Əflatun Amaşov: “KİV-ə Dəstək Fondunun Əsasnaməsi hazır olmaq üzrədir”
14 oktyabr 2008 16:35 (UTC +04:00)

Əflatun Amaşov: “KİV-ə Dəstək Fondunun Əsasnaməsi hazır olmaq üzrədir”

KİV-in inkişafına dövlət dəstəyi Fondunun Əsasnaməsinin hazırlanması üçün ayrılmış vaxt bu ay bitir. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası” iyul ayında imzalansa da, bunun hansı formada reallaşacağı, jurnalistlərin bu dəstəkdən hansı formada yararlanacağı həllə bəlli deyil. Bu barədə jurnalistlərin məlumatlandırılacağı deyilsə də, hələ ortada heç nə yoxdur.

Mətbuat Şurasının sədri Əflatun Amaşov inanır ki, bu məsələdə tezliklə müsbət addımlar atılacaq. Sədr deyir ki, bu işlə bağlı imzalanan sərəncamda bildirildiyi kimi, Dəstək Fondunun sənədləri 3 ay müddətində hazırlanıb, Prezidentə təqdim olunmalıdır. Amaşovun sözlərinə görə, konsepsiya təsdiq olunandan həmən sonra Mətbuat Şurasında sənədlərin hazırlanmasına başlanılıb. Belə ki, onlar əvvəlcə xarici təcrübəni öyrəniblər. Əsasən də Türkiyədə rəsmi reklamların necə verilməsi ilə bağlı səlahiyyətli orqanda təcrübə keçiblər. Həmsöhbətim bildirir ki, konsepsiyada qoyulan əsas məsələ KİV-in maddi durumunun yaxşılaşdırılması, jurnalistlərin peşəkarlığının artırılması, ictimaiyyətlə mətbuat arasındakı münasibətlərin inkişafıdır. Təbii ki, ən vacib məsələ mətbuatın iqtisadi durumunun yaxşılaşmasıdır. Bu sahədə xeyli problemləri olan KİV elə bu səbəbdən də konsepsiyanın işə düşəcəyi günü səbirsizliklə gözləyir. Əslində gözləməli xeyli şey var. Məsələn, jurnalistlər qrantlar, kreditlər, ünvanlı yardımlar, subsidiyalar ala biləcək.

Sədrlə söhbətimizdən o da bilindi ki, artıq bizdə də rəsmi qurumların reklamları bir mərkəzdən ayrılacaq və bundan bütün KİV yararlana biləcək.

Hazırda Mətbuat Şurasının katibliyində Dəstək Fondunun əsasnaməsinin layihəsi üzərində son tamamlama işləri aparılır. Eyni zamanda, ayrı-ayrı təlimatlar da hazırlanmaqdadır. Bu günlərdə sənədlər Mətbuat Şurasının iclasında müzakirə ediləcək. Müzakirələr zamanı səslənən təkliflər də nəzərə alınaraq, sənədlər Prezident Aparatına göndəriləcək.

Bu sahədə fəallıq göstərən jurnalist təşkilatları isə nədənsə passiv görsənirlər. Bu vaxtadək konsepsiyanın reallaşması ilə bağlı hansısa sənəd hazırlayıb ortaya qoyan yoxdur. Belə deyək, Mətbuat Şurasının hazırladığı sənədlər paketi Prezident Aparatına alternativsiz təqdim olunur. Şura sədri sənədlərin hazırlanmasına ekspertlərin cəlb ediləcəyini deyir.

İndi gələk əsas dərdimizə - media bu konsepsiyadan nə vaxt yararlana biləcək, Əsasnamə ilin sonunadək təsdiqlənəcəkmi? Amasov hesab edir ki, heç ilin sonunu da gözləməyə ehtiyac olmayacaq, Əsasnamə daha tez imzalanmalıdır.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1733
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar