Milli Şuranın prezident seçkilərindəki namizədi Cəmil Həsənli qurumun sədri olacaq. Bu barədə Lent.az-a açıqlamasında o özü məlumat verib. C.Həsənli bildirib ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov həmsədrlik institutunun yaradılmasını və onun da həmsədr olmasını təklif edib: “Mən həmişə istəmişəm ki, Milli Şura Rüstəm İbrahiməyovun sədrliyində fəaliyyət göstərsin. Ancaq indi elə vəziyyət yaranıb ki, Rüstəm müəllimin bir müddət ölkəyə gəlmək fikri yoxdur. Buna görə də o təklif etdi ki, həmsədrlik institutu yaradılsın və mən də həmsədrlərdən biri olum. Mən də bu təklifi qəbul etmişəm. Əgər Milli Şura üzvləri etimad göstərsələr, Milli Şura həmsədrlərdən biri olacağam”.
C.Həsənlinin sözlərinə görə, Milli Şuranın növbəti sessiyalarından birində bu məsələ müzakirəyə çıxarıla bilər: “Bu məsələ şərt deyil ki, Milli Şuranın növbəti sessiyasında müzakirəyə çıxarılsın. Ola bilər ki, sonrakı sessiyalardan birində gündəliyə çıxarılsın. Milli Şuranın növbəti sessiyasının gündəliyi müəyyən olunan zaman bu məsələnin gündəliyə salınıb-salınmayacağı bilinəcək”.
C.Həsənli onu da bildirib ki, növbəti sessiyada sabiq spiker Rəsul Quliyevin də Milli Şura üzvlüyündən kənarlaşdırılması müzakirəyə çıxarıla bilər.