”Azərbaycanda hüquqi şəxslərin və təşkilatların dövlət qeydiyyatına alınmasında problemlər var”.
Lent. az-ın məlumatına görə, bunu parlamentin bugünkü iclasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc deyib.
O təklif edib ki, bu prosedura yumşaldılsın. Deputat bildirib ki, Ədliyyə Nazirliyinin bir rəsmisini Milli Məclisə çağıraraq, hüquqi şəxslərin qeydiyyatına alınması ilə bağlı məsələnin niyə belə problemli olduğunu öyrənmək lazımdır.
Z. Orucun fikrincə, hazırda ölkədə yüzlərlə gənclər təşkilatları və bir çox beynəlxalq təşkilatlar dövlət qeydiyyatına alınmır: “Sanki bu təşkilatlar qeydiyyata alınan kimi dövlət əleyhinə fəaliyyətə başlayacaqlar”.
****
Deputat Qüdrət Həsənquliyev də çıxışında Ədliyyə Nazirliyini tənqid edib. O bildirib ki, Ədliyyə Nazirliyi işçiləri vətəndaşlara qeydiyyat məsələlərində problemlər yaradırlar. Deputat deyib ki, hər bir vətəndaşın hüquqi şəxs yaratmaq hüququ var və bu, qanunla da təmin edilib.
Vitse-spiker Ziyafət Əsgərov isə Q. Həsənquliyevin sözünü kəsərək, onu Ədliyyə Nazirliyinə böhtan atmaqda ittiham edib.
Deputat Aqil Abbas isə çıxışında hər adamın QHT və ya qəzet açmasının düzgün olmadığını deyib. O bildirib ki, Ədliyyə Nazirliyi bu məsələlərdə kifayət qədər diqqətli işləyir.
Sonda qeyd olunan qanun layihəsi, həmçinin, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklər edilməsi barədə qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.