Mərkəzi Seçki Komissiyası növbəti iclaslarından birində Milli Məclisdə boş qalan 3 deputat yerinə yeni seçkilərin təyin olunması məsələsinə baxa bilər.
Bu barədə Lent.az-a açıqlamasında MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. O bildirib ki, qanunvericiliyə əsasən, parlamentdə boşalan 3 deputat yerinə yeni seçkilər təyin olunmalıdır və MSK növbəti iclaslarından birində bu məsələni müzakirəyə çıxara bilər: “Bu həftəyə qədər parlamentdə artıq 2 deputat yeri boş idi. Ancaq araya prezident seçkiləri girdiyi üçün bu il MSK həmin məsələni müzakirəyə çıxarmağa imkan tapmadı. Bu həftə isə Milli Məclisdə boşalan deputatlar yerlərinin sayı 3-ə çıxdı. MSK kollegial orqan olduğu üçün mən bu barədə dəqiq məlumat verə bilmərəm, ancaq komissiyanın növbəti iclaslarında bu məsələ gündəmə çıxarıla bilər”.
Qeyd edək ki, bu həftə Yeni Azərbaycan Partiyasının icra aparatının rəhbəri, deputat Əli Əhmədov baş nazirin müavini təyin edildiyi üçün onun deputat mandatı avtomatik ləğv edilib. Bu ilin əvvəllərində isə sabiq deputat Gülər Əhmədova həbsindən öncə deputat mandatından imtina etmiş, digər millət vəkili Hikmət Atayev isə yol qəzasında dünyasını dəyişmişdi.