“Biz özümüzə, Gürcüstan dövlətinə arxalanmalıyıq”
Mahir Dərziyev 1957-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, uzun illər Azərbaycanda və Gürcüstanda pedaqoji fəaliyyətlə məşğul olub. «Gürcü Arzusu» Koalisiyasının partiya siyahısı üzrə Marneuli rayonundan Gürcüstan parlamentinə deputat seçilib. Hazırda Gürcüstan parlamentinin 3 azərbaycanlı deputatından biridir.
- Mahir müəllim, Gürcüstanda azərbaycanlılar gürcülərdən sonra sayca ikinci nüfuzu təşkil edir. Burada azərbaycanlıların təşkilatlanma işləri hansı səviyyədədir?
- Biz diaspora deyilik, burada aborigen xalqıq. Hər 10 nəfər Gürcüstan vətəndaşından 1-i Azərbaycan kökənlidir. Tarixdən bəri bizim xalqımız Gürcüstan dövlətinin sədaqətli vətəndaşları olublar. Hələ Qriqori döyüşündən üzübəri xalqımız Gürcüstanın bütün ağır günlərində bu ölkəyə sadiq təbəələr olublar. Elə sonuncunu deyim ki, 1992-ci ildə Əkbər Hümbətov Abxaziyadakı döyüşlər vaxtı həlak oldu. Ancaq bütün bunlara baxmayaraq, çox təəssüflə deməliyəm ki, burada azərbaycanlıların təşkilatlanması çox aşağı səviyyədədir. Son seçkilər irəliyə doğru böyük addım hesab olunsa da, yenə fəallığımız azdır. Heç bir iqtidar bizim problemləri həll eləyib gətirib nimçədə qarşımıza qoyası deyil. Bunun üçün özümüz fəallaşmalıyıq, təşkilatlanmalıyıq. Bu baxımdan, problemlərimizin çoxu ictimai-siyasi fəallığımızın zəifliyi ilə bağlıdır. Torpaq problemi, kənd adları, ana dilinin tədrisinin zəif olmasıyla bağlı problemlərin olduğunu deyiriksə, bunların da hamısı yenə ictimai-siyasi fəallığın aşağı olmasından doğur.
- Sizcə, səbəb nədi?
- Mən təhsillə bağlı problemi əsas səbəb kimi görürəm. Məsələn, Gürcüstanın çox mütərəqqi bir təhsil qanunu var, özü də ana dilində təhsili tanıyır. Bəzən Azərbaycanda yaşayan soydaşlarımız deyirlər ki, Gürcüstanda ana dilində təhsilin qarşısı alınır, bunlar doğru deyil. Sadəcə, forma var, məzmun yoxdur. İndiki iqtidarın dövründə məktəblərdə qəyyumlar şurası var, onlara böyük səlahiyyətlər verilib. Ancaq o səlahiyyətlərin heç birindən istifadə olunmur. Məsələn, ana dilinin tədrisində fakültativ imkanlar, hətta islamın tədrisi də mümkündür. Ancaq istifadə eləyə bilmirik. Çünki insanlarımız qanunları bilmirlər. İnanın, seçicilərimizin əksəriyyəti seçki bülletenindən adları oxuya bilmir, burada hara nə qeyd olunmasından xəbəri yoxdur. Nəticədə də insanlarımız cəmiyyətə inteqrasiya oluna bilmirlər. Təsəvvür eləyin ki, Gürcüstan azərbaycanlıları ölkələrində nəyin baş verdiyini öyrənmək üçün Bakı televiziyalarına baxırlar. Belə problemlər var. Etiraf edək ki, zaman-zaman gürcü iqtidarları da azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya olunmasına maneçilik törədiblər. Gürcüstan iqtidarında ayrı-ayrı adamlar erməni əsilli məmurlar olublar, olacaqlar da, bunu açıq demək lazımdı. Bəli, bu qüvvələr Gürcüstanın sadiq, zəhmətkeş insanlarının – azərbaycanlıların inteqrasiyana mane olublar. İnteqrasiya ancaq deklarasiya şəklində olub. Bunun da nəticəsi olaraq, məsələn, Sovet dövründə 1940-cı ildə azərbaycanlıların köçürülməsiylə bağlı plan olub. 50-ci illərdə də bizləri assimilyasiya eləməyə çalışdılar, ancaq bu da uğursuzluqla nəticələndi. Təbii ki, bunların gürcü xalqına qətiyyən dəxli yoxdur, bunları eləyənlər ayrı-ayrı dövrlərdə gürcü iqtidarları olublar. Çünki bizim gürcü xalqıyla heç vaxt problemimiz olmayıb, ola da bilməz. Saakaşvili dövründə də xalqına güvənən, iddialı, xalqının mənafeyinə qulluq eləyən, ağıllı adamlarımızı buradan uzaqlaşdırmağa çalışdılar, buna da müəyyən qədər nail oldular. Bax, zəiflik bundan qaynaqlanır.
- Çıxış yolunu nədə görürsünüz?
- Mən hesab edirəm ki, biz birinci növbədə özümüzə, Gürcüstan dövlətinə arxalanmalıyıq. Təbii ki, bunlarla belə, Azərbaycandan da gözləntilərimiz var. Baxın, Azərbaycan Gürcüstana milyardlarla sərmayə qoyub. Əlbəttə, bunun birinci qarantı Azərbaycanla Gürcüstan arasında olan strateji əməkdaşlıq, yüksək səviyyəli dostluq, qardaşlıq münasibətləridir. Bundan sonra isə bunun qarantı həm də burada yaşayan soydaşlarımızdır. Hesab edirəm, bunu Azərbaycanda da başa düşürlər. Bizim burada uğur qazanmağımız üçün birinci növbədə təhsil səviyyəmiz yüksəlməlidir. Etiraf eləmək lazımdır ki, burada məktəblərimiz bərbad vəziyyətdədir. Biz təkcə Gürcüstanın vasitəsilə, Gürcüstanın imkanları hesabına bu təhsil səviyyəsini yüksəldə bilmərik. Bu təhsildə bizə Azərbaycanın yardımına böyük ehtiyacımız var. Saakaşvili bir Sinqapur modelindən söhbət açırdı. Bu model ondan ibarət idi ki, Sinqapur xarici dövlətlərdən kreditlər alaraq, bunları zavodlara, fabriklərə yox, tətbiqi sahələrdə təhsilə, yeni kadrların yetişməsinə qoydu. İndi bizim məktəblər var, ancaq təhsil tək məktəb binası, divar, sinif otağıyla məhdudlaşmır. Bu otaqlar boşdur, müəllimlərimizin 90 faizi yaşlıdır, təqaüd vaxtlarıdır. Bəs onlar gedəndən sonra kimlər dərs deyəcək? Yəni, təhsilimizdə çox ciddi şəkildə kadr, dərslik problemi var. Bəlalarımızın kökündə məhz bu kimi məsələlər dayanır. Torpaq məsələsi kimi problemlər həll olunacaq, ancaq təhsildə itirdiklərimizi 2-3 ilə çətin düzəldə biləcəyik.
- Azərbaycandan gözləntilər nədir?
- Haqqı itirmək böyük günahdır. Bəli, Azərbaycan bu gün burada böyük işlər görür, görməkdə də davam edir. Ancaq bu məsələnin həllinə mükəmməl halda kompleks şəkildə, konsepsiya ilə yanaşmaq lazımdır. Yəni, bu konsepsiya həm təhsili, həm iş yerini, həm də azərbaycanlıların qeyri-hökumət sektoruna inteqrasiyasını birgə nəzərdə tutmalıdır, problemlərin həllini tamlığı ilə ehtiva eləməlidir. Amma ən ağrılı yerimiz məktəblərdir, təhsildir. Məsələn, Azərbaycan dilli universitetin açılması burada təhsilin səviyyəsinə nə qədər böyük təkan olardı.
- Burada dostlar dedilər ki, 120 min erməninin burada 4-5 telekanalı var, radioları var, ancaq yarım milyon azərbaycanlının bir dənə də olsun, telekanalı yoxdur…
- Şahismayıl Şahməmmədoğlu burada bir televiziya açıb, internetdə var, adı da «DalğaTV»dir. Bir dəfə mənim də yanıma gəlmişdi, yardım istəyirdi. Baxın, lisenziya da alıb, hər şeyi hazırdı, studiya da yaradıb, cavan kadrlardan yanına işə də götürüb. Siz bilirsiniz, başqa yerlərdə televiziya açmaq, lisenziya almaq necə çətin məsələdir, çətin prosedurdu. Ancaq burada bunu eləyiblər. Bizə nə qalır? Bu televiziyaya yardım eləmək. İndi bu adam bu işi görüb, ona artıq maliyyə yardımı lazımdır ki, iş inkişaf eləsin. Bu televiziya bizim televiziya olacaq, azərbaycanlıların. Həm Azərbaycanda, həm də Rusiyada Gürcüstan əsilli çoxlu azərbaycanlılarımız var, gərək onlar da düşünsünlər, buraya daha çox diqqət eləsinlər. Qardaş, qoy onlar gəlsinlər bu ölkəyə siyasətdən uzaq vəsait qoysunlar, iş yerləri açsınlar, xeyriyyəçilik eləsinlər, biz də deyək «sağ olun». Elələri var, sağ olsunlar, məsələn, Darvaz kəndindən Ziyafət Abbasov, İsmayıl Ömərovun özü müxtəlif sahələrdə burada xeyli işlər görürlər. Ancaq gərək bu işə daha çox insanlar qoşulsunlar.
- Elə burada bizə yaxşı münasibət bəsləyən gürcü ziyalılarının da imkanlarından istifadə eləmək olar…
- Əlbəttə, belələri çoxdur. Məsələn, Temur Basialaşvili var, professor, elmlər doktorudur, Gürcüstan İncəsənət və Humanitar Akademiyasının prezidentidir. Keçən dəfə «Dolu» filminin təqdimatını təşkil elədi. Belə adamlar çoxdur və onların pozitiv meyllərini artırmaq lazımdır. Saakaşvili indiyə qədər ancaq zahirdən danışırdı, daxildə isə nə iş yeri varıydı, nə də demokratiya. Bu baxımdan, açıq şəkildə deyirəm ki, biz yardıma möhtacıq. Qoy, bunu Azərbaycandakı qardaşlarımız da bilsinlər.
- Bəlkə, siz özünüz, məsələn, Gürcüstanın azərbaycanlı ziyalıları, deputatlar, bir müraciət hazırlayasınız, Azərbaycan ictimaiyyətinə ünvanlayasınız?
- (Gülür). Yadıma bir Borçalı lətifəsi düşdü. Günlərin birində bir nəfər çiynində yəhər yorğun-yorğun gedirmiş. Kənddən keçəndə başqa bir adam deyir ki, sən niyə yəhəri almısan çiyninə, bəs atın hanı? Kişi cavab verir ki, atım ölüb, indi də yolum Qarsadır. Həmin adam deyir, yolun uzaqdı, bax, o ağacın altında oturan, məşhur bəydi, ilxı-ilxı atları var, get ondan bir at istə, versin, yoluna davam elə. Atı ölən kişi cavab verir: «Vallah, bayaq elə onun yanından keçdim, məni də bu zülmdə gördü, verən olsaydı, verərdi» (Gülür). İndi bunu deməyə nə ehtiyac var ki, hamısı görür, bilir. Yenə deyirəm, haqq itirmək olmaz, sadəcə, istəyirik ki, bu iş daha sistemli, daha güclü olsun. Şükür Allaha, Azərbaycan bu gün qüdrətli bir dövlətdi, biz də deyirik bunu uyğun şəkildə Gürcüstanda da işlər aparılsın, soydaşlarımızın burada mövqeləri güclənsin, gürcü cəmiyyətində özlərinə layiq yer tutsunlar.