“ABŞ Konqresinin xarici təxsisatlar alt komitəsinin qəbul etdiyi qərar erməni mətbuatı tərəfindən düzgün təqdim olunmur. Burada məqsəd dünya birliyini açıq-aşkar aldatmaq cəhdidir”.
Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında deyib.
“İyulun 24-də ABŞ Konqresinin xarici təxsisatlar üzrə alt komitəsi Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına yardım ayrılması barədə qərar qəbul edib. Dağlıq Qarabağın azərbaycanlı icması da belə qurbanlardandır. Erməni tərəfi faktı elə təqdim etməyə çalışırdı ki, guya bu münaqişənin qurbanları yalnız ermənilərdir. Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkünün olması reallığından yan keçərək beynəlxalq ictimaiyyəti aldatmaq olmaz”.
Elman Abdullayevin sözlərinə görə, alt komitədə ermənipərəst konqresmenlərin bir çox tələbləri, o cümlədən Dağlıq Qarabağdakı separatçı rejimə 5 milyon dollar yardım göstərilməsi barədə tələb yerinə yetirilməyib.