Xalqın, millətin taleyində, formalaşmasında, onun yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu danılmazdır. Bir tərəfdən, siyasi sistemdə baş verən dəyişikliklər, digər tərəfdən cəmiyyət həyatında baş verən siyasi proseslər siyasi hakimiyyətin formalaşmasında və fəaliyyətində siyasi liderin şəxsiyyətinin rolunu vacib edir. Siyasi liderliyin böyüklüyü də zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək, milli maraqları bu zəminə keçirmək bacarığı ilə ölçülür.
Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi.
Bu baxımdan, Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin ümummilli siyasi lider fenomeni kimi geniş təhlil olunmasını aşağıdakı amillərə görə aktual qiymətləndirmək olar:
1. Liderlik fenomeni hər bir cəmiyyətin inkişafının əsas qarantı rolunda çıxış edir;
2. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, xalqımızın nəinki bugünü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir;
3. Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə ölkəmizin hüdudlarından çox-çox kənara çıxaraq öz zəngin məna tutumu ilə bəşəri zirvəyə yüksəlmiş, ən müxtəlif səviyyəli tədqiqatçıların diqqət mərkəzində olmuşdur;
4. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də məhz Azərbaycanın tarixi keçmişini bərpa etməsi, millli-mənəvi irsimizin dəyərlərini özümüzə qaytarması, milli adət-ənənlərimizi yaşatmasıdır;
5. Azərbaycanın müstəqillik illərində qazandığı bütün uğurları məhz Heydər Əliyev zəkasının məhsulu kimi onun müdrik rəhbərliyi altında olmuşdur.
Bu amilləri ümumiləşdirərək qeyd etmək olar ki, Azərbaycan gerçəkliyində tələb olunan siyasi lider fenomeni məhz Ulu öndər Heydər Əliyev şəxsiyyətində ən yüksək zirvəyə çatdı. O, müdrik lider, millətinin parlaq gələcəyi naminə çalışan bir rəhbər kimi Azərbaycanda yeni tipli strateji inkişafın əsasını qoydu. Bu gün Azərbaycan həmin strategiya üzərində uğurla irəliləyir.
Nailə Məmmədova
Azerbaijan Realities