“Əgər Müsavat Partiyası öz iddiasından geri çəkilməsə, Rüstəm müəllimin sədrlikdən getməsində israr etsə, bu o deməkdir ki, onlar Milli Şuranı parçalamaq, məhv eləmək istəyir”.
Bu sözləri Lent.az-a açıqlamasında Milli Şuranın üzvü, “El” Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev deyib. O bildirib ki, həmsədrlik məsələsi Milli Şuranın növbəti sessiyasında müzakirələr zamanı qəbul edilməsə və R.İbrahimbəyov qurumun sədrliyindən getsə, “El” Hərəkatı və onunla bərabər bir çox ziyalı Milli Şuranı tərk edəcək: “Azərbaycan ictimaiyyəti bəzi siyasi partiyaların tez-tez absurd iddialarla çıxış etməsinin şahididir. Bu siyasətin adı “qırt toyuq siyasəti”dir. Bu cür yanaşma heç vaxt xeyir gətirmir. Əgər Milli Şura bu gün ölkədə müəyyən siyasi əhəmiyyətə malikdirsə, gizlətməyək, bu, Rüstəm İbrahimbəyovun şəxsiyyəti hesabına olub”.
E.Quliyevin sözlərinə görə, Cəmil Həsənli da R. İbrahimbəyovun həmsədrlik təklifini dəstəkləyir: “Mən indi başa düşürəm ki, pambıqla baş kəsmək necə olur?! Müsavat funksionerləri Rüstəm müəllimi “hörmətli ziyalımız”, “ağsaqqal” adlandırır, amma sonda da “amma getməlisən” deyirlər. Bu, təkcə siyasi etikaya yox, ümumiyyətlə adi etikaya da yaddır”.
“El” rəsmisi onu da qeyd edib ki, R.İbrahimbəyovun Milli Şuranın sədrliyindən istefa verib-verməməyi məsələsi qurumun növbəti sessiyasında müzakirəyə çıxarılacaq.