişə demişəm ki, bizim əsas qələbəmiz odur ki, dövlət müstəqilliyini əldə etmişik. Sonra bunu qoruya da bildik. Bax, bu heç nə ilə müqayisə edilə bilməz.
- Bəs daha nələri etmək olardı?
- Əslində çox şeyi. Amma bizim başladığımız proses hələ bitməyib. Azərbaycan müstəqilləşib və indi dünya standartlarına uyğunlaşır. Amma daxildə demokratik prinsiplərlə bağlı bir çox məsələ həll olunmamış qalır. Bunlar isə çox mühüm məsələlərdir. Bu isə elə bir məsələdir ki, birbaşa insanların həyat səviyyəsinə təsir edir. Demokratik prinsiplərin yaxşılaşması bu səviyyəni qaldırır. Bu mənada Azərbaycanın itirdiyi bir çox şeylər var. Bizim insanlar layiq olduqları, haqlarının çatdığı həyatı yaşamırlar. Əslində burada insanların özlərinin günahı hamıdan çoxdur. Lazımı səviyyədə tələb etmirlər, elə ona görə də hakimiyyət onlara minimumları verir. Halbuki, onların haqqı daha çox şeyə çatır. Bundan başqa, insanların çoxu öz hüquqlarını bilmir. Hələ başa düşmür ki, onun nəyə haqqı çatır. Hüquqlarımızı öyrənməyə ən erkən yaşdan başlamalıyıq. Bu məsələdə ailənin rolu çox böyükdür. İnsanlarımız ən çox dünyaya baxıb örnək götürməlidir. Məsələn, Azərbaycan insanı fikirləşməlidir ki, başqa millətlər nədən yaxşı yaşayır?
- Heç indi dünyanın da vəziyyəti ürəkaçan deyil, maliyyə böhranı da bir tərəfdən. Sizcə, bu böhran Azərbaycanda özünü kəskin şəkildə göstərəcəkmi?
- Bəli, bir neçə ay sonra bunun şahidi olacağıq. Bunun barəsində indidən fikirləşmək lazımdır. Əgər hakimiyyət oturub neftin bahalaşmasını gözləyirsə, bu çox yanlış yoldur. Sahibkarlara sərbəstlik verilməlidir, bəzi maliyyə kanalları açılmalı, bu şəraitdə rüşvəti kəskin şəkildə azaltmalıdırlar. İnanmıram ki, bizdə bu böhrandan çıxmaq üçün hansısa plan hazırlansın. İndiyə kimi nə üzrə plan hazırlayıblar ki? Həmişə “Allaha pənah” deyib axarla getmişik, “nə olar, olar” demişik.
- Bu prosesləri elə kənardan izləyəcəksiniz, bəlkə hansısa məsləhətlə, planla çıxış edəsiniz...
- Məndən məsləhət istəsələr, verərəm. Mən özüm üçün bir çox şeylər fikirləşmişəm. Amma nə olsun? Bunları özüm üçün fikirləşirəm.
- Referendumda iştirak edəcəksiniz?
- Hələ o vaxta çox var, baxarıq. İndidən bir şey deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, referendumun vacibliyini o qədər də əsaslandıra bilmədilər.
- Mətbuatdan razısınızmı?
- Əslində xeyr. Mətbuatımızın hələ də peşəkarlıq problemi var. Çox xırda məsələlər qaldırırlar. Demək olar ki, indi sevə-sevə oxuyacağım hansısa yazar yoxdur. İndikilər elə bil ki, kimisə təhqir etməklə məşhurlaşmaq istəyirlər. Amma buna baxmayaraq, gündəlik mətbuatı diqqətlə izləyirəm. Əsasən informasiyalara nəzər salıram.
- Dostlarınız arasında xeyli məşhur insanlar olub. Onlar yenə ətrafınızdadırlarmı, görüşürsünüzmü?
- Bəziləri ilə həmişə. Bəziləri ilə siyasətə görə yollarımız ayrılıb. Buna görə təəssüf hissi də keçirirəm. Azərbaycanın daxili siyasi sistemi elədir ki, insanları nələrdənsə imtina etməyə məcbur edirlər. Hansısa normaların içərisindən keçirirlər.
- Dostlardan başqa, xeyli elektoratınız da vardı ki, indi onlar da yoxdur...
- Bilirsiniz, elektorat heç vaxt daimi olmur. Müəyyən dövrlərdə elektorat toplaya bilərsən. Amma insanlar üçün zaman keçdikcə ortaya başqa hədəflər də çıxa bilər. Yəni insanlar bütün dövrlərdə eyni cür fikirləşmirlər. Bundan başqa, bizdə liderlərin elektoratı qoruması xeyli çətindir. Sənin xeyrinə imza atan bir vətəndaşı polisə çağırıb hədələyirlərsə, onu nə vaxta kimi qoruya biləcəksən?
- Boş vaxtlarınızda kitab oxuyursuz?
- Hərdən çalışıram.
- Kimi oxuyursuz?
- Müasir dövrdə demək olar ki, ciddi yazar yoxdur. Köhnələrdən isə məsələn, İsmayıl Şıxlını sevərək oxumuşam.
- Heç söhbətcil deyilsiniz...
- Hə... Neyləyim, mən də beləyəm. Amma inanın ki, suallara konkret cavab versəm də bu cavabların ətrafında xeyli şeyi başa düşmək olar.
Səbinə Əvəzqızı
Etibar Məmmədov: “Bəzi dostlarımı itirdiyimə təəssüflənirəm” - MÜSAHİBƏ
1648