DTK zabitindən şok açıqlamalar: “Elçibəyi türmədən mən buraxdırmışam” – MÜSAHİBƏ
22 yanvar 2013 17:15 (UTC +04:00)

DTK zabitindən şok açıqlamalar: “Elçibəyi türmədən mən buraxdırmışam” – MÜSAHİBƏ

Eks-prezident Əbülfəz Elçibəyin adı ətrafında növbəti dəfə ajiotaj yaranıb. Əbülfəz Elçibəyin həbsxanada olarkən yazdığı məktubun yenidən mətbuata yol tapması və sabiq prokuror Yamən Yusifovun verdiyi açıqlamalar onun personasına olan marağı daha da artırıb. İstefada olan DTK zabiti Yasif Nəsirli Lent.az-a müsahibəsində Elçibəyin həbsi ilə bağlı indiyə kimi ictimaiyyətə məlum olmayan bir çox müəmmalara aydınlıq gətirib.

 

- Yasif müəllim, necə oldu ki, DTK-da işə düzəldiniz?

 

- 1963-cü ildə indiki BDU-nu bitirib, Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində fəaliyyətə başladım. Səkkiz il komsomol işində çalışdım. Bir gün rəhmətlik Elmira Qafarova məni çağırıb dedi ki, Yasif, sən burda səksən manat maaş alırsan. Təhlükəsizlik orqanlarında işləmək üçün məndən 5-6 nəfər istəyirlər. Məsləhətdir ki, sən də gedəsən. Dedi ki, orada işləsən, indikindən üç dəfə artıq maaş ala bilərsən. Amma razılaşmadım. Dedim ki, mən kənd adamıyam. Biz tərəflərdə belə məsələlərə bir az başqa cür baxırlar. “KQB”də işləsəm, gərək sizinlə çörək kəsəndən sonra gedib əleyhinizə yazam. Qayıtdı ki, ay Yasif, sənə DTK barədə yanlış məlumat veriblər, orada hərənin öz işi var. Nəsə, gördüm ki, məndən əl çəkmirlər. Axırda qayıtdım ki, təhlükəsizlik orqanlarında bütün yazışmaları rus dilində aparırlar. Mənsə rusca bir qədər zəif bilirəm. Burada bir arayış yazanda nöqtəsini, vergülünü düzəltmək üçün başqa yoldaşlara ağız açıram. Axı, “KQB”də belə imkan olmayacaq. Çünki ora qapalı təşkilatdır. Elmira xanım görəndə ki, məni fikrimdən döndərə bilməyəcək, daha israr etmədi. Bu minvalla aradan 10 il keçdi. 1973-cü il idi. Həmin vaxt mən Azərbaycan KP MK-da işləyirdim. İsmayıllı rayon partiya komitəsinin birinci katibi barədə çoxlu neqativ materiallar daxil olurdu. Bir neçə nəfərlə məni İsmayıllı rayonuna yoxlamaya göndərdilər. Bizim hazırladığımız arayış əsasında Mərkəzi Komitənin bürosunda birinci katibi işdən azad etdilər. Elə ordaca məni İsmayıllıya birinci katib təyin etməyə qərar verdilər. Ertəsi gün işə gələndə məni MK-nın təşkilat şöbəsinin müdirinin yanına çağırdılar. Kabinetə girəndə müdirin yerində DTK sədri general Krasilnikovu gördüm. Krasilnikov mənə dedi ki, büro səni Moskvaya DTK-nın Ali Məktəbinə göndərməyə qərar verib. Etiraz etməyin mənasız olduğunu bildiyim üçün Moskvaya getməyə razılıq verdim. Beş illik proqramı iki ilə tamamlayıb, 1975-ci ilin sentyabrında DTK-da işə başladım.

 

- Adı indi də qorxu ilə çəkilən DTK ilə bağlı ilk təəssüratınız necə oldu? Keçmiş partiya və komsomol işçisi üçün “donos” yazmaq çətin olmadı ki?

 

- DTK-da zabit kimi fəaliyyətə başlayandan sonra gördüm ki, təhlükəsizlik orqanları tamam başqa işlərlə məşğuldur. Adından da göründüyü kimi, bu komitə dövlətin təhlükəsizliyi ilə məşğul idi. Mən orda işə başlayana kimi bir nəfər yad adam DTK-nın qapısından içəri keçə bilməzdi. Amma mən işə başlayandan sonra şair-yazıçı dostlarımın hamısı ilə iş yerində görüşürdüm. Məmməd Araz, Əkrəm Əylisli, Abbas Abdulla, Əhəd Muxtar, Hikmət Ziya və İsi Məlikzadəylə çox maraqlı söhbətlərimiz olurdu.

 

- Yəqin onlarla “profilaktik söhbət” aparırdınız...

 

- Biz dost kimi görüşür, dərdləşidik. Ürəkləri arxayın olsun deyə heç ədəbiyyatdakı proseslərdən də söz salmırdım. Onların heç biri ilə siyasi söhbət eləməmişəm. Əgər aramızda belə söhbət olsaydı, onlar mənimlə dostluq etməzdilər. Bir də ki, agentlə oturub yeyib-içmək “KQB”nin iş üslubuna uyğun deyildi. Əgər belə bir şey olsaydı, məni həmin dəqiqə işdən azad edərdilər. DTK-da işə başlayanda artıq müəyyən həyat təcrübəm vardı. DTK-da çalışdığım dövrdə yaradıcılıqla məşğul olan dostlarıma, tanınmış ziyalılarımıza imkan daxilində kömək etməyə çalışırdım.

 

- Bunu necə edirdiniz? Sovet dövrünə xas olan sərt nəzarət mexanizmi buna imkan verirdimi?

 

- İşə başlayanda mənə kiçik bir otaq, bir ədəd də seyf verdilər. Məndən əvvəl bölməyə rəhbərlik edən adam mənə 17 dissertasiya təhvil verib getdi. Oturub bir həftə, on gün bu dissertasiyaları nəzərdən keçirdim. Məni dəhşət bürüdü. Bir gün Krasilnikovun yanına gedib dedim ki, mənə 17 dissertasiya veriblər, bu barədə söhbət eləmək istəyirəm. Krasilnikov mənim həmin dissertasiyaları oxuyub-oxumadığımı soruşdu. Dedim ki, dissertasiyaların hamısını oxumuşam. Onu də əlavə etdim ki, dissertasiyaların üzərində onların millətçi ruhda yazıldığına dair arayış var, amma bu arayışı yazan adamın həmin dissertasiyalardan xəbəri yoxdur. Həmin o 17 dissertasiyanın hər birini müəllifinə qaytardıq və onlar qısa müddət ərzində müdafiə elədilər. Rəhmətlik Xəlil Rzanın Maqsud Şeyxzadədən yazdığı dissertasiya işinin müdafiəsi də həmin dövrə təsadüf edir. Həmin vaxt bizim təşəbbüsümüzlə Xəlil Rzaya yeni mənzil də verildi. Amma bu o demək deyil ki, Xəlilin DTK ilə əlaqəsi vardı. Əsla belə deyil. O, hələ 70-ci illərdə tələb edirdi ki, Kirovun heykəli götürülsün.

 

- Eşitdiyimizə görə, mərhum prezident Əbülfəz Elçibəyin azadlığa çıxmasında Sizin də rolunuz olub...

 

- Əbülfəz Elçibəylə şərqşünaslıq fakültəsində bir yerdə oxumuşuq. Universitetin yataqxanasında bir il eyni otaqda qalmışıq. Çox səmimi münasibətlərimiz olub. O, məndən bir kurs yuxarıda idi. Universiteti bitirəndən sonra yollarımız ayrıldı. 1975-ci ildə Moskvadan qayıdıb, DTK-da işə başlayanda Əbülfəz həbsdə idi. O vaxt türmələr bizim xidmət sahəmiz idi. Ona kömək etmək istəyirdim. Bir qədər daşınıb-düşünəndən sonra onun anasının adından bir işçimə ərizə yazdırdım. Laçın Ələkbərov adlı başqa bir işçim isə barmağını mürəkkəbə basıb, Elçibəyin anasının əvəzindən ərizəyə imza atdı. Üstəlik, onu tanıyan adam kimi mən də öz adımdan raport hazırladım. Sonra sədrin qəbuluna getdim. O, materialları alıb oxuyandan sonra xeyli fikrə getdi. Heç nə deməsə də hiss etdim ki, bu hərəkətim onun xoşuna gəlmədi. Bu hərəkətimdən xəbər tutan yoldaşlarım məni danladılar: “Sən nə edirsən, bura “KQB”di. Ehtiyatlı ol, nəticəsi pis ola bilər”. Nəsə, aradan təxminən 10 gün keçdi. Bir axşam sədr məni yanına çağırıb dedi: “Raportunu Azərbaycan KP MK-nın birinci katibinə məruzə etmişəm. Əbülfəz Əliyevi azadlığa buraxacağıq. Lakin sən onunla ardıcıl iş aparmalısan ki, millətçilik hisslərindən uzaq olsun”. Bu vaxt gözüm MK birinci katibinin raportun üzərinə böyük hərflərlə yazdığı dərkənara sataşdı: “Y.Nəsirovla razıyam”. Birinci səhifənin axırında isə belə bir P.S. vardı: “Y.Nəsirov cavandır. Onunla profilaktik iş aparmaq lazımdır ki, millətçilik xəstəliyinə tutulmuş adamların təsirinə düşməsin”. Beləliklə, Əbülfəz Elçibəy azadlığa buraxıldı. Lakin sonradan məlum olanda ki, onun anası mənim qəbulumda olmayıb, ərizəni biz özümüz yazıb imzalamışıq, sədrin əmri ilə mənə töhmət elan olundu. Bu, mənim iş fəaliyyətimdə aldığım ilk töhmət idi.

 

- Elçibəyi mühakimə edən sabiq prokuror Yamən Yusifov həbs olunarkən onun sərbəst ifadə verdiyini, istintaq zamanı hər hansı təzyiqlə üzləşmədiyini deyib...

 

- Tamamilə doğrudur. Həmin dövrdə DTK-da kiməsə təzyiq göstərmək mümkün deyildi. Bu cür hərəkətlər DTK-nın iş metodu ilə bir araya sığmırdı.

 

- Əbülfəz Elçibəy prezident seçiləndən sonra onunla görüşdünüzmü?

 

- Yox, görüşmədik. Çünki Cəbhə hakimiyyətə gələndə işdən çıxarılan ilk adamlardan biri də mən oldum. Səbəb də bu idi ki, guya mən demokratik fikirli adam deyiləm. Amma Elçibəy Kələkidən Bakıya dönəndən sonra görüşdük və əvvəlki münasibətlərimiz bərpa olundu. Ona dedim ki, sən artıq prezident deyilsən, mən isə vəzifədə işləyirəm. Şəxsi planda nə ehtiyacın olsa, kömək etməyə hazıram. Təəssüf ki, Elçibəy az yaşadı. O rəhmətə gedəndə dəfn mərasimində əvvəldən axıra kimi iştirak etdim. Kürəkəni ilə münasibətlərimiz indi də qalır...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3894
avatar

Seymur Verdizadə

Oxşar yazılar